Qərb mətbuatı Kremlin qəfil qərarının arxasında duran səbəblərdən yazdı
Prezident Vladimir Putinin rus qoşunları və hərbi texnikasını Suriyadan çıxarmaqla bağlı qərarı dünya mətbuatının bir nömrəli mövzusuna çevrilib. Qərbin aparıcı nəşrləri və siyasi analitikləri Kremlin bu qərarının arxasında duran gerçək səbəbləri çözməyə çalışır.
“Reuters” agentliyinin dünən yaydığı məlumatdan belə məlum oldu ki, son iki gündə Rusiyanın Suriyadakı hərbi təyyarələrinin yarısı bu ölkəni tərk edib. Məlumata görə, Suriyanın Hmeymim aviabazasında və Latakiyada Moskvaya aid 36 hərbi təyyərə olub. Artıq onlardan 15-i, o cümlədən “Su-24”, “Su-25”, “Su-30” və “Su-34”lər Rusiyaya qayıdıb. Aviabazada 14 hərbi vertolyot və pilotsuz kəşfiyyat təyyarələri də var ki, yaxın günlərdə onların da Suriyanı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Putinin qərarı ilə martın 15-dən rus qoşunları və hərbi texnikası Suriyadan çıxmağa başlayıb.
Gözləntilər özünü doğrultmadı
Qərb kəşfiyyatı Rusiyanın Suriyada “blitskriq” (ildırım sürətli müharibə) planının baş tutmadığını bildirib. Bu barədə “Financial Times” qəzetinə Avropa xüsusi xidmət orqanlarındakı mənbə bildirilib. Adının çəkilməsini istəməyən mənbə deyib ki, Rusiyanın ilkin planı sürətli hərbi kampaniya keçirərək Əsədin itirilmiş əraziləri qaytarmasına yardımçı olmaqdan ibarət idi. Plan belə olub ki, sürətli hərbi kampaniya ilə bir neçə ay ərzində Əsəd qüvvələrinin Türkiyə sərhədinə qədər olan əraziləri ələ keçirməsinə, Hələb üzərində nəzarəti tam bərpa etməsinə kömək edilsin. Eyni zamanda, mötədil müxalifətin o həddə qədər zəiflədilməsi nəzərdə tutulubmuş ki, ABŞ onlara dəstəkdən imtina etmək və IŞID-ə qarşı mübarizədə Rusiya ilə bərabər iştirak etmək məcburiyyətində qalsın.
Lakin müxaliflərin gözləniləndən daha güclü müqavimət göstərməsi, Türkiyə ilə qarşıdurmanın yaranması, Iranın hərbi təsirinin güclənməsi və neftin qiymətlərinin uzun müddət 40 dollar civarında qalacağının bəlli olması Rusiyanın bu hərbi ekspedisiyada imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Rusiya Suriyadan IŞID-i “bitirmədən” çıxdı
BBC “The Daily Telegraph” qəzetinin Şərq məsələləri üzrə təhlilçisi Con Couehlinə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin özünün Suriyaya müdaxiləsini böyük hərbi uğur kimi təqdim edir. Əslində isə bu “Pirr qələbəsi”nə bənzəyir: “Rusiyanın hərbi qüvvələri Suriyada prezident Bəşər Əsədin tərəfində kampaniyaya başlayandan bəri onların təyyarələri 9 min uçuş edib, 209 neft qurğusu dağıdılıb, Əsədə sadiq qüvvələr 10 min kvadrat kilometrlik ərazi, 400 şəhər və kənd üzərində nəzarəti bərpa ediblər”.
Couehlin yazır ki, Moskva bu missiyada iki məqsədinə nail olub: Rusiyanın Suriyadakı həyati maraqları qorunub saxlanılıb və Əsəd rejiminin devrilməsinin qarşısı alınıb: “Lakin cənab Putinin özünün sürpriz bəyanatını kifayət qədər sakit səsləndirməsi ondan xəbər verir ki, Rusiya lideri Suriya kampaniyasının məhdudiyyətlərini yaxşı başa düşür”.
Müəllifə görə, Rusiyanın Suriyadakı hərbi bazasının təhlükəsizliyini təmin etmək bir şeydir, Əsəd kimi fərsiz siyasətçi ilə iş görmək başqa şey: “Moskva Dəməşqin qərbpərəst qiyamçıların əlinə keçməsinə ona görə yol vermədi ki, bu halda özünün Tartusdakı hərbi bazasını itirə bilərdi.
Moskva son hərəkəti ilə Əsədə heç də həmişəlik bağlı olmadığını göstərməyə çalışdı. Lakin Suriya ilə bağlı Cenevrə danışıqlarında Rusiyanın Əsədə dəstəkdən imtina edəcəyi də gözlənilmir”.
“Son söz Əsədin yox, Putinindir”
Qəzet yazır ki, Moskva Əsədin savaşı qələbəyədək davam etdirəcəyi ilə bağlı bəyanatını çox da bəyənməyib. Kreml bütün “vücud dili” ilə göstərib ki, Suriyada müharibənin nə vaxt qurtaracağı məsələsini Əsəd yox, Putin həll edir.
“Rusiya aviasiyasının Suriyanı tərk etməsinin siyasi səbəbləri yoxdur”.
Bunu müstəqil ekspert Vadim Lukaşeviç “Rosbalt” a bildirib. Onun fikrincə, Putinin son qərarı Rusiya qoşunlarının Suriyaya IŞID-lə mübarizə üçün deyil, prezident Əsədi xilas etmək üçün girdiyini bir daha təsdiqləmiş oldu: “Rusiya Suriyada hava əməliyyatlarına sentyabrın 30-da başladı. Həmin vaxt Əsədin düşmənləri prezident sarayının bir addımlığında idi. Rusiyanın müdaxiləsindən sonra isə Əsədin mövqeyi müəyyən qədər möhkəmləndi”.
Ekspeetin fikrincə, Rusiyanın Suriyadakı uğuru olduqca nisbi anlayışdır: “Rusiya qoşunlarının öldürdüyü terrorçuların sayı 2 min nəfərdir. Rus aviasiyası isə ümumilikdə 9 min döyüş uçuşu həyata keçirib. Bu, olduqca zəif göstəricidir. Və o deməkdir ki, 4-5 uçuşa bir terrorçu öldürülüb. Belə çıxır ki, Qərb koalisiyası kimi, Rusiya da terrorçulara heç nə edə bilmədi. Hazırda IŞID əvvəlki kimi varlığını sürdürür. Əgər Rusiya Suriyaya terrorla mübarizə üçün girmişdi, onda bu vəzifəni yerinə yetirə bilmədi”.
Kerri Putinlə Suriyanı müzakirə edəcək
Bu arada, ABŞ dövlət katibi Con Kerrinin Rusiya səfəri ilə bağlı Moskvadan ilk açıqlama gəlib. Rusiya Xarici Işlər Nazirliyinin rəsmisi Mariya Zaxarova dövlət katibinin səfərinin Suriya ilə bağlı olduğunu bildirib: “Səfər proqramının gündəliyindəki əsas mövzu Suriyadır”.
Con Kerri Moskvaya gələn həftə gedəcək. Səfər zamanı onun prezident Vladimir Putinlə rus qoşunlarının Suriyadan çıxarılması ilə bağlı müzakirə aparacağı gözlənilir.