Brüsseldə miqrant böhranı ilə bağlı müzakirələr başladı
Miqrant böhranını aradan qaldırmaq üçün Avropa Birliyi (AB) ilə Türkiyə arasında hələ də razılıq əldə olunmayıb. Buna Türkiyənin baş naziri Əhməd Davudoğlunun ötən həftə yeni və gözlənilməz təkliflərlə çıxış etəmsi səbəb olub.
Davudoğlunun fikrincə, bu təkliflər miqrasiya böhranının həllinə kömək etməlidir. Baş nazir digər təkliflərlə yanaşı, israr edib ki, Avropa Birliyi Türkiyəyə əvvəlcə vəd etdiyi 3 milyard avrodan əlavə, daha 3 milyard avro ayırsın. Eyni zamanda, yaya qədər Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq etsin və Ankaranın Avropa Birliyinə daxil olması barədə danışıqlara yeni təkan versin.
Türkiyə isə öz növbəsində, onun ərazisindən Yunanıstan adalarına keçmiş miqrantların istisnasız olaraq hamısını geriyə qəbul etməyi öhdəsinə götürür. Lakin bununla əlaqədar xərclər Avropa Birliyinin üzərinə düşməlidir.
Ankara həmçinin ona nail olmaq istəyir ki, Türkiyənin geri qəbul edəcəyi hər bir suriyalı qaçqın müqabilində Avropa Birliyinə gələnlərin birinin AB ərazisinə leqal şəkildə daxil olmasına icazə versin.
Avropa Demokratiyaya Dəstək Fondunun (EED) AB məsələləri və strateji kommunikasiyalar üzrə eksperti Dəmir Murat Seyrək Türkiyənin bu təkliflərini tamamilə ağlabatan hesab edir. Bununla bərabər o etiraf edir ki, həmin təkliflərin reallaşdırılması asan olmayacaq. Görüşün nəticələrini bütövlükdə müsbət qiymətləndirən M.Seyrək AB ölkələrindən olan sammit iştirakçılarının, xüsusən Almaniya kansleri Angela Merkelin bu təklifə müsbət yanaşdığını deyib: “Mənə elə gəlir ki, bu sammiti Türkiyənin gözlənilməz diplomatik uğuru adlandırmaq olar. Türkiyənin bu yeni təklifi Avropa Birliyinin üzvü olan ölkələrin nümayəndələri üçün çox gözlənilməz dönüş olub. Məhz bu səbəbdən, qərar qəbul edilməsi təxirə salınıb. Avropa Birliyinin üzvlərinə bu təklifi öz aralarında müzakirə etmələri üçün vaxt lazımdır”.
Bu arada, dünən Brüsseldə Avropa Birliyinin miqrasiya problemi üzrə sammiti işinə başlayıb. Jurnalistlər bu toplantını “AB-Türkiyə arasında plandan kənar sammit” adlandırırlar.
Avropa ölkələrinin liderləri bu sammitdə Ankaranın on gün əvvəl keçirilən forumda irəli sürdüyü tələbləri müzakirə edəcək.
Son zamanlar bəzi ölkələrin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən qaçqınların əksəriyyəti Türkiyəni tərk etməkdə çətinlik çəkir. Buna baxmayaraq, hər gün 2 minə qədər insan bağlanan sərhədlər aşmaq ümidi ilə Egey dənizini keçərək Avropaya üz tutur.