Haker gəldi, bəs “Lazım” gəlsə, nə edəcəyik?

“Azadlıq” qəzetinin yubileyində işıqları söndürən hakimiyyət cəmi 20 gündən sonra daha dəhşətli aqibət yaşadı. Prezidentin də saytı daxil olmaqla, demək olar, ən strateji saytlar amansız şəkildə hak edildi. 

“Belə hökumətin saytını da dağıdarlar, hələ o yana da keçərlər” şüarı altında yadelli hakerlər, hakimiyyətin virtual dünyasını darmadağın etdilər…
Bu haqda yetərincə yazıldığından, bu məsələ haqda geniş polemikaya ehtiyac görmürəm, lakin oxşar halların həyatımızın digər sahələrində tez-tez rastlanması acı həqiqətdir və bunu etiraf etməliyik.
…Bu hücumla əlaqədar iqtidar cəbhəsində sanki bir çaşqınlıq yarandı. Hakimiyyəti hər fürsətdə yerə-göyə sığdırmayan məddahlar qeybə çəkilərək qısamüddətli “taym – aut” götürdülər. Yəqin ki, özlərinə gələn kimi yenidən televiziya ekranlarını və mətbuat səhifələrini zəbt edəcəklər və “inkişafı görməyən gözlər kor olsun”, “analoqu olmayan dövlət”, “ulu öndərin layiqli varisi” kimi “kriçalkalar”ı ilə meydan sulayacaqlar. Hələlik sakitçilikdi, onlar da təşvişlə, ölkədəki və xaricdəki qeyri-virtual əmlaklarının qayğısına qalmaqla məşğuldular. Əslində onların əksəriyyətinin kompyuter arxasında oturmaqlarını təsəvvür etməyin özü bir mistikadır, məsələn, mən şəxsən “Neftçi”nin “Barselona”nı məğlub etməyini xəyalımda canlandıra bilərəm, amma Mübariz Qurbanlı ilə Hacıbala Abutalıbovun monitor arxasında əyləşib dünyada baş verənləri izləmələrini fantaziyama belə sığdırmaqda çətinlik çəkirəm. Bu qəbildən olan iqtidar rəsmiləri böyük ruh yüksəkliyi ilə qarşıdan gələn Gül bayramına hazırlaşırlar. Elə M.Qurbanlı özü, hələlik bu haker müdaxiləsini şərh edən (?) yeganə iqtidar rəsmisi kimi dedi ki, narahatçılığa əsas yoxdur, olur belə şeylər…
Cəmiyyətimiz isə narahatdır, “regionun qüdrətli dövlətinin” gücünü əyani olaraq gördü. Strateji cəhətdən çox önəmli mənbələrimiz asanlıqla zəbt edilirsə, digər sahələrdə vəziyyət görəsən necədir? Burada da şəxsi mənfəətlər önə keçir? Ümumiyyətlə, ekstremal situasiyalarda, bizi nələr gözləyir?..
Yadınızda olar yəqin, quş qripi deyilən o məchul təhlükə zamanı yaşadıqlarımız… Insanların həyatı üçün zərurətə çevrilmiş adi respirator maxinasiyası… Dərhal süni qıtlıq yarandı, sonra qiymətlər tavana qalxdı və bir neçə gün ərzində bu fırıldaqdan böyük pul qazananlar oldu…
…Sonra Kür çayının daşması zamanı hökumətin buna hazır olmadığını gördük, dövlətin “müdaxilə”si heç olmasa bir kəndi belə fəlakətdən xilas edə bilmədi. Əvəzində, “Kür qaçqınları” deyilən sosial təbəqənin yaranmasının şahidi olduq. Bu fəlakət bir qrup məmurun varlanması ilə nəticələndi. Yüzlərlə ailə hələ də dövlətdən heç bir yardım ala bilməyib…
Bir neçə ildir ki, daha bir ekstremal vəziyyət yaranıb, ölkədə mənzil fırıldağı baş alıb gedir, hakimiyyətin cavabdeh məmurları isə bu fəlakətdən də faydalanmağı bacardılar. Öz halal mənzillərini tələb edən qəzəblənmiş vətəndaşları dubinka və digər üsullarla “ram edən” müvafiq strukturları bunun müqabilində bəzi cavabdehlər “mükafatlandırdılar”. Bu kadrları necə seçib, necə təlimatlandırırlar, ümumiyyətlə, hardan tapırlar, maraqlıdır, deyilmi?..
…Bu yaxınlarda rayonumuza icra başçısı təyin edilmə ehtimalı yüksək olan məmurun kimliyini öyrənəndə iqtidarın seleksiya siyasətinə “heyran” qaldım….
Hazırda da yetərincə mühüm post tutan bu insanla mən sovet dövrü pioner düşərgəsində bir dəstədə olmuşam. Mənə təhkim olunan şahmat dəstindən hər gün bir fiquru “itirirdi” və bunu həmişə həmin adam “tapırdı”. Sonra həmin fiquru mənə 50 qəpiyə satırdı. Bir gün pulum qurtardı, yaşca da məndən böyük olduğu üçün fiquru ondan ala bimədim. Məsələni öyrənən dəstə rəhbəri onu tənbeh etdi və başqa dəstəyə keçirdi. Daha fiqurlar “itmirdi”. O isə nahar vaxtları mənə sataşmaqla təskinlik tapırdı və beləcə, uşaqlıq illərimin xatirəsi kimi yaddaşıma həkk olundu…
Maraq xatirinə, həmkəndlilərindən, rayon əhalisindən onu soruşdum və bu qənaətə gəldim ki, sən demə, pioner düşərgəsində bu adam ən məsum(!) dövrünü yaşayırmış…
Bu cür insanlar üçün var-dövlətdən müqəddəs heç nə yoxdur.
…”Lazım gələrsə, qısa müddətdə torpaqlarımızı işğaldan azad edərik”. Etiraf edək ki, 18 ildir xalq bu ifadənin, Qarabağ isə ermənilərin girovuna çevrilib. Bu ifadənin arxasında duran eyhamlar, 18 ildir ki, xalqa səfalət, iqtidara var-dövlət gətirir. “Təhlükəsizliyimiz etibarlı əllərdədir” deyənlərin virtual məğlubiyyətlə bağlı nə deyəcəklərini bilmirəm, amma orası dəqiqdir ki, hamının bir arzusu var: “LAZIM” hələ gəlməsin!..