Nazir isə «Bu qış mövsümündə məktəblərdə istilik sistemi ilə bağlı problemlər olmayacaq» deyir
Təhsil Nazirliyində keçirilən kollegiya iclasında nazir Misir Mərdanovun dediyi “Azərbaycanda qızdırılmayan məktəb yoxdur” sözləri bu araşdırmanın aparılmasına səbəb oldu. Bəlkə də təsadüf idi. Amma elə bu kollegiya iclasından bir neçə gün qabaq rayondan zəng vurub məktəblərlə maraqlanmamağımızı irad tutmuşdular. Soyuqlar düşəndən uşaqların məktəbə gəlməmələrini demişdilər. Bunun da tək səbəbi sinif otaqlarının qızdırılmamasıdır. Nazir isə deyir ki, qızdırılmayan məktəb yoxdur. Deməli, araşdırmağa dəyər. Nazir sözü, əlbəttə, yalan olmaz. Bəs onda niyə bizə şikayətlər gəlir? Adamlar niyə nankorluq edir? Uşaqlarını niyə dərsə buraxmır?
Bəs nədən kollegiya iclası ilə bağlı saytlarda, qəzetlərdə yayılan xəbərlərdə isə başlıq
“Azərbaycanda qızdırılmayan məktəb yoxdur”
idi. Başa düşürük ki, bunu Təhsil Nazirliyində keçirilən kollegiya iclasında (03.12.2011) nazir Misir Mərdanov demişdi. Ardınca başqa faktlar da sadalamışdı: “Ölkədə 4256 məktəbdən 1005-i mərkəzləşmiş qaydada, yaxud qazanxana vasitəsilə, 725 məktəb dizel yanacağı, 27 məktəb qaz sobası, 377 məkəb elektriklə, 2112 məktəb isə odunla qızdırılır. Odunla qızdırılan məktəblər əsasən ucqar rayonlarda yerləşir”.
Qabaqca nazirin dediyi “odunla qızdırılan məktəblər əsasən ucqar rayonlarda yerləşir”ə baxaq. Nazirliyin saytında Misir Mərdanovun çıxışının mətni verilib və həmin mətnə də məktəblərin qızdırılması ilə bağlı cədvəl yerləşdirilib. Ucqar rayon dedikdə nazirin hansı məsafəni nəzərdə tutduğu qaranlıqdır. Məsələn, Bakıdan 120 km məsafədə yerləşən Şamaxının 72 məktəbindən 45-i odunla qızdırılır. Şamaxını keçən kimi Ağsudur. Burda 70 məktəbdən 54-ü odunla qızdırılır. Paytaxtdan 170 km məsafədə olan Saatlının 49 məktəbindən 38-i oduna möhtacdır. Quba da paytaxtdan uzaqda deyil, düzdür, bu rayonun ucqar kəndləri var, amma heç də hamısı yox. Rayonun 139 məktəbindən 121-i odunla qızdırılır. Cəlilabadın 109 məktəbindən 102-nin odunla qızdırılmasını isə anlamaq çətindir. Burada da ucqar olmayan xeyli kənd var.
Rayonlar içində diqqəti çəkən Imişlidir. Bu rayonun 63 məktəbinin 20-si mərkəzləşdirilmiş sistemlə, 43-ü isə elektriklə isidilir. Odunlu məktəb yoxdur. Nazirliyin rəsmi sənədində belə göstərilib.
