Özünü “İslam Dövləti” adlandıran qrupun nəzarətində olan yerlərdə Qərb mediası ilə danışmağın cəzası boynun vurulmasıdır. Odur ki, özünü “xilafət” elan etmiş İD-in paytaxtı Raqqadakı həyatın gündəliyini tərtib etmək Məhəmməddən böyük səy və cəsarət tələb edib.
Dost və qohumlarının ekstremistlər tərəfindən qəssabsayağı şaqqalanmasının, icmasının dağıdılmasının və yerli iqtisadiyyatın xaraba qoyulmasının şahidi olmuş Məhəmməd (əsl adı deyil) hesab edir ki, sevimli şəhərinin başına gətirilənlər barədə BBC-yə danışmaqla onlara cavab vermiş olur.
1. İD-in sevimli şəhərimə daxil olduğu gün
Hava zərbələrindən sonra Məhəmməd atasının həlak olmasından, anasının isə ağır vəziyyətdə xəstəxanaya aparılmasından xəbər tutur. Küçələrdə icra edilən boyunvurma edamlarına lənət yağdırdığına görə onun özünü 40 şallağa məhkum edirlər. (Bir çox ərəblər kimi Məhəmməd də İD-i Daeş adlandırır).
2. Küçələrdə meydan sulayan silahlılar casus axtarırlar
Məhəmmədi şallaqlayıblar. O, İD-in (O “Daeş” adlandırır) vergi adı ilə pul qoparmasının və yol kənarında qurşağadək torpağa basdırılmış bir gənc qadının daşlanaraq öldürülməsinin şahidi olur.
3. Xəyal qurmağı tərgidib, sağ qalmağa çalışmalıyam
Bir qonşunun evi bombalanıb. İD mağazalara televizor satmağı qadağan edib. Məhəmməd ailəsi üçün güclə ərzaq əldə etməyə çalışır.
4. Şəriət dərsini buraxdığı üçün ölüm cəzası
Küçələrdə namaz yoxlanışı keçirilir. Bir kişini şalvarının uzunluğuna görə məcburi şəriət dərsinə göndərirlər. Məhəmmədə məsləhət verirlər ki, bu günü unudub sabah haqqında fikirləşsin.
5. Mən bir kişinin çarmıxa çəkilməsinin və başının kəsilməsinin şahidi oluram
Üstünə ağır vergi qoyulmuş ərzaq mallarını dükanlarda toz basıb. Məhəmməd həbs edilmiş bir dostunun anasına təskinlik verməyə çalışır. Həmin dostunun başı kəsilmiş bədəni anasının evinin yanında tapılandan sonra Məhəmməd Raqqanı tərk etmək qərarına gəlir. Bu gündəliyin tərtibatı zamanı BBC Radio 4-dən olan prodüserim və mən Məhəmmədlə əlaqə yarada bilmədik. Beynimizdə həyəcan zəngi çalınırdı.
Bəzən onun vəziyyəti və işi davam etdirməyə qabil olub-olmaması barədə suallarımıza beş-altı gün cavab ala bilmirdik. Bir gün bizə Türkiyədə gizlənən iki Raqqa fəalının qətlə yetirildikləri barədə xəbər gəlmişdi. Suriya sərhədini keçdikdən sonra onlar elə zənn etmişdilər ki, daha təhlükədən uzaqdırlar. Lakin onların başları kəsilmiş bədənləri tapılmışdı. Bu qətllər üçün məsuliyyəti sonradan İD öz üzrinə götürmüşdü.
Xoşbəxtlikdən iki gün sonra gündəlikçimizlə əlaqə yarada bildik və eşitdik ki, o Raqqada sağ-salamatdır. Lakin azı səkkiz anti-İD fəalı, əksəriyyəti Suriya ərazisində olmaqla, öldürülmüşdü. İD? iki il əvvəl Raqqanı nəzarətə götürəndən bəri şəhər ətraf dünyadan getdikcə daha çox təcrid olunub. Mülkilərə şəhəri tərk etmək, beynəlxalq telekanallara baxmaq və İD-in düşməni sayıla biləcək kiminləsə telefonla danışmaq icazəsi verilmir.
Gündəlikçimizin həyatını riskə atmamaq üçün biz onun adını dəyişmişik və yazdıqlarından onu ələ verə biləcək nə varsa, hamısını silmişik. Gündəliyin başqa hissələrindəki bəzi parçaları da eyni məqsədlə dəyişmişik. Lakin Məhəmməd və onun başqa fəal yoldaşları kimi səsini ucaltmaq istəyən hər bir şəxsi tamamilə qorumaq mümkün deyildir. Onun cəsarətli və qiymətli gündəliyi İD-in bədnam paytaxtındakı gündəlik həyat barədə bütün dünyaya işıqucu verir. (BBC azeri)