Yüzlərlə taksiçi Nəqliyyat Nazirliyinə yürüş etdi; nazirə istefa tələb olundu
Nazirliyin sözçüsü sürücüləri aldatdl
“Qanun bizlik deyil, göstəriş yuxarıdandır”
Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlərə qarşı sürücülər növbəti dəfə möhtəşəm aksiya keçirdilər. Ötən gün Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşan 500-ə yaxın sürücü qərarın ləğvini tələb edirdi. Qeyd edək ki, hazırda Bakıda qanuni taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşınların 2007-ci il və ondan sonrakı modellərinə icazə veriləcək.
Telekanallar hanı?
Saat 15-ə təyin olunan aksiya vaxtında başladı. Ancaq sürücülərdən əvvəl həmişə olduğu kimi əraziyə polislər gəlmişdi. Nəqliyyat Nazirliyi Yasamal rayonu ərazisində yerləşsə də ünvana Səbael Rayon Polis Idarəsinin işçiləri də cəlb edilmişdi. Nazirliyin qarşısındakı yolun o biri üzündə toplaşan sürücülərin qabağını polis kəsdi. Əvvəlcə onlara dağılışmağı məsləhət görən asayiş keşikçiləri dediklərinin heç bir faydası olmadığını gördülər.
“Biz çörək davası edirik, çörək istəyirik. Iki gündən bir gedib Çindən zir-zibil taksi gətirirlər. 50 manat plan qoyublar. Tutaq ki, razılaşıb işlədik, 50 manat onlara verdik, bəs evə nə aparaq? Uşaqlar acından ölməlidir?! Imkan versinlər işləyək də. Iş yeri açmırlar, beş-on manat çörək pulu qazananı da çörəksiz edirlər. Necə vergi ödəyiriksə, lisenziyanı da müəyyən etsinlər, ödəyək, ailəmizi saxlayaq da. Ziya Məmmədov istefa verməlidir. Camaatı incidirlər. Bu dəqiqə ölkənin 60 faizi taksi sürür. Taksini ləğv etsələr, bütün millət ayağa qalxacaq. Hərə ailəsində azı 4-5 nəfər saxlayır. Bir yerə yığanda gör nə qədər əhali ac qalacaq” – deyə, sürücülər etirazlarını bildirirlər.
Hanı ictimaiyyətin ITV-si?
Sürücülər telekanalların problemlərini işıqlandırmamalarından gileyləndilər: “Hanı vicdanlı, dəqiq, qərəzsiz ANS, hanı günü-gündən Azərbaycanın çiçəkləndiyini söyləyən AzTV, hanı 1 milyona yaxın iş yeri açıldığını söyləyən ATV? Hanı ”ictimaiyyətin” ITV-si? Niyə itiblər? Haradadılar? Hökumətin qoltuğunun altında oturmaqdansa, xalqın dərdinə şərik olmaq gərəkdir”.
“Istefa”, “Azadlıq”, “Ayı kababı yeyənlər bizim pulumuzdan əlini çəksin”
Dəfələrlə polislər nazirliyə gedib məsələyə aydınlıq gətirməyin tərəfdarı olduqlarını bildirsələr də, sürücülər “Ziya Məmmədov özü gəlib bizə hər şeyi izah etsin” cavabını verdilər. Belə bir şeyin mümkün olmadığını görəndə isə taksi sürücüləri “Istefa” şüarını səsləndirməyə başladılar. Bundan sonra isə hadisə yerində olan 100-dən çox polis əməkdaşının etirazçılara münasibəti kəskinləşdi. Polisin dubinkası işə düşdü. Onlar sürücüləri ərazidən uzaqlaşdırmaq istəsələr də, bunun faydası olmadı. Əksinə yollarda tıxac yarandı. Sürücülər “Azadlıq” və “Ayı kababı yeyənlər bizim pulumuzdan əlini çəksin” şüarlarını səsləndirməyə başladılar. “Azadlıq” şüarını polislər səsgücləndirici ilə batırmaq istəsə də, bunun da faydası olmadı. Əsəblərini cilovlaya bilməyən asayiş keşikçiləri sonda bir neçə nəfəri döydü, yaralananları və fəalları polis maşınına basaraq aparmaq istəyəndə isə sürücülər buna mane oldular. Bir neçə cəhddən sonra 3 nəfəri həbs edib naməlum istiqamətə apardılar. Vəziyyətin acınacaqlı olduğunu görən polislər nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla görüşmək üçün taksi sürücülərindən 10 nəfər nümayəndə seçilməsini xahiş etdi. Ancaq nazirliyə onlardan üçü buraxıldı. Görüşə gedən yoldaşlarını etirazçılar yolun o biri hissəsində gözləməyə başladılar. Etirazçıların qarşısında çəpər kimi dayanan polislər onları yola çıxmağa qoymurdu.
Namiq Həsənovun ikibaşlı oyunu
Təxminən yarım saatdan sonra sürücülər bir az yaxşı əhval-ruhiyyə ilə geri qayıtdılar: “Namiq Həsənovla görüşdük. Deyir ki, iki gün vaxt verin, nazirlə danışım, özüm televiziya vasitəsilə sizə xəbər verəcəm. Deyir, bu qanun bizlik deyil, göstəriş yuxarıdandır”.
Sürücülər nazirliyin məlumatının yalan olduğunu dilə gətirdilər. Sabahsa (bu gün – red.) yenidən aksiya keçirməyə qərar verdilər.
Sürücülər necə düşünüdülərsə, elə də oldu. Namiq Həsənov sürücülərə dediyi sözün tam əksini “Azadlıq” radiosuna açıqlamasında bildirdi. Hətta sürücülərin aksiyaları davamlı olsa belə, bunun verilən qərarı dəyişməyəcəyini vurğuladı. O qeyd etdi ki, Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlər bundan sonra da davam etdiriləcək: “Taksi sürücüləri yalnız lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Kimlərin ki, maşını standartlara uyğun deyil gedib ”London taksiləri”ndən götürə bilərlər və ya ağ rəngli, istehsal müddəti 5 ildən aşağı olmayan maşınla lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Qanun qarşısında hamı bərabərdir, əgər biz qanunsuz fəaliyyətə icazə versək, belə çıxır ki, Nəqliyyat Nazirliyinin özü qanunsuz işlə məşğuldur”.
Namiq Həsənov deyir ki, bundan sonra taksi xidməti göstərmək istəyən fiziki şəxslər 150 manat ödəyib 5 illik lisenziya almalı, fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödəməlidirlər. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır.
Ramin DEKO