Digər nazir övladları biznes imperiyası qurmayıb?
MTN-in keçmiş şefi Eldar Mahmudovla bağlı xəbərlərin ardı kəsilmir. Indi də məlumat yayılıb ki, keçmiş nazirin oğlu Anar Mahmudovun Bakının Yasamal rayonu, Ismayıl Qutqaşınlı küçəsində yerləşən “Altes Plaza” biznes mərkəzində yerləşən daha bir ofisi olub.
O, “Altes Plaza” biznes mərkəzinin 20, 21, 22 və 23-cü mərtəbələrini bütöv alıb. Müəyyən edilib ki, bu daşınmaz əmlakın ümumi sahəsi 1400 kvadratmetrə yaxındır. Həmin mərtəbələrdə yerləşən mənzillərin alınması üçün 3 milyon 560 min manatdan çox vəsait ödənilib və Anar Mahmudov aldığı mənzilləri ofis kimi istifadə etməyə başlayıb. Bildirilir ki, Eldar Mahmudovun “Caspian Crystal Holding”də birləşən biznesini də oğlu Anar Mahmudov idarə edir. Bundan əlavə yayılan məlumatda bildirilir ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi “Kometa-T” MMC şirkətinin adına rəsmiləşdirilib.
Heç kimə sirr deyil ki, Eldar Mahmudov vəzifəsindən sui- istifadə edib, korrupsiya ilə məşğul olub, cinayətlər törədib və s. Bu da sirr deyil ki, Eldar Mahmudovun oğlu biznes imperiyasını atasının hesabına əldə edib.
Amma biz tamam fərqli bir məsələyə toxunmaq istəyirik. Heç kimə sirr deyil ki, bu ölkədə korrupsiya ilə məşğul olan təkcə Eldar Mahmudov deyil və atasının hesabına milyonlar əldə edən də təkcə Anar Mahmudov deyil. Eldar Mahmudovun özü və oğlu haqqında “şok” xəbərlər tirajlayanlar, digərləri barədə niyə eyni canfəşanlığı göstərmir?
Araşdırma aparılsa məlum olar ki, digər nazir övladlarının var-dövlətiylə müqayisədə Anar Mahmudov xeyli geri qalır. Bəli, digər nazir övladları bazarda kartof satmaqla məşğul deyil ki.
Korrupsiya, qanunsuz varlanma, vəzifəli atanın hesabına biznesmen olmaq pis əlamətdirsə, başqa nümunələrə niyə diqqət çəkilmir?
Guya, Eldar Mahmudovun oğlu haqqında yazanlar, digər nazir övladlarının dünyanın müxtəlif yerlərindəki biznes imperiyalarından xəbərsizdilər?
Əslində, Eldar Mahmudovla bağlı hər dəfə “şok” xəbərlər yayılanda, hakimiyyətin mahiyyəti üzə çıxmış olur. Əgər bu adam görünməmiş miqyasda korrupsiya ilə məşğul olubsa, cinayətkar şəbəkə yaradıbsa, niyə hələ də azadlıqdadır? Daha hansı faktlar üzə çıxamlıdır ki, bu adam məsuliyyətə cəlb olunsun? Yəqin ki, dünya təcrübəsində ikinci belə hadisə baş verməyib.
Xülasə, həqiqətən də şəffaflığın üzə çıxmasını, günahkarların cəzalandırılmasını istəyirsinizsə, məqsədiniz ədalətin öz yerini tapmasına xidmət göstərməkdirsə, o zaman digərlərinin də “fəaliyyət”ini üzə çıxarın. Bu ölkədə Eldar Mahmudovdan daha çox çirkaba batmış vəzifəlilər və Eldar Mahmudovun oğlundan daha böyük biznesə sahib olan məmur övladları var. Ola bilməz ki, bir korrupsioner yaxşı, o biri pis olsun.
Bir daha aydın olur ki, sistem bütövlükdə çirkabın içindədir və bütün çirkabı təmizləmək sistemin kirə çıxmasıyla nəticələnə bilər. Sadəcə olaraq, sistemdaxili ziddiyyətlər meydana çıxanda kimlərsə qurban verilir. Yəni bir qrup günahkar, başqa bir qrup günahkarı sıradan çıxarır.
Samir