İctimai Palata hakimiyyəti Fransaya susqun münasibətə görə tənqid atəşinə tutdu
Ictimai Palatanın (IP) dünən keçirdiyi dəyirmi masa aktual problemə həsr edilmişdi – Fransa Senatının demokratiya, Azərbaycan-Türkiyə münasibətlərinin isə qardaşlıq sınağı… Iştirakçılar mövzunun müzakirəsindən əvvəl Türk dünyası üçün ciddi itki sayılan Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş prezidenti Rauf Denktaşın xatirəsini sayğı duruşu ilə yad etdilər.
Söz azadlığına qəsd
Tədbirin mövzusuyla bağlı çıxışında Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər bildirdi ki, qondarma erməni soyqırımı ilə bağlı Fransa Milli Assambleyasının qəbul etdiyi qanun layihəsi Azərbaycan cəmiyyətində də ciddi etirazlara səbəb olub. Müxtəlif partiyalar və Ictimai Palata olaya münasibət bildirib: “Bəyan etdik ki, həqiqətləri təhrif etmək yolverilməzdir. Olmamış bir şeyi olmuş kimi təqdim etmək heç kimə yaraşmaz. Ikincisi, diqqəti söz azadlığı məsələsinə cəlb etdik. Göstərdik ki, tarixi hadisələr haqqında qanun səviyyəsində qərar qəbul edilməsi və həmin hadisələrlə bağlı diskussiyaların faktiki qadağan edilməsi, fərqli fikirlərin yasaqlanması əslində, söz azadlığına qarşı yönəlmiş bir addımdır. Xüsusən də qeyd etdik ki, demokratiyanın beşiyi sayılan ölkələrdən birində belə bir addımın atılması Azərbaycanda da hər zaman hörmətlə qəbul edilən Fransa mədəniyyətinə, dövlətinə yaraşmayan bir addım olar”.
“Arxayınlaşmaq olmaz”
Isa Qəmbər qeyd edib ki, bu proseslər təkcə Türkiyəyə qarşı deyil, bütövlükdə Türk dünyasının əleyhinə yönəlmiş bir hadisədir. Baş verənlər Azərbaycanın timsalında əraziləri işğal olunmuş bir ölkənin maraqlarının daha da təhlükə altına düşməsi deməkdir: “Ona görə də biz bu məsələyə qəti etirazımızı bildirmişik və təkliflərimizi də səsləndirmişik. Azərbaycanın bu məsələyə ən sərt şəkildə münasibət bildirməsini məqsədəuyğun hesab etdik. Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının təcili toplanıb, vəziyyəti dəyərləndirib birlikdə qərarlar verməsinin zəruri olduğunu vurğuladıq. Bu gün isə bəyanat layihəsi hazırlanıb. Dəyirmi Masada irəli sürülən təklifləri və fikirləri nəzərə almaqla həmin bəyanat Ictimai Palatanın adından qəbul ediləcək”.
Müsavat başqanı Fransa Senatının Konstitusiya Komissiyasında sözügedən qanun layihəsilə bağlı mənfi qərarın çıxarılmasını müsbət hal kimi vurğuladı: “Düzgün qərar qəbul ediblər ki, belə bir qanunun qəbulu Fransa Konstitusiyasına ziddir. Amma arxayınlaşmaq olmaz. Çünki müəyyən qüvvələr bu qanunun qəbulu üçün səylərini davam etdirirlər. Biz bəyan etməliyik ki, bu qanun qəbul ediləcəyi təqdirdə Azərbaycanın addımları nədən ibarət ola bilər. Bu mesajımız aydın şəkildə həm qardaş Türkiyəyə, həm də Fransa siyasətçilərinə çatdırılmalıdır. Bugünkü tədbirdə məqsədimiz budur”.
“Səsvermə ilə tarix yazılmaz”
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxışında bildirdi ki, Fransa Milli Assambleyasının qəbul etdiyi “erməni soyqırımı” haqda qanun layihəsi ilk növbədə Avropanın özünün dəyər və prinsiplərinə, dünyaya demokratiya örnəyi gətirmiş Fransanın siyasi mədəniyyətinə və keçmişinə ziddir: “Bu layihə həqiqətlərin yox, yalan və saxtakarlığın üzərində bərqərar olub və tarixin saxtalaşdırılmasına xidmət edir. Parlamentdə deputatlar səsvermə ilə tarix yaza bilməzlər. Hətta bu, tarixi yazmaq cəhdləri də saxtakarlığa söykənib. Hesab edirəm ki, Fransanın, Avropanın mütərəqqi qüvvələri Avropa konvensiyalarına, ifadə azadlığına zidd olan bu layihənin qarşısını almağa çalışmalıdırlar.
