“The Economist” məcmuəsi yazır ki, İranın təkrarən Qərbə açılımı ölkə daxilində gedən dəhşətli repressiyalara son qoymayıb.
BMT-nin İnsan Haqları Şurasının hesabatında deyilir ki, 2015-ci ildə İranda 966 edam icra edilib.
“The Economist” yazır ki, bu, bütün dünyada ən yüksək göstəricilərdən biri olmaqla yanaşı, Tehranın 2014-cü ildə icra etdiyi 750 edamdan, demək olar sıçrayışlı artımdır. Məqalədə deyilir ki, bir sıra mənbələr elə 2014-cü ildə də edamların həqiqi sayının minə yaxın olduğunu bildirirlər. İranda yeniyetmələrin də edam edilməsi adi hala çevrilib. Son iki ildə İranda ən azı 16 yeniyetmənin asılaraq edam edildiyi xəbər verilir. Yaşı 18-dən yuxarı edam olunmuş gənclərin sayı isə 160 olaraq göstərilir. Hesabatda deyilir ki, İranda cismani və ağrılı cəzalar hələ də geniş tətbiq olunur. Bura əl və ayaq ətraflarının kəsilməsi, şallaqlama, daşqalaq etmə və hətta göz çıxartma daxildir. BMT bildirir ki, bu edamların ən azı 47-si ictimaiyyətin gözü qarşısında icra olunub. Hesabatda deyilir ki, İranda dini və etnik azlıqlara qarşı qəddarlığın azalması da müşahidə olunmur.
30 qrama görə
İranın hakimiyyət orqanları israr edirlər ki, edam cəzaları əksərən narkotik maddə qaçaqmalçılığı ilə bağlı olaraq verilir.
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şahidsə deyir ki, edam hökmləri bəzən hətta 30 qram amfetaminə görə də verilə bilər. Məruzəçi bunu da vurğulayır ki, edam olunanların böyük qismi hüquqi müdafiə ilə təmin edilməyən əcnəbilərdir. Hesabatda deyilir ki, barələrində ölüm hökmü çıxarılmış şəxslərin 1200-ü əfqanlardır. Bu da qeyd olunur ki, İranda icra edilmiş cəzalardan azı beşi əl və ayaqların amputasiyası olub. Bir halda isə cəza kimi bir nəfərin sol gözü çıxarılıb və sağ qulağı kəsilib. Hesabatda deyilir ki, qisas adlanan bu kimi cəzalar zərərçəkənin tələbi ilə verilə bilər. Üstəlik cinayət qanununa bu düzəliş 2013-cü ildə edilib.
Müqəddəslərə sataşmaq
İranda hazırda azı 47 jurnalistin və sosial media fəalının dəmir barmaqlıqlar arxasında olduğu xəbər verilir. Şair Mehdi Musəvi “müqəddəslərə sataşmaq” ittihamı ilə 99 şallağa və 11 il həbsxana cəzasına məhkum edilib. 2015-ci ildə bütün ölkə boyunca 272 internet kafenin bağlandığı da xəbər verilib. İranda dini inanclarına görə təqib olunanların arasında birincilik bəhailərə məxsusdur. Ötən ilin sonlarına olan məlumata görə İran həbsxanalarında 80-dək bəhai vardı.
Yol polisi və hicab
BMT-nin hesabatındakı ən maraqlı məlumatlardan biri də yol polisinə aiddir.
Xəbər verilir ki, İranın yol polisi ötən il ərzində hicabı düzgün geyinməyən qadın sürücülərlə bağlı 40 min cinayət işi açıb. Hesabatda bu da qeyd olunur ki, İran parlamenti üzvlərinin yalnız 3 faizi qadınlardır və ölkənin ali orqanları olan Üləmalar və Nəzarət şuralarında qadınlar, ümumiyyətlə, təmsil olunmayıblar. Qızların 13 yaşından ərə verilməsi qanun şəklində təsbit edilib.
“The Economist” yazır ki, cənab Şahid İranda yenicə seçilmiş daha mötədil parlamentin vəziyyəti yaxşılaşdıracağına inanır. (BBC azeri)