Rayonla əlaqə saxlayanda isə bəlli oldu ki, məsələn, Məzrəli kənd orta məktəbində istilik sistemi yoxdur. Sinif otaqları odun olanda qızdırılır. Qarlı-şaxtalı günlərdə valideynlər uşaqlarını məktəbə buraxmır. Başqa bir kənddə isə sinif otaqlarının kərmə ilə (şəhər adamları bilməsə də Misir Mərdanov kərmənin nə olduğunu yaxşı bilir) qızdırıldığını dedilər. Rayonun Mirili, Qaravəlli, Cavadxanlı, Qaralar, Bəcrəvan və başqa kəndlərində də məktəblər ya odun, ya da “salyarka peçi” ilə qızdırılır. Təbii ki, olanda. Istilik sistemi quraşdırılan məktəblərdəsə, bu sistemin tez-tez işləmədiyi deyilir. Işıq olanda qaz, qaz olanda işıq olmur. Hər ikisinin olduğu vaxtların isə gün sayı çox azdır. Buna görə bu məktəblər daha problemlidir. Kənd məktəblərində odun, salyarka, kərmə, bəzilərində elektrik qızdırıcısıyla vəziyyətdən çıxmaq olsa da, istilik sistemli daş binalarda belə çıxış yolu yoxdur.
Salyanın 54 məktəbindən 29-u, Neftçalanın 53 məktəbindən 35-i odun axtarışındadır. Odun tapılan dağətəyi rayonlardan fərqli olaraq bunlar arandadır, hətta kölgəliyin qəhətə çıxdığı aranda. Yeri gəlmişkən, bu rayonların ucqar olmadığı Təhsil Nazirliyinin dərsliklərində də yazılıb. Sayı uzadıb sizi yormaq istəmirəm. Maraqlananlar sayta (edu.gov.az) girib bütün məlumatlarla tanış ola bilərlər.
Indi isə bölgələrədə odunun qiymətlərinə nəzər salaq. Göyçayda 1 maşın odun 350-400, Yardımlıda 200-250, Cəlilabadda odunun 1 metrinin qiyməti 18 manatdır. Saatlıda 1 metr odun 20-25 manata satılır. “Kamaz” markalı yük maşını ilə bir cərgə odunun qiyməti ağacın növündən asılı olaraq 90-100 manat, parçalanmış halda isə 100 ədəd odunun qiyməti 10 manatdır.
Azərbaycanda 2112 məktəb odunla qızdırılır
“Iqtisadiyyatı analoqsuz inkişafda olan, regionun lider dövlətinin nazirinin bu sözləri dilinə gətirməsi hakimiyyət adına xəcalətdir”- bu, Misir Mərdanovun dediklərinə bir həmkarımın ilkin reaksiyasıdır. Mənimsə ilk yadıma 2009-cu ilin 1-ci rübünə dair keçirilən müşavirədə dövlət başçısı Ilham Əliyevin çıxışı düşdü. Həmin müşavirədə I.Əliyev icra orqanlarına qəti tapşırıq vermişdi: “Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir. Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram”.
Həmin müşavirədən üzü bəri, görəsən, Azərbaycanda nə qədər ağac kəsilib? Təkcə Respublika Kliniki Xəstəxanasının (“Respublikanski”) ərazisində və ətrafında son 1 ildə təxminən 1000-ə yaxın ağac kəsilib. O ağacların yerində restoran, kafe və başqa binalar tikilməkdədir. Bu kəsintilərin, ağac soyqırımının statistikasını aparan varmı? Yoxdur. Adamlar ya isti evlərində oturub hesabat aparmalı, ya da ağacları qırıb evlərini isitməlidirlər. Qaz ölkəsi olan Azərbaycanda bu təbii sərvət əsasən xaricə satıldığından evlərin, müəssisələrin qızdırılmasının ağırlığı ağacların üzərinə düşür. Illah da bölgələrdə. Təhsil naziri Misir Mərdanov da bu il dekabrın 3-də (Ilham Əliyevin ağac qırılmasına “qadağa” qoyduğu müşavirədən iki il yarım sonra) ölkədə məktəblərin yarıdan çoxunun – 2112 məktəbin odunla qızdırıldığını deyib. Deməli, ağac kəsilməsinə qadağa sadəcə söz olub. Konkret olaraq təhsil naziri prezidentin qadağasına məhəl qoyulmadığını faktlarla sübuta yetirib. Məsələn, nazir Lerikin 109 məktəbindən 100-nün odunla qızdırıldığını deyib.
