Adam Erli: «Bu, Alyansın ürəyinə istiqamətlənmiş bıçaqdır»
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi, 2007-ci ildən 2011-dək Birləşmiş Ştatların Bəhreyndəki səfiri postunu tutan Adam Ereli “Forbes” jurnalında maraqlı məqalə ilə çıxış edib.
“Yeni Putin dövləti” adlı məqalədə Ereli ötən ilin sonlarında Kremlin Ermənistanla hərbi sahədə imzaladığı sazişin detallarına toxunub.
Müəllif yazır ki, yeni ilə iki gün qalmış – amerikalı siyasilər bayram əhvalında ikən Rusiya səssiz-səmirsiz Ermənistanla saziş imzladı: “Söhbət, Hava Hücumundan Müdafiəyə dair Birləşmiş Regional Sistemin qurulmasını nəzərdə tutan razılaşmadan gedir. Bu, Rusiya qoşunlarının regionda möhkəmlənməsi deməkdir. Proses səssiz gedirdi. Həm də açıq şəkildə göstərirdi ki, Putin NATO sərhədlərində yeni dövlət qurur. Bununla da kifayət qədər vacib müttəfiq olan ABŞ-ı təhdid edir.
Vaşinqton Ermənistanın güc və vasitələrinin bu şəkildə qruplaşmasını sükutla qarşıladı. Baxmayaraq ki, bu, Vladimir Putinin regionda hegemonluğu təmin etmək planının əsas hissəsidir. Və Kreml bu planı regiondakı “marionetkası” olan Suriya ilə birgə həyata keçirməyi düşünür.
ABŞ Rusiyanın Iranla nəhəng hərbi əlaqələr qurmasına da səssiz qaldı. Əsas məsələlərdən biri odur ki, Ermənistan NATO üzvü olan Türkiyə ilə sərhəddədir. Onların sərhədinin ümumi uzunluğu 265 kilometrdir.
Rusiyanın Suriyadakı hərbi iştirakının fəallaşdığı son 6 ayda Kreml Türkiyəyə təzyiqləri gücləndirdi. Həmçinin Ermənistanda silahlı qüvvələrinin sayını artırdı. Orada müasir hərbi texnika – “Taxion”, “Mi-24” hərbi vertolyotları, “Isgəndər-M” ballistik raketləri yerləşdirdi. Ermənistanda hərbi iştirakını artırmaqla Putin NATO və ABŞ-ın Avropadakı maraqlarına təhdid yaratdığını növbəti dəfə ortaya qoydu.
Ermənistan-Rusiya alyansı möhkəmlənir. Hazırda Rusiyada iki hərbi baza və 5 min rus hərbiçisi var.
NATO üzvü olan başqa bir ölkənin sərhədində Rusiyanın bu qədər hərbi qüvvə və texnikası olsaydı, bu, qəzəbli etirazlara gətirib çıxarardı.
Bəs niyə biz Türkiyəyə qarşı bu aqressiyaya susuruq? Və niyə Rusiyaya qarşı bu cür “qonaqpərvərliyinə” görə Ermənistanı mühakimə etmirik?
Erməni-Rusiya alyansının möhkəmlənməsinə, Rusiyanın Ermənistanda hərbi iştirakını artırmasına səssiz qalmamalıyıq.
Bu, NATO-nun ürəyinə istiqamətlənmiş bıçaqdır. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, Ermənistan bütün bunlara göz yumur. Rusiya da bundan istifadə edib bizim maraqlarımıza təhdid yaradır. ABŞ hökuməti danışıqlar aparmaq əvəzinə Putinin güc nümayiş etdirməsi ilə barışır. 20-ci əsrin təcrübüəsi göstərir ki, bunun sonu xeyir olmayacaq”.