Bazarda «bomba» həyəcanı; məlumatı 102-yə uşaq veribmiş…
Məmurlar deyəsən, indi də Yasamal bazarına əl qoyub. Artıq bazarın içindəki mağazalar sökülüb. Bir tərəfində isə nisbətən yeni üslubda bir mağaza tikilib. Mer-meyvə satanların hamısı ora yığılıb.
Satıcılarla söhbət zamanı bəlli oldu ki, söküntüdən sonra dükanların yerində təzəsini tikəcəklər. Hər halda, onlara belə deyilib.
“Bizə dedilər ki, bazar sökülür, əşyalarınızı götürüb çıxın. Etiraz etsək də, nəticəsi olmadı. Dediklərindən belə məlum oldu ki, 5-6 aya tikib qurtaracaqlar. Ancaq yer pulu da baha olacaq. Bu isə bizə sərf eləmir. Köhnə dükanlar yaxşı idi. Günə 10-15 manat yerpulu verirdik, bir o qədər də evimizə çörəkpulu aparırdıq. Yer haqqı qalxandan sonra necə işləyəcəyimizi bilmirik. Bəs bu 5-6 ayı necə dolanacağıq? Kim meyvə-tərəvəz satır, onların dükan məsələsi həll olundu. Bir təhər başlarını dolandırırlar. Bu kiçik dükana bütün satıcılar sığışmır. Yerdə qalanları isə, belə çıxır ki, acından ölməlidir”, – deyə satıcılar gileylənir.
Dünən biz sözügedən ünvanda olanda orada çoxlu sayda polis və Fövqalədə Hallar Nazirliyinin əməkdaşları vardı. Səbəbini soruşduqda isə məlum oldu ki, hüquq-mühafizə orqanlarına bazara bomba qoyulması haqda xəbər daxil olub.
Lakin Fövqalədə Hallar Nazirliyinin əməkdaşları bazarda təxminən bir saat axtarış aparsalar da, heç nə tapmadılar. Onu da öyrəndik ki, məlumatı Daxili Işlər Nazirliyinin “102” xidmətinə verən şəxs uşaq olub.
Satıcılar isə “bomba” məsələsinin uydurma olduğunu deyirlər. Onların sözlərinə görə, burada maraqlı qüvvələr var: “Yalandan gəlib axtarış aparırlar. Onların məqsədi bazarın sahibindən haqq almaqdır. Düzdür, haqq alırlar, indi istəyirlər ki, qiyməti bir az da qaldırsınlar”.
Ramin DEKO