Respublikanın kənd məktəblərinin ətrafında daha qırılası ağac qalmayıb. Bəzi yerlərdə məktəblilər çanta ilə bərabər dərsə odun şələsi də aparırlar.
Qaz ölkəsində “…cəmi 27 məktəbdə qazdan istifadə olunur” – bunu da Misir Mərdanov deyib.
“Bu qış mövsümündə məktəblərdə istilik sistemi ilə bağlı problemlər olmayacaq”. Təhsil naziri bunu hələ qış gəlməmiş – oktyabrın 12-də deyib. Amma yenə qış gəlməmiş, hər il olduğu kimi, məktəblərin istiliklə çox sayda problemlərinin ortaya çıxdığı barədə xəbərlər medianın qapısını döyməkdədir.
Uzağa getməyək. “Yeni Müsavat”ın yazdığına görə, Yasamal rayonundakı 158 saylı məktəbdə istilik yoxdur. Sinif otaqları elektrik sobaları ilə qızdırılır. Bu sobaları isə şagirdlər alıb. Xətai rayonundakı 249 saylı məktəb də qızdırılmır. Binəqədidəki 283 saylı, Nərimanov rayonundakı 212 və 45 saylı məktəblərdə də istilik yoxdur. Valideynlər bildiriblər ki, sinif otaqlarının qızdırılması üçün alınan qızdırıcıların və elektrik plitələrinin pulunu onlar ödəyiblər.
Nazirin siyahısında göstərilib ki, Şəkinin 99 məktəbindən 22-si mərkəzləşdirilmiş istilik sistemi ilə, 77-si isə odunla qızdırılır. Amma rayon təhsil şöbəsinin müdiri Südavər Ismayılova cəmi 12 məktəbin istilik sisteminin işlədiyini deyir. Nazir vur-tut 10 məktəbdə səhv edib…
Mərkəzləşdirilmiş qaydada qızdırılan, yaxud qazanxanası olan 1005 məktəb
Saatlı rayonunun Məmmədabad kənd tam orta məktəbi 2008-ci ilin yanvarında istifadəyə verilib. Üçmərtəbəli binanı qızdırmaq üçün qazanxana sistemi də qurulub. Sistem heç iki ay işləməyib.ÿMəcburiyyət qarşısında qalan müəllimlər uşaqlara dərsi yenidən köhnə binada keçir. Odun, salyarka tapanda heç olmasa bu binada sinifləri qızdırmaq olur. Təzə tikilmiş binadan isə “yay məktəbi” kimi istifadə olunur. Beləliklə, dərs ilinin ən azı 5 ayı köhnə məktəbdə keçir.
Sabirabadın Nərimanov məktəbi rayonun ən böyük təhsil ocaqlarındandır. Bu məktəbin istilik sistemi işləmir(oldu 1003, bu gedişlə sayı xeyli azaltmaq olar). Qaz olmadığından müəllimlər uşaqlara təklif edir ki, pul yığsınlar sinifləri elektriklə qızdırsınlar. Nazirin siyahısında isə Sabirabadda elektriklə qızdırılan məktəb yoxdur. Amma müəllimlər şagirdlərlə birləşib işıqpulu ödəyirlər ki, sinifdə soyuqdan donmasınlar. Rayonun, demək olar, bütün kəndlərində eyni vəziyyətdir. Salyarka və odun olanda dərs keçilir, olmayanda uşaqlar məktəbə getmir. Rayonun salyarka ilə qızdırılan məktəblərinin sayı siyahıda 61 göstərilib.
