YAP-ın sədr müavini Əli Əhmədovun açıqlamasını oxuyuram, deyir ki, ziyalılıq peşədir, gərək ziyalılar da öz peşəsi ilə məşğul olsunlar. Sitat: “Ziyalı siyasətə baş vurursa, deməli, artıq o, tükənib”. Hələ tarix belə gülünc, bisavad cümlə eşitməyib.
Əvvəla, ziyalılığın peşə olduğunu təzə eşidirik. Bəlkə Azərbaycan universitetlərində ziyalı fakültəsi də var, ziyalı peşəsinə yiyələnmək üçün isə mütləq oranı bitirmək, sonra da hansısa mikrorayona ziyalı işləməyə getmək lazımdır? Bu ağılda adamların idarə etdiyi ölkədə nə desən, olar.
Əli Əhmədov kimilər anlamaya, anlayıb da qəbul etməyə bilərlər, ancaq hər kəsə gün kimi aydındır ki, ziyalılıq missiyadır. Cəmiyyəti aydınlatmaq, onu doğrulara yönəltmək missiyasıdır, ziyalılıq.
O ki qaldı siyasətə baş vurmasının ziyalını tükətməsinə, Əli Əhmədovun bu sözlərinin alt qatında nə yatdığını başa düşürük: qorxu! Bəli, YAP-ın sədr müavini ölkənin aydın insanlarının, yaradıcı adamlarının, düşünən beyinlərinin siyasətə qoşulmasından qorxur, eyni zamanda, bütünlükdə Əliyevçi rejimin bu prosesdən qorxusunu ifadə edir.
Bir dəfə Ilham Əliyev demişdi ki, xalqın siyasiləşməsinə qarşıdır. Indi ziyalının da siyasiləşməsinə qarşı çıxırlar. Bilirlər ki, siyasiləşmiş bir xalq və siyasiləşmiş bir ziyalı zümrəsi istənilən istibdad rejiminin sonudur, məhvidir, cəhənnəmə gömülməsidir. Ona görə də bunlar hər kəsin, o cümlədən, ziyalının bir hücrəyə çəkilib lal-dinməz oturmasını istəyirlər. Başıaşağı, üzüyola olmasını istəyirlər. Ki, ölkə aydınlanmasın. Ölkə aydınlanmasın ki, bunlar da qaranlıqda millətin sərvətlərini rahat-rahat çırpışdıra bilsinlər.
Oysa, bir yaradıcı adam nə qədər böyük əsərlər yaradır, yaratsın;
Nə qədər böyük kəşflərə, ixtiralara imza atır, atsın;
Nə qədər yüksək ordenlər, medallar alır, alsın;
Nə qədər fəxri adlar qazanır, qazansın…
Əgər aid olduğu toplumun dərdlərinə biganədirsə, vətəndaş mövqeyindən məhrumdursa, həqiqətdən yox, yalandan yanadırsa, əzilənin yox, əzənin yanındadırsa, baş verən bütün pisliklər qarşısında səssizdirsə, təpkisizdirsə, tükünü tərpədib qılını qımıldatmırsa, lal, kar, kordursa, bunların heç bir mənası, anlamı qalmır. Bu, həmin yaradıcı adamın nə insanlıqdan, nə ziyalılıqdan nəsibini almadığını göstərir.
***
Hətta bir anlığa təsəvvür etsək ki, Əli Əhmədov haqlıdır, ziyalı siyasətdən məsafə saxlamalıdır, o zaman soruşmaq ayıb olmasın, YAP-ın rayon təşkilatlarının tez-tez “Heydər Əliyev: böyük siyasətçi və ziyalı” mövzsunda tədbirlər keçirməsinə (məsələn, bu linki tıklaya bilərsiniz: httr://xalqqazeti.com/az/losal/heyder-eliyev-boyuk-siyasetshi-ve-ziyali) nə ad verək? Əli Əhmədov cavab verə bilərmi ki, Heydər Əliyev siyasətçi idisə, deməli, ziyalı deyildi? Yox, əgər böyük ziyalı idisə, bəs siyasətə niyə baş vurmuşdu? Heydər Əliyevin siyasətə baş vurması onun da ziyalı kimi tükəndiyinimi göstərirdi?
Buyursun, cavab versin. Gözləyirəm.
Fikrət Qocanın yuxuda Həccə getməsi
Xalqsız xalq şairi Fikrət Qoca yuxuda Həccə getməsi barədə bir şeir qaralayıb. Şeirin bədii tərəfləri haqqında danışmaq istəmirəm, çünki belə şeirləri vaxtilə 3-4-cü sinif uşaqları yazıb “Göyərçin” jurnalına göndərirdilər.
Mənə komik görünən şeirin məzmunu idi. Orada xalqsız xalq şairi kimsəsizlərin var-yoxunu çapıb-talayanların və belələrinin ayağını yalayanların Həccə gedib şeytanı daşlamasına etiraz edir. Çox gözəl.
Amma axı belə bir şeir yazmağa Fikrət Qocanın hansı mənəvi haqqı var? Millətin var-yoxunu talayanların və onların ayağını yalayanların Həccə getməsinə, şeytanı daşlamasına etiraz edirsə, bəs özü “Yaşa, prezidentim, yaşa” şeirini niyə yazırdı? Bəs özü niyə bu talançı, sümürücü rejimin yanındadır? Bəs özü niyə şeytanı mədh edir?
Adam hər şeyə etiraz edə bilər, etiraz bir insanın ən qutsal, ən təməl haqqıdır. Amma etiraz edərkən də əvvəlcə bu haqqı qazanmaq, buna mənəvi haqqı çatıb-çatmadığını müəyyənləşdirmək lazımdır. Ki, sonra bizim xalqsız xalq şairi kimi pis vəziyyətə düşməyəsən, ağır suallarla üzləşməyəsən.
***
Günün sözü Ernst Baklerdən:
“Ümidsizliklə mübarizə aparmaq lazımdır, çünki o, dirilər üçün deyil, ölülər üçündür”.