Dünən Bakıda daha bir məscidin bağlandığını eşidərkən, dekabrın 31-də təzə ili qarşılamaq üçün uşaqlara qoşulub Bakı bulvarına getməyimi xatırladım. Bir az da tez getmişdik ki, gəzək, əylənək. Sevdiyimiz şəhəri qələbəlikdə hiss etməyin çox zövqlü olduğunu düşünürdük. Getdik və getməyimizə də peşman olduq. Əsasən də məktəbin yuxarı siniflərində oxuyan və təzə məzun olanlar qismindəki yeniyetmələrə baxdım və dəhşətə gəldim.
Söyüşün eşitmədiyim növlərini dinlədim. Mən söyüşə isterik yanaşan adan deyiləm. Böyük şəhərdir, hər cür adam var və ümumiyyətlə, həyatın hər üzü var. Ara-sıra orda-burda söyüş də eşitməli olursan – istəsən də, istəməsən də. Təəssüf ki, bəzən də real vəziyyəti ancaq söyüş ifadə edir. Amma biz həmin gün dənizkənarı parkda yalnız söyüş eşidirdik. Ümumiyyətlə, yeniyetmələrin bir-birinə ucadan “xiyar” deyə müraciət etməsi adi qaydaya çevrilib.
Söyüş qalsın bir yana. Hərəkətlər şit, mənasız, cılız idi. Heç bir emosiyanı və kreativliyi ifadə etmirdi. Yelbeyinlikdən başqa heç nə hiss etmirdin. Tək bir yerdə bir neçə gəncin sifətlərinə maska taxıb, maraqlı rəqslər etdiyini, kiçik bir tamaşa qurduqlarını gördük. Amma ətrafdakı yaşıdları buna da söz atır, hırıldayır və onları bəyənmədiklərini göstərirdilər. Hərənin əlində bir partlayıcı paket, hətta yaşlıların və uşaqların ayağının altına tullayırdılar.
Gəldiyimizdən razı qalmadıq və hesab etdik ki, təzə ili Biləcəridə vaqon deposunda, yaxud kədərli şəhər avtovağzalında qarşılamaq bundan yaxşıdır və evimizə gəldik. Yolboyu mən yalnız bir şeyi fikirləşdim. Bizim təhsil sistemi uşaqlarımızı oxutmaqdansa, pozmaqla məşğuldur. Yadıma jurnalist Rövşən Hacıyevin söylədiyi bir əhvalat düşdü. Onların kəndində məktəbə getməyən bircə nəfər varmış, ondan niyə oxumadığını soruşanda deyirmiş: “Məktəb mənim tərbiyəmi pozur”.
Uşaqlarını məktəblərdəki mühitdən, ənənələrdən, dəstələrdən qorumaq üçün həyəcanla mübarizə aparam valideynlər yadıma düşdü. Bir nəfər bu yaxında mənə söylədi ki, oğlunu məktəb dostları sıxır ki, niyə söyüş söymür, niyə dəcəllik etmir. Deyirlərmiş ki, sən mama uşağısan.
Mən artıq inandım ki, biz məktəbləri ictimai hay-küylə təmir etdirir, onların qızdırılmasının davasını aparırıq, əvəzinə pozucu mühiti daha rahat, daha münbit edirik. Bu məktəblərsə bizə bəladır. Əvvəllər bir söz dəbdə idi – məktəb açmaq. Çünki Avropada təsirsiz qazların keçiriciliyi kəşf ediləndə bizdə hərfləri yazıb-oxumağa məktəb yox idi. Amma indi o fikirdəyəm ki, indiki məktəbləri yenidən açmaq lazımdır. Hətta Məleykə Abbaszadənin məzunların aşağı bal toplaması ilə bağlı fikirləri də mənə tam mənasız görünür artıq. Həqiqət olsa da, aldadıcı şeylərdir. Çünki daha qorxulusu odur ki, ölkədə məktəb pozuculuq mühitinə çevrilib…
Bu məktəblərdə oxuyanlar asanlıqla oğru, yaltaq, riyakar ola bilər. Belələri asanlıqla təsir altına düşür, asanlıqla mövhumata, xarici missionerlərə aldanır. Bizim məktəbsiz hakimiyyət də qorxuya düşüb, məscidləri qapadır. Amma özləri siyasi mövhumata düçar olmuş bu adamlar kimlərə kömək etdiklərini anlamırlar…
A kişilər, məktəbləri açın, iş yerləri açın, nəhayət, ədalətin qabağını açın. Bakının böyüründə və ucqar kəndlərdə artıq valideynlər qızlarını məktəbə buraxmır. Bunun qabağını alın. Rüşvətin, yaltaqlığın, saxtakarlığın qapısını bağlayın. TV-ləri, radioları xalqın və doğruların üzünə açın, azad mətbuatın qabağındakı əngəlləri götürün. Müxtəlif fikirliliyi, ictimai plüralizmi, debatları, sərbəst toplaşmanı, azad düşüncəni boğmayın. Həqiqət budur. Həqiqətin iki başı yoxdur, bircə başı var. Amma iki buynuzu var, normalda o buynuzlardan birinin sənin başına girməsinə razı olmasan, onda ikinci buynuz adamın qarnına qara bir sancı kimi girir. Sancının səbəbi budur…