BMT planın icrasına qarşı çıxdı
Avropa Birliyinin (AB) 28 ölkəsinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu miqrasiya ilə bağlı sazişin 6 prinsipinə dair razılığa gəliblər.
Əldə olunmuş razılaşma Avropa Birliyinə Yaxın və Orta Şərqdən “Balkan marşrutu” ilə qanunsuz miqrasiyaya son qoyacaq və ittifaq daxilində Şengen sazişinin fəaliyyətini bərpa etməyə imkan yaradacaq.
Sazişə əsasən, Avropa Birliyi ölkələrindəki qeyri-leqal miqrantlar Türkiyəyə qaytarılacaq və onların hər birinin əvəzinə AB-yə leqal suriyalı miqrant göndəriləcək. Eyni zamanda, Türkiyə onun ərazisindən avrozonaya keçən bütün yeni qeyri-leqal miqrantları geri alacaq. Bunun əvəzində, Türkiyə ilə viza reciminin liberallaşdırılmasına və onun Avropa Birliyinə qəbul edilməsinə dair danışıqlar sürətləndiriləcək. Həmçinin vəd olunmuş 3 milyard avronun ayrılması tezləşdiriləcək.
BMT miqrant böhranın radikal yolla çözülməsinə yönəlmiş Avropa Birliyi-Türkiyə planından narahatlıq bildirərək onun beynəlxalq qanunvericiliyə zidd ola biləcəyinə diqqət çəkib: “Plana əsasən, Türkiyədən Yunanıstana gələn bütün miqrantlar geri qaytarılmalıdır. Hər bir geri qayıdan suriyalının əvəzinə isə Türkiyədə müvəqqəti məskunlaşan suriyalıya Avropa Birliyindən sığınacaq veriləcək. BMT-nin Qaçqınlar üzrə Agentliyi olaraq bildiririk ki, əcnəbilərin ölkədən kollektiv sürətdə çıxarılması Avropa qanunvericiliyilə ziddiyyət təşkil edə bilər”.
“Amnesty International” təşkilatı isə həmin planı sığınacaq almaq hüququna qarşı çıxarılmış ölüm hökmü adlandırıb.
Brüssel sammitində Avropa Birliyi ilə Türkiyə arasında müzakirə olunmuş sövdələşmə hələlik yekunlaşmayıb. Miqrant böhranının həllinə dair danışıqlar martın 17-18-də keçiriləcək AB sammitində davam etdirilməlidir.
Tərəflər birgə planın konkret detallarının uzlaşdırılması və öyrənilməsi üçün vaxt lazım olduğunu bəyan ediblər.
Hazırda Avropa Ikinci Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üzləşib. Ötən il AB ərazisinə 1 milyondan artıq insan qeyri-qanuni daxil olub, onların çoxu qayıqlarla Türkiyədən gəlib. Miqrantların əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan sakinlərdir.
Daha 2.7 milyon suriyalı qaçqın hazırda Türkiyədə müvəqqəti məskunlaşıb.
Böhranın öhdəsindən gəlmək üçün qəti addımlar atılmasının vacibliyini vurğulayan AB rəhbərləri aşağıdakı tədbirlərin görülməsini təklif edirlər:
* Türkiyədən Yunanıstana qeyri-qanuni gələn miqrantların hamısı Türkiyəyə qaytarılır. Qeyri-qanuni miqrantlar normal tranzit prosedurlardan keçməyən, sənədsiz gələnlərdir.
* Geri qaytarılan hər bir suriyalının əvəzində, Türkiyədən bir suriyalı AB-də yerləşdiriləcək.
* AB Türkiyə vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasını sürətləndirəcək. 2016-cı ilin iyun ayına qədər AB Türkiyə üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək.
* AB Türkiyəyə vəd etdiyi 3.3 milyard dollar maliyyə yardımının ödənişini sürətləndirəcək. Böhranın öhdəsindən gəlmək üçün Türkiyəyə bundan əlavə də maliyyə yardımının ayrılacağı vəd olunub. Türkiyə xəbərlərə görə, AB-dən maliyyə yardımını 6 milyard dollaradək artırmağı xahiş edib.
* Türkiyənin AB üzvlüyünə dair danışıqların yeni mərhələsinin başlanması barədə qərarın verilməsinə dair hazırlıq aparılacaq.