İtaliyanın sabiq baş naziri Silvio Berluskoni “Milan” klubunu satmaq niyyətindədir.
Lent.az-ın “Il Quotidiano”ya istinadən verdiyi məlumata görə, Berluskoni daha klubun inkişafına pul xərcləmək istəmir.
Onda belə fikrin yaranmasına “Milan”ın çətin maliyyə durumu səbəb olub. Bəzi qiymətləndirmələrə əsasən, klubun 75 – 110 milyon avro borcu var. Problemlərin bir hissəsi İtaliyada mövcud olan sərt vergi qanunvericiliyi ilə bağlıdır.
Potensial alıcılar qismində Berluskoninin rusiyalı dostları və ərəb şeyxlərinin adı çəkilir. O cümlədən, Rusiyanın “Qazprom” şirkətinin belə bir niyyətdə olduğu barədə xəbərlər yayılıb. Lakin şirkət bu məlumatı rəsmən təkzib edib.
Qeyd edək ki, hazırda “Milan” İtaliya A seriyasında 18 oyundan 37 xalla 2-ci pillədə qərarlaşıb. “Rossonyerlər” Çempionlar Liqasında da mübarizəni davam etdirirlər. 1/8 finalda baş məşqçi Massimiliano Alleqrinin komandasının rəqibi İngiltərə “Arsenal”ı olacaq.