Saatlı rayonunun Azadkənd kəndində valideynlər uşaqlarını dərsə buraxmır. Sinif otaqları soyuq olduğuna görə. Bu kənddə məktəbdə heç vaxt istilik sistemi olmayıb. Sinif otaqları sovetlərin vaxtında daş kömürlə qızdırılırdı. Müstəqilliyin ilk illərində daş kömür odunla, salyarkaylaÿ əvəzləndi. Artıq neçə ildir odun da alınmır. Salyarkaya da hər yerdə ehtiyac var, satmaq olur.
Deyilənə görə, vəsait ayrılır, amma bu vəsait nazirlik, rayon təhsil şöbəsi və direkor arasında it-bata düşür. Valideynlər qazanclarını dava-dərmana xərcləməmək üçün ən yaxşı yol kimi uşaqları məktəbə buraxmamaqda görür.
Saatlının Vüqar Zeynalov adına Dəllər kənd orta məktəbi 2010-cu il daşqınlarından sonra əsaslı təmir olunub. Söz verilsə də qazanxana sistemi qurulmayıb. Kənd camaatı özləri siniflərə odun sobası qoyub. Pul tapıb odun alanda, ya da həyətdə ağac kəsəndə siniflər qızdırılır, bu olmayanda uşaqlar məktəbə getmir.
Təhsil üzrə ekspert Etibar Əliyev də respublika məktəblərinin yarıdan çoxunun odunla qızdırıldığını deyir: “Çox böyük vəsait ayırıb bəzi məktəblərdə qazanxanalar quraşdırılsa da sonradan bu sistem işləmədi. Indi onların əksəriyyətində əsas ağırlıq elektrikin üzərinə düşür. Amma burda da limit var. O limit keçiləndə qızdırıcıdan istifadə olunmur, nəticədə uşaqlar dərsə getmir, belədə müəllimlər şagirdlərdən pul yığmaq zorunda qalır”.
8 milyon manatın qızdırmadığı siniflər
Iqtisadçı ekspert Rövşən Ağayev 2010-cu ildə büdcədə təhsilə ayrılan xərclərin 1 milyard 181 milyon manat olduğunu deyir: Təhsil Nazirliyi ötən il 5,1 milyon manat ibtidai, 689 milyon manat isə orta təhsil müəssisələrinə ayırıb. Nazirin verdiyi məlumatlardan bəlli olur ki, ölkədə cəmi 27 məktəb qaz sobası ilə qızdırılır. 2010-cu il xərclərinin içərisində ÿibtidai məktəblərin qaz təchizatına 134 min manat, istiliyə 125 min 556 manat, elektrikə isə 27 min 223 manat xərclənib. Orta məktəblərin qaz xərci 734 min 278 manat, elektrik xərci 2 milyon 380 min manat, istilik (yanacaq) xərci isə 4 milyon 987 min manat olub.
Ümumilikdə istiliyə ayrılan xərclər 8 milyon 254 min 186 manatdır. Bu vəsaitin nə qədərinin mənimsənildiyini müəyyənləşdirmək çətindir. Çünki adlarının çəkilməsini istəməyən bəzi məktəb direktorları sinifləri əsasən “daxili imkanlar hesabına” (müəllimlərin və şagirdlərin verdiyi pullar) qızdırdıqlarını deyirlər.
