Ekspertlərə görə, hökumət nağdsız ödənişləri artırmaq istəyir
Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qadağa qoyulub. “APA-Economics” xəbər verir ki, qaydanın tətbiqi son istehlakçıya aid olunmur.
Lakin qaydanın tətbiqi hələlik neqativ effektini verib. Belə ki, mağazalarda siqaret qıtlığı yaranıb.
Distributorlar deyir ki, topdan və pərakəndə satış nöqtələri bu qaydaların tətbiqinə hazır deyil: “Problem ondan ibarətdir ki, topdan və pərakəndə satış məntəqələri nə bank hesabı, nə də ki, POS-terminallarla təmin olunmayıblar. Təbii ki, təmin olunanlar da var, lakin onların istifadəsində maraqlı deyillər. Yaranmış vəziyyət bazara real təhlükədir. Belə ki, bazarda qaçaqmalçılıq yolu ilə gətirilən məhsulların sayı kifayət qədər artacaq. Çünki, leqal yolla gətirilən siqaretlər istehlakçıya çatmayacaq. Nəticə etibarilə, dövlət büdcəmiz də ziyan çəkəcək. Distributorlar bu prosesin tədricən həyata keçirilməsinin tərəfdarıdır”.
Milyardlar qazandıran qiymət artımı
Manatın ikinci devalvasiyası ən böyük zərbələrdən birini siqaret istifadəçilərinə vurdu. Siqaretlərin qiyməti növündən asılı olaraq 1-2 manat arası qaldırıldı. Hazırda bazarda ən böyük satışı olan siqaretlər 2.50-3 manat arası satılır. Azərbaycanda siqaret istifadəçilərinin sayı, aparılan araşdırmalara görə, 3 milyon nəfərdir. 2015-ci ildən bu yana siqaretlərin qiyməti 100 faiz artıb. Qəzetimizin apardığı araşdırma nəticəsində məlum oldu ki, orta hesabla 3 milyon siqaret istifadəçisinin gün ərzində bir qutu siqaret çəkdiyini nəzərə alsaq, bu o deməkdir ki, gün ərzində siqaret mafiyası qiymət artımından sonra 3 milyon əlavə vəsait əldə edib. Bu, aya 90 milyon manat deməkdir.
Araşdırmamız dəhşətli faktları üzə çıxarmışdı. Məlum oldu ki, ölkəmizdə satılan siqaretlərin qiymətini bahalaşdırmamaq da olardı. Siqaret istehsalında əsas xərc aparan komponent tütündür. Hazırda dünya bazarında bir kiloqram tütünün qiyməti 3 dollardır. 1 qutu siqaretin hazırlanmasına 20 qram tütün sərf olunur. Bir kiloqram tütündən 5 blok (50 qutu) siqaret almaq olar. Əgər 1 kiloqram tütündən alınan 50 qutu siqaret 2 manatdan satılarsa, bu 100, 3 manatdan satılarsa, 150 manat deməkdir. Deməli, iki qutu siqaretin satılması ilə 50 qutu siqaretin istehsalı üçün sərf olunan 1 kiloqramlıq tütünün xərci ödənilir.
Azərbaycanda gün ərzində 3 milyon qutu siqaretin satıldığını nəzərə alsaq, bu, gün ərzində 60 ton tütünün istifadə olunması deməkdir.
Azərbaycanın daxildə tütün isteshsalı 2.8 min tondur. Bu miqdarda tütün ölkənin ay yarım təlabatını görür. Yerdə qalan hissə isə idxal hesabına ödənir. Bura həm tütünün xammal kimi, həm də hazır məhsul kimi idxalı daxildir.
Bir müddət əvvəl spirtli içkilərin və siqaretin pərakəndə satışının yalnız kartla həyata keçirilməsi barədə qərar qəbul edilmişdi. Amma bu qərar qüvvəyə minməmiş ləğv edildi. Hazırda isə bu qərarı yenidən topdan satış formasında tətbiq etmək istəyirlər. Belə bir addımın atılmasının səbəbi nədir?
Samir Əliyev: “Hökumətin addımları hələ ki, effekt vermir”
Iqtisadçı Samir Əliyevin sözlərinə görə, burada məqsəd nağdsız dövriyyəni, əməliyyatları artırmaqdır. Ekspertin fikrincə, əslində bu pozitiv təşəbbüsdür: “Nəğdsiz ödəniş kölgə iqtisadiyyatının həcmini azaldır, digər tərəfdən inflyasiya təzyiqini azaldır. Eyni zamanda bu cür əməliyyatlar pul kütləsinin lazımsız dərəcədə artmasına imkan vermir. Bu baxımdan bu düzgün addımdır. Amma hökumətin bu addımları hələ ki, effekt vermir. Bu da onunla bağlıdır ki, bazarı və atılacaq addımların nəticələrini düzgün qiymətləndirmirlər. Mən qadağanın hər bir halda əleyhinəyəm. Amma düşünürəm ki, bu proseslər paralel aparılmalıdır. Avropada da bəzi məhsullara qadağalar var. Məsələn, iki-üç min dollardan artıq ödənişlərin nağd şəkildə ödənişi qadağan edilir. Azərbaycanda da bunu etmək olar. Amma görünür ilk addım səmərə vermədi və yenidən bu məsələyə qayıtdılar. Görünən odur ki, hökumət nağdsız ödənişləri artırmaq istəyir. Ona görə bu məsələyə yenidən qayıdılacağını düşünürəm”.
Xəyal