Bu qanun Azərbaycanın maraqlarına da ziddir
Bu layihə əlbəttə ki, Türkiyəyə qarşı atılan addımdır və məhz bu məqama görə Azərbaycanın da maraqlarına ziddir. Türkiyəyə qarşı irəli sürülmüş hər hansı layihə Azərbaycanı da hədəfə almış olur. Türkiyəni düşmən bilən hər hansı hərəkat bizi də avtomatik olaraq özünə düşmən bilir. Bu layihə qanuna çevriləcəksə, Azərbaycanı da vuracaq. Birincisi, bu qanun qəbul olunacağı təqdirdə azərbaycanlılara qarşı zaman-zaman soyqırım törətmiş, 10 minlərlə günahsız azərbaycanlını qətlə yetirmiş, torpaqlarımızın 20 faizini bu gün də işğal altında saxlayan, Xocalı soyqırımını həyata keçirmiş bir düşmən dünyaya təcavüzkar kimi yox, qurban, zərərçəkmiş kimi təqdim olunacaq. Bu, Azərbaycanın maraqlarına zidd deyilsə, bəs kimin maraqlarına ziddir?! Ikincisi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Əgər sülh yaratmaq istəyən vasitəçi bu qədər qərəzli olduğunu ortaya qoyacaqsa, o, necə ədalətli sülh yarada bilər? Fransa bizim inteqrasiya olunmaq istədiyimiz Avropanın mühüm dövlətlərindən biridir. Əgər orada olmayan soyqırımın inkarına görə cəza nəzərdə tutulacaqsa, bizim Fransa ilə indiki və gələcəkdə siyasi, iqtisadi, mədəni əlaqələrimiz necə inkişaf edə bilər? Ona görə də biz aydın şəkildə bilməliyik ki, bu qanun həm Azərbaycanın əlahiddə götürülmüş milli maraqlarına, həm də qardaş Türkiyənin maraqlarına ziddir”.
“Milli maraqlarımızı satırlar”
AXCP sədri hakimiyyəti milli maraqları deyil, sülalə maraqlarını güddüyünə görə sərt tənqid etdi: “Təəssüf ki, bu, birinci hal deyil. Azərbaycan dövlətini rəsmi təmsil eləyənlər növbəti dəfə sübut elədilər ki, xalqın maraqlarına uyğun fəaliyyət göstərmirlər, ictimai rəyi, xalqın gerçək maraqlarını öz fəaliyyətlərində əsas götürmürlər. Onların bircə marağı, bu da ailə hakimiyyətini necə qoruyub saxlamaqdan ibarətdir. Ailə hakimiyyətinə haradan azacıq dəstək varsa, bu, kifayət edir ki, həmin dəstəyin müqabilində Azərbaycanın da, Türkiyənin də milli maraqları satılsın. Növbəti dəfə Azərbaycan hakimiyyəti elə davrandı ki, sanki bütün bu məsələlərin Azərbaycana aidiyyəti yoxdur”.
Artıq Türkiyədə də bilirlər ki…
Əli Kərimli, Azərbaycan hakimiyyətindən fərqli olaraq, cəmiyyətin və Ictimai Palatanın sözügedən məsələyə münasibətini təqdir etdi: “Ictimai Palatanın, Azərbaycanın demokratik qüvvələrinin prinsipial mövqeyi olmasaydı, Türkiyənin incikliyi, irad və tənqidləri təkcə Azərbaycanın hakimiyyətinə yox, Azərbaycan xalqına da yönələrdi. Türkiyədə fərqindədirlər ki, Azərbaycan xalqı Əliyevlər kimi düşünmür. Türkiyə bilməlidir ki, hakimiyyətin mövqesizliyi Azərbaycan xalqının iradəsi deyil, bu, sülalə hakimiyyətinin mövqeyidir. Nə qədər ki, Azərbaycanda hakimiyyətdə xalqın seçdiyi insanlar yox, iqtidarı zəbt eləyənlər olacaq, Türkiyənin mənafeləri heç zaman nəzərə alınmayacaq. Bu insanlar yalnız kürsü maraqlarını düşünürlər”.
Pənah Hüseyndən konfederasiya təklifi
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn bildirdi ki, bu cür ciddi hadisələrdə Azərbaycan və Türkiyə bir dövlət kimi hərəkət eləməlidir: “Münasibətlərin səviyyəsi yeni bir müstəviyə qaldırılmalıdır. Elçibəy tərəfindən irəli sürülmüş əlaqələrin konfederativ əlaqələr sistemində qurulması istiqamətində addımlar atılmalıdır. Biz milli müqavimət nümayiş etdirməliyik”.
