AXCP sədri Əli Kərimli hökumətin gəncləri “üzəduran” işinə cəlb etməsini sərt tənqid edib. Əli Kərimli Facebook səhifəsində yazır:
Bu ki, biabırçılıqdır. Ölkədə böhrana görə 100 minlərlə iş yeri bağlanır. Büdcə təşkilatlarında 150 – 300 manat maaşla işləyən işçilərin belə maaaşlarından kəsirlər, əksər dövlət idarələrində maaşları yubadırlar. Hətta hərbçilərə verilən müxtəlif ödənişləri belə kəsirlər. Banklara krediti olanlara heç bir ciddi güzəşt etmirlər. Və bütün bunlardan sonra təkcə 12 rayonda polisin sıralarına 600 nəfər yeni işçi qəbul etməyə hazırlaşırlar (112 nəfəri artıq bu gün seçiblər). Minlərlə insanı da “üzəduran” işinə cəlb etməyə hazırlaşırlar. Nə məsələdir, xalqla savaşmağa hazırlaşırsınız? Polisin sayını artırmağa çəkilən xərcləri, digər israfçı layihələrə xərclədiklərinizi xalqın sosial müdafiəsinə həsr edin və xalqın qəzəbindən də bu qədər qorxuya düşməyin. Onsuz da qorxunun əcələ faydası yoxdur.