Avropada «ermənipərəst» axtaranlar, Rusiyanın erməni sevgisinə niyə etiraz etmir?
Dəfələrlə sübut olunub ki, hökumətin “bizim Qarabağ boyda dərdimiz var” təbliğatı imitasiyadır, saxta vətənpərvərlikdir. Eyni zamanda sübuta yetirilib ki, hökumətin Avropanı, ABŞ-ı ermənipərəstlikdə ittiham etməsi milli maraqlara görə deyil və demokratik öhdəliklərdən qaçmaq cəhdidir. Yəni, hökumət uzun illər Qarabağ və “erməni” kartından şəxsi maraqlar üçün istifadə edib.
Amma mənzərə o qədər şəffafdır ki, artıq hökumət riyakarlığını, qeyri-səmimiliyini gizlədə bilmir. Təkcə, Rusiyaya münasibətdən aydın olur ki, hökumətə nə Qarabağ lazımdır, nə də kiminsə ermənipərəst olması hökumət narahat edir.
Necə olur ki, 19 şatatı Xocalı soyqırımını tanıyan ABŞ-ı ermənipərəstlikdə ittiham edirlər, Qarabağla bağlı iki qətnamə qəbul etmiş Avropa Parlamentini erməni lobbisiylə iş birliyində ittiham edirlər, amma Ermənistanı bəsləyən Rusiaya qarşı bir tənqidi fikir səsləndirə bilmirlər?
Bildiyiniz kimi bir neçə gün əvvəl Moskva Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar həcmində kredit ayırdı. Razılaşmanın şərtlərinə əsasən, Ermənistan alışın 10 faizini ödəyəcək, qalan hissə isə kreditlə ödənəcək. Xatırladaq ki,ÿRusiya və Ermənistan arasında 2015-ci ilin iyun ayının 26-da imzalanan, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə, Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit verib.
Amma bu hadisənin üstündən bir neçə gün keçsə də bütün hökumət komandası susub. Xocalı soyqırımına, 20 yanvar faciəsinə, Qarabağın işğalına görə Rusiyaya bir söz deyə bilməyən hökumət, təbii ki bu alış-verişə də diqqət yetirmir. Daha doğrusu özlərini karlığa, korluğa, lallığa vurublar. Ermənistana 200 milyonluq yardımı hansısa Avropa ölkəsi etmiş olsaydı, indi telekanallar siyasi teleserial çəkmişdi, deputatlar ikilistandartlardan, qərəzdən, xəyanətdən dəm vururdular. Amma Rusiya həmişəki kimi Ermənistanı silahlandırır, kredit verir və vətənşüvənlər yoxa çıxıb, “milli maraq” keşikçiləri gözə dəymir. Qarabağ boyda dərdi olan hökumət “böyük qardaş”ına niyə etiraz etmir? Bu qədər riyakarlıq, anti-xalq mövqeyi sərgiləmək olarmı? Gecə-gündüz ABŞ-da, Avropada “ermənipərəst” axtaran rejim sözçüləri niyə dillərini udublar? Fakt budur ki, hökumətin qarşısında təzim etdiyi Rusiya düşməni gücləndirir. Bəs, nəyin qarşılığında Rusiyaya bu qədər sədaqət, sevgi, bağlılıq var? Bu ermənipərəst ölkənin qarşısında bu qədər qürursuz vəziyyətə düşmək nə ilə bağlıdır? Bu sualların bir cavabı var. Bu hakimiyyətə Qarabağ, dövlət maraqları lazım deyil, hakimiyyətdə daha çox qalmaq üçün Rusiyanın dəstəyi lazımdır. 20 faiz torpağın işğaldan azad olunması yox, daha 20 il hakimiyyətdə qalmaq prioritetdir.
Bir daha aydın olur ki, hökumətin davası ermənipərəstlərlə yox, demokratiya istəyənlərlədir. Sabah Rusiya Azərbaycanın yarısını erməni torpağı adlandırsa, hökumət komandası susmaqla razılıq əlaməti göstərəcək.
İlham