***
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli, politoloq Ərəstun Oruclu, Qarabağ Ağsaqqallar Şurasının sədri Asif Məmmədov, Müsavat Qadınlar Şurasının sədri Vəfa Cümşüdlü və digər iştirakçıların da çıxışları, təklifləri dinlənildikdən sonra Ictimai Palatanın adından bəyanat qəbul edildi.
Ictimai Palatanın “inkar qanununa” etirazı
Bəyanatda bildirilir ki, “erməni soyqırımı”nın rəsmən tanınması və bunun inkar edilməsinə görə cəza müəyyən edilməsini nəzərdə tutan qanunun tələm-tələsik Senatda müzakirəyə çıxarılması Azərbaycan cəmiyyətində həyəcan və qəzəbə səbəb olub.
XX əsrin sonu XXI əsrin əvvəllərində ermənilər tərəfindən torpaqlarının önəmli bir hissəsi işğal olunmuş, 100 minlərlə insanı qanuni ərazilərindən etnik təmizləmə nəticəsində didərgin salınmış, 10 minlərlə mülki vətəndaşı qətlə yetirilmiş, əsrin faciələrindən olan Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı Fransa parlamentinin bu addımını başa düşmür, qəbul etmir və qətiyyətlə pisləyir:
“Ermənilərin öz qonşularına qarşı haqsız iddiaları 3 əsrdir ki, regionda xalqlar arasında mehribançılıq, dinc yanaşı yaşamaq, milli tolerantlıq münasibətlərinin formalaşması, təminatlı təhlükəsizlik üçün təhdid, münaqişə, düşmənçilik mənbəyidir. Erməni iddialarının sonu görünmür və regionda elə bir xalq, dövlət yoxdur ki, bu haqsız və əsassız iddialardan zərər çəkməsin.
Dünya və region dövlətləri tarixən yaranmış konfliktlərin nizama salınması üçün böyük səylər göstərdiyi, kompromislər, həll yolları aradığı bir zamanda Fransa parlamentində müzakirəyə çıxarılan qanun lahiyəsi münaqişəni körükləməklə, təcavüzkarı şirnikləndirməyə xidmət etməklə beynəlxalq provokasiya rolu oynayır.
Biz heç cür qəbul etmirik ki, dünyaya müasir azadlıq mədəniyyətini bəyan etmiş Fransada tarixi bir hadisəyə münasibətdə müstəqil fikrə malik olmaq, elmi araşdırma aparmaq hüququna qadağa qoyulur, düşüncə, ifadə azadlığına görə cəza müəyyən edilir. Əsas insan hüquq və azadlıqları haqqında beynəlxalq öhdəliklərə zidd olan bu mürtəce akt Böyük Fransa inqilabının devirdiyi orta əsr zülmətinə qayıtmaqdır”.
Ictimai Palata hesab edir ki, yaranmış vəziyyət yalnız Türkiyəyə qarşı yox, regionun bütün xalqlarına, özəlliklə müsəlman və türk xalqlarına qarşı yönəlib və buna adekvat münasibət göstərilməlidir: “Azərbaycan hər zaman qardaş və strateji müttəfiqi olan Türkiyə xalqının və dövlətinin yanındadır və yanında olacaqdır. Türkiyəyə qarşı yönələn hər bir düşmənçilik aktı Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı edilən düşmənçilik aktıdır və bu şəkildə qəbul edilməlidir.
Azərbaycan iqtidarının bu məsələyə reaksiyası vəziyyətin ciddiliyinə adekvat sayıla bilməz. Azərbaycan hökuməti öz hərəkətlərini Türkiyə ilə daha sıx surətdə sinxronlaşdırmalı və razılaşdırmalıdır. Hadisələrin pis ssenari ilə inkişafının qarşısının alınması üçün bütün mümkün addımları atmalıdır. Bunun üçün Ictimai Palata Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının ən yüksək səviyyədə təcili olaraq toplanıb vəziyyətlə bağlı birgə qərarlar qəbul edib, hərəkətlərinin müəyyənləşdirilməsinin zəruriliyi haqqında təklifini bir daha xatırladır. Ictimai Palata hesab edir ki, qanun qəbul ediləcəyi halda, Azərbaycan-Ermənistan münaqişənin nizamlanmasında Fransanın vasitəçiliyinin davam etməsi, eləcə də iqtisadi və ticarət, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın davamı və inkişafı mümkün olmayacaq. Ictimai Palata ümid edir ki, Fransa Senatı fransız xalqının mütərəqqi dövlətçilik ənənələrinə və çağdaş demokratik mədəniyyət dəyərlərinə sadiqlik nümayiş etdirəcək, müdriklik göstərəcək və erməni lobbisinin və onların havadarlarının antidemokratik planı baş tutmayacaq”.
Bəyanat Fransa və Türkiyə səfirliklərinə də göndəriləcək.
Natiq