İlk iki ayın vergi yığımı vəziyyətin kritik olduğunu göstərir
Martın 4-də Vergilər Nazirliyində istehsalla məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib. Nazirlikdən fins.az-a verilən məlumata görə, görüşdə Bakıda və ölkənin digər bölgələrində işləyən sahibkarlar iştirak edib.
Bununla yanaşı, nazir müavini iş adamlarına da şəffaf işləməyin vacibliyini xatırladıb. S.Ələkbərov sahibkarlara xatırladıb ki, uçotun düzgün aparılmasını hazırda əsas məsələlərdən biridir.
Bir neçə gün əvvəl də Vergilər Nazirliyinin rəhbərliyi ticarətlə məşğul olan sahibkarlarla görüşmüşdü. Həmin görüşdə ticarətçilər bildirmişdilər ki, onlar bəzi hallarda yerli istehsalçılardan götürdükləri mallara görə sənəd ala bilmirlər. Nazir müavini bu məsələni yerli istehsalçılara xatırladıb və belə halların yolverilməz olduğunu bildirib. Sahib Ələkbərov bildirib ki, belə faktlar aşkarlanarsa, vergi orqanları tərəfindən lazımi tədbirlər görüləcək.
Vergir Nazirliyinin sahibkarlara xəbərdarlıqları, ümumiyyətlə bu tip görüşlər təsadüfi deyil. Məsələ burasındadır ki, 2016-ci ilin birinci rübünün başa çatmağına az qalıb. Lakin vergi toplanmasında vəziyyət ürəkaçan deyil. Məlumatlara görə, iki ayın göstəriciləri bu il Vergilər Nazirliyinin öhdəliyi yerinə yetirə bilməyəcəyi qənaəti yaradır. Qeyd edək ki, bu il dövlət büdcəsinə 2 milyard əlavə olunmaqla Vergilər Nazirliyinin üzərinə ağır yük qoyulub. Təsadüfi deyil ki, Fazil Məmmədov ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurmuşdu.
Ekspertlər də bildirirdi ki, Vergilər Nazirliyi bu ilki öhdəliyi yerinə yetirməkdə çox çətinlik çəkəcək. Çünki ötən illə müqayisədə bu il vəziyyət daha kritikdir.