“The İndependent” yazır ki, “İran bədbəxt hadisələr və zorakı cinayət qurbanı olan qadın və kişilər üçün “ödənən qanpulunu” faktiki olaraq bərabərləşdirən qanun qəbul edib. Məqalədə deyilir ki, ilk baxışdan çox da böyük əhəmiyyəti olmayan sığorta qanunu İrandakı cinsi bərabərsizliyin ləğvinə doğru addım ola bilər.
İslam dövlətinin 12 üzvü olan qüdrətli Nəzarət Şurası avtomobil qəzaları zamanı zərər çəkən qadınlara kişilərlə eyni məbləğdə kompensasiya ödənməsini nəzərdə tutan qanunu ratifikasiya edib.
İranın şəriət qanunlarına görə sığortaya “qanpulu” deyilən anlayış da daxildir.
“Qanpulu” bir qayda olaraq bədbəxt hadisə və cinayət qurbanlarına və ya onların öldükləri təqdirdə ailələrinə və qohumlarına ödənən pul vəsaitinə deyilir.
Qanun Məclisdən keçib
Hadisənin törənmə şəraiti və miqyasından asılı olaraq “qanpulunun məbləği” də fərqli ola bilər. İndiyə qədər İranda belə hallarda müsəlman kişiyə qadından iki dəfə çox pul ödənirdi.
Britaniya Şərqşünaslıq İnstitutu SOAS-da İran üzrə ekspert doktor Ziba Mirhüseyni deyir ki, bu qanun İranda gender bərabərsizliyinin aradan qaldırılmasında yolun başlanğıcı ola bilər.
Onun fikrincə, qadın və kişiyə ödənilən “qanpulunun” bərabərləşdirilməsi məntiqi olaraq bərabərliyin prinsipcə qəbulu sayıla bilər. Bu qanun artıq İran Milli Məclisində qəbul edilib.
Qanunvericilik aktında deyilir ki, bu sənəd ailə başçısının qadın olduğu hallar nəzərə alınaraq qəbul olunub.
“The İndependent” qəzetinin məqaləsində bu da xatırladılır ki, qadın və kişilər arasında bərabərsizlik qətl, mülkiyyətə ziyan vurulması kimi hallara baxılarkən yenə də qüvvədə qalacaq.
Bu işlərlə əlaqədar olaraq da bir sıra hallarda “qanpulu” ödənir. Məqalədə deyilir ki, İranda “qanpulu” ödənişlərində bərabərsizlik yalnız kişi və qadınlar arasında deyil, həm də din və təriqətlər arasında mövcuddur.
Məasələn, qeyri-müsəlmanlara normal “qanpulunun” 16-da birindən yarısınadək ödənə bilər. Ateistlərə və bəhailik kimi rəsmən tanınmayan bir sıra təriqətlərə “qanpulu” ümumiyyətlə ödənmir. (BBC azeri)