Dollar kreditlərinin kompensasiyasına pul tapmayan hökumət «JEK»ləri niyə ləğv etmir?
«2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsinə «JEK»lər vətəndaşlara xidmət göstərə bilməz»
Bu ilin büdcəsində diqqət çəkən xərclərdən biri də 447 milyon mənzil-kommunal təsərrüfatının saxlanılmasına yönəldilməsidir. Manatın ikinci devalvasiyadan sonra dollarda krediti olan vətəndaşların borclarını əvvəlki kursla qaytarması gündəmə gəlsə də, hökumət bəyan etdi ki, bu layihənin icrası üçün 250 milyon vəsait lazımdır.
Sonda bu vəsait tapılmadığından bu təklif yenə arxivə göndərildi. Deputat Fəzail Ağamalı 447 milyonun bu istiqamət üzrə xərclənməsini lüzumsuz addım sayır. Onun fikrincə, bu qədər vəsaitlə “JEK”lərin saxlanılmasına heç bir ehtiyac yoxdur.
Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “JEK”lərin ləğvi və onların səlahiyyətlərinin bələdiyyələrə verilməsi uzun müddətdir müzakirə mövzusudur. Amma bu istiqamətdə son adım hələ ki, atılmır. Eyni zamanda o da nəzərə alınmalıdır ki, “JEK”lər uzun müddətdir ki, fəaliyyətsiz qurum kimi mövcuddurlar. Mənzillərin nə daxili, nə də xarici ilə bağlı cari təmir həyata keçirmirlər.
Iqtisadçı Samir Əliyev bildirdi ki, bir qayda olaraq “JEK”lərə büdcədən ayrılan vəsait bir neçə milyon manat olur. Büdcədən ayrılan 447 milyon vəsaitin ümumilikdə mənzil-kommunal təsərrüfatının saxlanılmasına yönəldilir. Bu gün “JEK”lərin faktiki olaraq statusunun olmadığını deyən S.Əliyev qeyd etdi ki, 2009-cu ildə qəbul olunan Mənzil Məcəlləsinə görə, “JEK”lər artıq vətəndaşlara xidmət göstərə bilməz. Yəni vətəndaşlar artıq özləri mənzillərini idarə etməlidir: “Vətəndaşlar hər ay ”JEK”lərə ev, zibil pulu verirlər. Amma bu qanunsuzdur. Büdcədən ayrılan vəsaitin bir hissəsini bələdiyyələrə ayırmaq olar ki, onlar “JEK”lərin işini görsünlər. Digər bir hissəsini isə vətəndaşların yeni yaradacağı birliklərə ayırmaq olar”.
S.Əliyev bildirdi ki, bütün dünyada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılır. Məhz bu qurum binanın idarəçiliyi ilə məşğul olur. Bu təşkilatların da bir maliyyə mənbəyi dövlət büdcəsindən ayrılan vəsait ola bilər.
Xəyal