elnurastanbeyli@gmail.com
Bakının göbəyində – “Tarqovı” adlanan yerdə gecə saat 12-dən sonra işıqları söndürməyə başlayıblarmış, hər tərəf qaranlığa qərq olurmuş, o imiş ki, elektrik enerjisinə qənaət edirlər! Indi “qənaət” yapçıların dilində ən sevimli, ən şirin sözcükdür, ağzını açan bu haqda danışır. Sanki son 10-15 ildə ölkəyə gələn 100 milyard dollardan artıq neft pulunu yadplanetlilər basıb-yeyiblər.
Elə götürək bu işıq məsələsinin özünü. 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar kredit alıb, bunun 24,09%-i və ya 2,3 milyard dolları “Azərenerji”nin payına düşür. Bunun üzərinə yüz milyonlarla manat dövlət investisiyasını gəlin. Amma hələ də ölkənin ucqar rayon və kəndləri bir yana, Bakının qulağının dibində, burnunun ucunda yerləşən bir çox kənd və qəsəbələrdə belə, fasiləsiz işıq xəyaldır. O qədər pulun hara, necə xərcləndiyini isə heç kim bilmir. Daha doğrusu, hamı bilir, amma bu haqda bir ovuc adamdan başqa heç kim danışmır, yazmır.
Illər uzunu neft pulları bax belə – plansız, düşünülməmiş şəkildə israf edildi, havaya sovruldu, kimlərinsə şəxsi cibini doldurdu, indi isə bəh-bəhlə qənaətdən danışılır. Gülməli deyilmi?! Artıq qənaət etməli nə qalıb?!
Ən komik olan isə ölkənin illərdir mənəvi qaranlığa qərq edilməsinə səssiz qalanların, bunu içinə sindirənlərin indi durub Bakıda işıqların “qənaət məqsədilə” söndürülməsindən, küçələrə qaranlıq çökməsindən gileylənmələridir. Illərdir bu ölkədə işıqlı adamlara, nurlu dəyərlərə qarşı amansız linç, qaralama kampaniyası aparılır, ölkənin aydınlığa gedən yollarının qarşısı kəsilir, Azərbaycan böyük bir sürətlə orta çağ zülmətinə gömülür, amma toplumun çox az bir hissəsindən qeyri kimsənin vecinə deyil, kimsənin tükü tərpənmir, qılı qıpırdamır, kimsə narahat olmur, kimsə sorğulamır. Amma hardasa gecə işıqların söndürülüb ətrafın qaranlığa qərq edilməsi əksəriyyətin narazılığına səbəb olub! Əminəm ki, həmin “narazıların” heç yüzdə biri bu qaranlığın həm də onların illərdən bəri davam edən ictimai susqunluğunun, təpkisizliyinin fərqində deyil. Bəli, vaxtında ölkəni başına götürmüş, bəlkə bəşər tarixində misli görünməmiş talan, soyğun siyasətinə səssiz qalmasanız, etiraz səsini ucaltsanız, bir xalqın sərvətinin sadəcə, bir tayfanın cibinə axmasının hesabını soruşsanız, indi Azərbaycanda gileylənmək üçün də çox az səbəbiniz olardı.
Bəli, bu gün – 2016-cı ildə Azərbaycanın mənzərəsi xeyli fərqli ola bilərdi. Arxada qalan 23 ildə o, çağdaş, modern, mədəni dünyanın bir hissəsinə yolunda önəmli məsafə qət edə bilərdi. Onun adı dünyada korrupsyia ilə, seçki saxtakarlığı ilə, rüşvətlə, siyasi repressiyalarla, totalitarizmlə assosiasiya olunmaya bilərdi. Azərbaycanlılar bu gün olduğundan qat-qat fərqli bir ölkədə, rifah və hüzur içində yaşaya bilərdi, ən azı onların işıqlı, ləyaqətli, azad, firavan gələcəklə bağlı ümidləri, arzuları, xəyalları sağ qala bilərdi.
Əgər indiki tablo bu mənzərənin 180 dərəcə əksidirsə, burada vətəndaş məsuliyyətindən, vicdanlı vətəndaş mövqeyindən, ölkəsinin bu günü və gələcəyi qarşısında vətəndaş cavabdehliyindən məhrum olan hər kəsin payı var. Illər uzunu ya haqsızlığa, zülmə susmuş, ya da onun yanında yer almış hər kəsin əsəridir bu gün yaşadığımız Azərbaycan. Şərt o deyil ki, sən də hansısa nazir kimi düşüb büdcənin bir tərəfindən xımır-xımır yeyəsən, ofşor şirkətlərin olsun, seçkini saxtalaşdırasan, ya da günahsız insanların cibinə nəşə atıb şərləyəsən və bu gözəlim vətənin bədbəxtliyində bu cür pay sahibi olasan. Şərin qarşısında susmusansa, səsini ucaltmamısansa, “mən siyasətə qarışmıram” deyib yaxanı kənara çəkmisənsə, “mənə dəyməyən ilanı min yaşasın” deyib ölkənin sürükləndiyi ictimai-siyasi, iqtisadi, mənəvi fəlakətlərə “fransız” qalmısansa, laqeyd qalmısansa və bütün bu illər ərzində bir qarın çörək tapmaqdan qeyri heç bir qayğın olmayıbsa, incimə, düşdüyümüz bu bataqlığa, yuvarlandığımız bu uçuruma, qərq olduğumuz bu qaranlığa görə səbəbkar həm də sənsən.
Həm də sənsən günahkar, incimə!..