xanbahadir@mail.ru
Bugünlərdə əlimdəki pultla telekanalları fırladırkən hamı kimi üzünə baxmadığım AzTV-lərin birində tribunadan çıxış yapan Kamal Abdullanı görüb əl saxladım. Kamal Abdulla kimdir? Kamal Abdulla bizim keçmiş, eləcə də tanınmış filoloq dostlardandı. O indi prezident sarayının ünlü funksionerlərindəndir. Kamal Abdulla kimiləri rejim üçün bəzəkli-çəkici fasad rolunu oynadığı kimi, AzTV-lər üçün də ona bənzər rol oynayırlar – belələrini görəndə kimlərsə istər-istəməz əl saxlayır, az ara olsa da, pulta dinclik verirlər. Mən də bunu etdim.
Keçmiş dostumz bu ilin ŞAH damarından tutmuşdu: multikulturalizmdən danışırdı. Bəlli olduğu kimi, dövlətin başında duran adam bu ili “Multikulturalizm ili” adlandırıb. Bu yöndə danışıb, çıxıb edib. Indi söz bu işin yükü boynuna qoyulanlardadır: onlar xalqa ilin sonunadək multikulturalizm nağılları danışıb baş qatmalıdırlar.
Keçən il “Kənd təsərüfatı ili” idi. Dövlətin başında duran adam ötən illərdə olduğu kimi, yenə öz sözünü deyib çıxıb getdi. Sonra söz verildi kənd təsərüfatı naziri Heydər Əsədovla AzTV-lərə. Qabaqkı illərdə adına olan alanlar necə batırılmışdısa, ötən il də kənd təsərüfatı deyilən YAĞI, QARI DÜŞMƏN eləcə batırıldı! Ikicə fakt: qabakı illərdə əkinçilərə 50 manat (əlli manat: ha-ha-ha!) subsidiya verilirdi, 10 milyarda (on milyarda!) başa gələn Avropa oyunları da tərslikdən gəlib kənd təsərüfatı ilinə düşüdüyündən, daha doğrusu, o axmaq, yaramaz “kənd təsərüfatı ili” gəlib Avropa oyunları ilə bir ilə düşdüyündən, əkinçilərə 50 manat yerinə 25 manat verildi. Bundan başqa, qabaqkı illərdə 41 qəpiyə alınan pambıq “kənd təsərüfatı ilində” 36 qəpiyə alındı. Bununla da çox sayğılı, olduqca urvatlı Avropa oyunları ilinə soxulmuş “kənd təsərüfatı ilinə” onun arxasında duran canlı varlıqlarla birlikdə “Get, cəhənnəm ol!”, deyildi.
Indi “Multikulturalizm ilini” xalqımız necə başa vuracaq, deyə bilmərəm. Düzü, burasını dünyanın altını-üstünü bilən Vanqa nənənin özü də bilməyib. Bilsəydi, sözsüz, deyərdi, biz də bilərdik. Kim bilir, bəlkə də, Vanqa nənə bu yöndə nələrsə danışıb, ancaq, indiki rejimin nöyütlü-qazlı, kürülü-balıqlı əli çox-çox uzaqlara çatdığından Vanqa nənə Azərbaycandakı “multikulturalizm ilinin” nəylə sonuclanacağından danışmağı, ola bilsin, “unudub”. Bu gün AŞ PA-nın başında duran Aqramunt Azərbaycandakı siyasi repressiyalardan, yurddaş toplumunun darmadağın edilməsi faktından hələ neçə illər öncələrdən danışmağı “unutduğu” kimi!
Bu yerdəcə yadıma Kamal Abdulla düşdü. @Multikulturalizm çox mədəniyyətlilikdir” deyə, 2016-cı ilin Azərbaycandakı başlıca olayına yetərincə açıqlama verən K.Abdulla dövlətin başında duran adamın multikulturalizmlə bağlı bir ay qabaq dediklərini bir daha multikulturalist xalqımıza çatdırmaqla, sözsüz, çox savab iş gördü. Yoxsa, əkinçi-biçinçi, alverçi-müəllim xalqımız bir yana, bizim “milli elmlər akademiyasında” işləyənlər də multikulturalizmin nə olduğunu bilmirdi. Bu bilgiyə görə mən aşağı-yuxarı bütün xalqımız adından funksioner doktor-professora sayğılarımı sunuram.
Ancaq, arxadaşlar, düzü, funksioner dok. prof. Əliyevlər hakimiyətinin, başqa sayaq desək, rejimin, o başdan bu başa (burasını açıq demədi: 1969-danmı, 1993-dənmi?) böyük, geniş, dərin multikulturalist siyasət yürütdüyündən danışanda mənim ona bir az inanmağım gəlmədi. Hakimiyətə çoxdan planlaşdırılan çevriliş yoluyla gələsən, ayağının altını bərkidən kimi min illərdən bəri bu ölkədə dövlət oluşduran xalqın adını (TÜRK adını) üstündən götürəsən, sonra onu çeşidli yollarla yenib yoxluğa sürkləyəsən – budurmu rejimin multikulturalizm siyasəti? Bəs bir çox yad düşüncəlilərin aradan götürülməsi, türməyə doldurulması, ölkədən qaçaq salınması, başqalarının çeşidli basqılar altında tutulması? Bəlkə, sonu görünməyən siyasi repressiyalar da rejimin multikulturalist siyasət örnəklərindəndir? Bəlkə, qapılarını yalnız yalana-yaltaqlığa açan televizyalar da multikulturalist rejim siyasətlərindəndir? Bəlkə… bəlkə… bəlkə də…