Ilham Əliyevin 31 dekabr axşamı telekanallardakı bayram çıxışının mətnini yeni oxudum. Ənənəsinə sadiqdir, yenə inkişafdan danışır, pullarımızın çox olmasından danışır, xalqın yağ-bal içində üzməsindən, gəlirlərinin artmasından danışır.
Və adama elə gəlir ki, ya biz başqa ölkədə yaşayırıq, ya da o başqa ölkənin rəhbəridir.
Hətta bir anlığa təsəvvür edək ki, hər şey Ilham Əliyevin dediyi kimidir. Əlimiz pulla oynayır, xalq yağ-bal içində üzür, qaz vurub qazan doldurur, bu nəyi dəyişir ki? Adambaşına düşən gəliri, ümumi daxili məhsulu 21-ci əsrdə inkişaf göstəricisi kimi qələmə vermək hansı məntiqə sığır?
Ona qalsa adambaşına düşən 90 min dollarlıq gəlirlə dünyanın ən inkişaf etmiş ölkəsi Qətər sayılmalı ikən niyə dünyanın ən inkişaf etmiş ölkəsi bundan iki dəfə az göstərici ilə Norveçdir?
Çünki 21-ci əsrdə bir ölkədə ədalət yoxdursa…
Hüquq yerlərdə sürünürsə, qanunlar kağız parçasına çevrilibsə, Konstitusiya bir nəfərin istəyinə, məqsədlərinə görə asanlıqla şəkildən-şəkilə düşə bilirsə…
Məhkəmələr azad deyilsə, hakimin də hakimi varsa…
Bir adamın iradəsi milli iradənin üstündədirsə…
Parlament seçki ilə yox, təyinatla formalaşırsa…
Hakimiyyət irsidirsə…
Söz, ifadə azadlığı ayaqlar altındadırsa, sərbəst toplaşmaq azadlığı isə ümumiyyətlə, ləğv edilibsə… Insanlardan karyera qurmaq, yüksəlmək üçün illah ki, alçalmaq tələb olunursa…
Yalan və yaltaqlıq həyat tərzinə çevrilirsə…
Korrrupsiya, talançılıq idarəetmə normatividirsə, o ölkədə inkişafdan danışmaq, tərəqqidən dəm vurmaq populizmdir, nağılçılıqdır, sillə ilə üz qızartmaqdır.
21-ci əsrdə bir ölkənin üzağlığı, bir ölkənin öyüncü onun çağdaşlığındadır, modernliyində, uyğarlığındadır. Dünyəviliyindədir. Onun demokratik dəyərlərə sadiqliyindədir. Hüquqa və milli iradəyə bağlılığındadır.
Siz bunların hamısına sırtınızı dönüb, siz bunların hamısını görməzdən gəlib, siz bunun hamısını çeynəyib sonra ağzınızla quş tutsanız çifayda, adınızı tarixin üzqarası olan tiranlarla qoşa çəkilməkdən xilas edə bilməzsiniz. Qınaq və tənqid hədəfi olmaqdan qurtula bilməzsiniz.
Doğrudanmı, bu qədər sadə, adi həqiqətləri bilmir Ilham Əliyev. Bilmirsə – pis, bilib qəbul etmirsə – lap pis.
Bu, həm də axırının lap pis olacağı anlamına gəlir, heç olmasa, bunu bilsin.
Bunlar belə sırtıqdırlar
Bəşər Əsədin dünənki bəyanatı tiranlardakı həyasızlıq duyğusunun nə qədər hüdudsuz olduğunun göstəricisidir. Deyir ki, xalq istəsə, istefa verərəm.
Əvvəla, bu bəyanat suriyalılara təhqirdir. Onları ələ salmaq, onları alçaltmağa çalışmaqdır. Bəyəm aylardır küçələrə çıxan, meydanlara axışan yüzminlər xalq deyilmi? Xalqın başında palıd ağacımı olur? Ikincisi, son hesablamalara görə, Əsəd rejiminə qarşı qiyamda bu günədək 6 minə yaxın insan həyatını itirib. Amma bu qədər itki də etirazçıların inadını qırmayıb, inamını sındırmayıb. Bəyəm bu istefa üçün yetərli deyilmi? Axı bu pəzəvəngin hakimiyyəti buraxıb rədd olması üçün başqa nə baş verməlidir? Yoxsa Bəşər Əsəd gözləyir ki, sonuncu suriyalını da öldürsün, sonra görsün, bay, xalq indiyədək doğrudan da onun istefasını tələb edirmiş ki?
Bir sözlə, biz Bəşər Əsədin timsalında antixalq rejimlərinin gerçək üzünü, əsl mahiyyətini bir daha görürük. Görürük ki, onlar nə qədər gönüqalın, nə qədər qalınqabırğalıdırlar, hətta xalqın öz prinsipləri, öz arzuları naminə ölümə getməsi belə, onlar üçün heç nə ifadə etmir, hətta xalqın tökülən qanları ilə belə, rahatlıqla məzələnirlər, mırt tuturlar, heç vicdanları da sızlamır.
Günün sözü Pouerdən:
“Yuxuları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır”.