Polislə əməkdaşlıq edənlərin mənfi imici formalaşmazdı
Ölkə başçısı Ilham Əliyevin fərmanı ilə “Ictimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası”na əsasən, vətəndaşlar ictimai asayişin qorunmasında polislə əməkdaşlıq edəcəklər. Fərmana əsasən, yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan vətəndaşları könüllülük əsasında polislə işbirliyinə cəlb ediləcəklər. Polislə əməkdaşlıq edən şəxslər xüsusi geyim forması, döş nişanı və vahid nümunə vəsiqələrlə təmin olunacaqlar.
Təbii ki, polisin hər bir cəmiyyətdə böyük rolu var və polis təhlükəsizliyin təminatıdır. Yəni, polisin xidmətlərini danmaq olmaz, polis olmasa ölkədə özbaşınalıq hökm sürər və s. Amma Azərbaycanın da öz reallıqları var və bu reallıqlara münasibət bildirmək lazımdır.
Etiraf edək ki, bu fərman cəmiyyətdə birmənalı qarşılanmadı, sosial şəbəkələrdə ironiya obyektinə çevrildi.
Bu məsələyə Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsininÿsədri Əli Hüseynli də münasibət bildirib. “Bu məsələdə gərək daha çox televiziyalar ictimai asayişin qorunmasında ÿiştirak edəcək vətəndaşların müsbət obrazlarını yaratsınlar. Bəzən media daha çox cüzi olan neqativləri göstərib bir sıra hallarda ”komik” obrazlar da yaratmağa çalışır. Məncə, daha çox müsbət obrazları yaratmaq lazımdır ki, insanlar hüquq-mühafizə və polis orqanlarına güvənsinlər. Gərək biz hədəf kimi hüquq-mühafizə və polis orqanlarında müsbət obrazları götürək ki, cəmiyyətdə də buna uyğun olaraq ictimai şüur və düşüncə formalaşsın”- deyə Əli Hüseynli bildirib.
Bəli, deputat məsləhət görür ki, polislə əməkdaşlıq edənlərin müsbət obrazını yaradaq. Yenə də problemin həllinə ayaqdan başlayırlar. Hansıki, problem başdadır.
Əvvəla, hökumətin özünün imici düzəlməlidir. Hökumət vətəndaşa qul kimi yox, hakimiyyətin mənbəyi kimi baxmalıdır. Hökumət vətəndaşa hörmət etməli, vətəndaşın haqqını oğurlamamalı, cəmiyyətdə nüfuza sahib olmalıdır. Bəli, hökumətə sevgi və etimad olmalıdır ki, hökumətin qərarlarına da hörmətlə yanaşılsın.
Ikincisi, polisə etimad yaradılmalıdır. Polis cəmiyyətdə imic qazanmalıdır, vətəndaş polisə əsayişin keşikçisi kimi baxmalıdır. Polis cibə narkotika atırsa, məhkəmədə yalançı şahidlik edirsə, bazarda limon satandan “haqq” alırsa, yaşlı göysatan qadını təpikləyirsə, cəmiyyətdə polisə münasibət dəyişməyəcək. Polislə əməkdaşlıq edənlər isə birmənalı şəkildə “işverən” adlandırılacaq.
Heç kimə sirr deyil ki, Azərbaycan reallığında polislə əməkdaşlıq etmək ədalətin bərqərar olunması üçün yox, ədalətsizliyin təmin edilməsi üçündür. Siyasi məhbusların məhkəmə proseslərindən bunu aydın görmüşük. Bugünə qədər yüzlərlə aktivisit “polisə müqavimət” ittihamı ilə həbs olunub. Polislər məhkəmə qarşısında qorumalı vətəndaşın cəzalanmasına xidmət edib.
Bütün bunlar isə hökumətin mahiyyətindən doğub. Dəyərlər tapdanıb, qanunlar işləməyib, məhkəmə hökmləri sifarişi olub və s. Yəni, polisə qarşı münasibətin birmənalı olmaması, hökumətin xislətiylə bağlıdır.
Birdə ki, polislə əməkdaşlıqda məqsəd, neqativlərin aradan qaldırılması üçündürsə, mətbuat uzun illərdi bu neqativləri yazır. Vəzifəli şəxslərlə bağlı yüzlərlə faktlar var, seçki saxtakarlığı ilə bağlı yüzlərlə görüntülər var, çirkli pullar hesabına milyarderə çevrilmiş məmurlar var. Bu qədər fakt qarşısında adekvat addım atmayanlar, polislə əməkdaşlıq edənlərin sayəsində ədaləti bərqərar edəcəklər?
Bu ölkədə çoxdandır ki, hökumətlə əməkdaşlıq edənləri “qara siyahı”ya salıblar. Hökumətlə əməkdaşlıq etmək kompromat sayılır. Belə olan halda, polislə əməkdaşlıq edənlərə necə imic düzəltmək olar? Bu ölkədə həqiqətləri yazan, korrupsiyanı ifşa edən jurnalistlər şərlənərək həbs olunub. Indi jurnalistlərdən polislə əməkdaşlıq edənlərin müsbət imicini yaratmağı tələb edirlər. Yaxşı olar ki, hökumət həqiqi iş yerləri açsın. Bu ölkədə onsuz da polis normadan artıqdır və heç bir əməkdaşa ehtiyac yoxdur. Hər tində, hər ağacın altında durublar.
Bir sözlə, bu imitasiyalardan əl çəkmək lazımdır. Pis ənənələri rəsmiləşdirməyə ehtiyac yoxdur. Belə addımlar hökuməti daha da gözdən salır. Cavanların polislə işbirliyində olmasına yox, hökumətin vətəndaşla işbirliyinə ehtiyac var.
İlham