Yeri gəlmişkən, “Azəristiliktəchizat” ASC-nin rəis müavini Ilham Mirzəliyev “Yeni Müsavat”a açıqlamasında paytaxt məktəblərində qızdırılan məktəblərə göstərilən xidmət haqqının Bakı Baş Təhsil Idarəsindən ödənildiyini deyib: “Onlarla müqaviləmiz var, müqaviləyə uyğun olaraq istilik haqlarını ödəyirlər”. Bakı Təhsil Idarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə bununla bağlı sualımıza cavabında idarənin ödədiyi vəsaitlərdən məlumatsız olduğunu dedi və nazirliyə müraciət etməyi məsləhət bildi. “Məsləhətə şükür” deyib həmin ünvana müraciət etsək də, sualımıza cavab verəcək kimsəni bula bilmədik…
2 ilə 700 məktəbdə istilik sistemi
“Azərbaycan müəllimi” qəzetinin 4 iyun 2010-cu il tarixli sayında təhsil naziri Misir Mərdanovun çıxışı verilib. Sitat: “…Ümumtəhsil məktəblərinin istiliklə təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması ilə əlaqədar 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən proqram həyata keçirilməyə başlanmışdır. Ilk növbədə, Bakı şəhərinin bütün məktəblərində istilik sisteminin vəziyyəti araşdırılmış, hər bir məktəbdə problem və onun aradan qaldırılması üçün görüləcək tədbirlər, tələb olunan maliyyə vəsaiti əhatə olunmaqla proqram hazırlanmışdır. Eyni zamandaÿbu məsələ Bakı şəhərininÿbütün məktəblərinin rəhbərlərinin iştirakı ilə nazirliyin kollegiya iclasında geniş müzakirə olunmuşdur.
Təhsil Nazirliyi və “Azəristiliktəchizat” Açıq Tipli Səhmdar Cəmiyyətinin birgə proqramlarına əsasən 2007-2009-cu illərdə ölkə üzrə istilik sistemi bərpa edilmiş məktəblərin sayı 700-ə çatmışdır. 2007-ci ildə 250 məktəbin istilik sistemi bərpa edilmişdir ki, onlardan 128-i Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir. 2008-ci ildə istilik sistemi bərpa edilmiş 350 məktəbdən 206-sı Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına olmuşdur. 2009-cu ildə isə 100 məktəbin istilik sistemi əsaslı təmir olunmuşdur. Bu illər ərzində Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur ki, bu da paytaxtda məktəblərin qızdırılması sahəsində problemlərin tam həlli deməkdir”.
Nazirin bu çıxışı vəziyyətin necəliyini ortaya qoyur. Təhsil Nazirliyi və “Azəristiliktəchizat” ASC birgə layihəylə 2 il ərzində cəmi 700 məktəbin istilik sistemini bərpa ediblər. Tutaq ki, bu iş davam edib və 2009-2011-ci ildə daha 700 məktəbin istilik sistemi bərpa olunub. Axı Misir müəllim özü deyir ki, ölkədə 4256 məktəb var. Bu gedişlə məktəblərin istilik sistemlərinin bərpasına, yenidən qurulmasına uzun illər gərəkdir. Ümidi yenə də gözləməyə, dözməyə qalır, dözümü, səbri tükənməz xalqımızın. Şair demişkən,
Döz bu dərdə dözənəcən,
Bu dərd səni üzənəcən…
Üzülməyin, əziz məktəbli balalarımız, bu qış da keçəcək, yenə qanımızı coşduran yaz, sümüklərimizi qızdıran isti yay gələcək. Şübhəniz olmasın…
azadmekan.org
P.S. yaxud son söz əvəzi
Nazirliyin siyahısına baxarkən bəzi rəqəmlər diqqətimi çəkdi. Rayon məktəblərinin sayı heç də əhali sayına uyğun deyil. Təəssüf ki, burdan da korrupsiya iyi gəlir. Daha çox diqqət çəkənsə qaçqın məktəblərinin sayının çox olması, onların əsasən “salyarka” və elektriklə qızdırılmasıdır. 79 min nəfər əhalisi olan Kəlbəcərin 114 məktəbi var. 192 min 500 nəfər əhalisi olan Lənkəranda isə cəmi 89 məktəb var. 73 min nəfər əhalisi olan Laçının 128, 136 min əhalisi olan Bərdənin 75, 189 min 900 nəfər əhalisi olan Abşeronun cəmi 36-ı məktəbi var. Laçın məktəblərinin 53-ü elektriklə, 75-i isə salyarkayla qızdırılır. Korrupsiya iyi hiss eləmədiniz?!.
Rövşən Hacıbəyli