Şamaxıda polislər baş redaktorun əmisi oğlunun onun qohumu olduğunu bilən kimi saxlayıb məhkəməyə aparıblar
Şamaxının polis rəisi və bu iş üzrə Bakıda istintaqı aparmış müstəntiqin məhkəmədə dindirilməsi tələb olundu
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun işi üzrə məhkəmənin elə hazırlıq iclasında bir sıra maraqlı faktlar ortaya çıxıb. Vəkillər bu adamların həbsinin gerçək səbəbini müəyyənləşdirməyə imkan verən bir sıra məsələləri açıqlayıblar. Məsələn, məlum olub ki, Rövşən Zahidov avtobusdan düşərkən polislər ona yaxınlaşıb, Qənimət Zahidin qohumu olub-olmadığı ilə maraqlanıblar. Qohumu olduğunu bilən kimi, polis şöbəsinə, oradan məhkəməyə aparıblar. Vəkillər həmçinin bildiriblər ki, Zahidovların məhz baş redaktorun qohumu olduğuna görə həbs edildiklərini açıq şəkildə onlara deyiblər.
Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki hazırlıq iclasında Rüfət və Rövşən Zahidovlar onlara ötən məhkəmə iclasında dövlət hesabına təyin olunmuş vəkillərdən imtina ediblər. Qeyd edək ki, onların qohumların hələ həbsin ilk günlərindən istədikləri vəkillərlə müqavilə bağlayıblar. Rüfət Zahidovun hüquqlarını Bəhruz Bayramov, Rövşən Zahidovun hüquqlarını isə Tahir Xanəliyev müdafiə edir.
Polis rəisinin təzyiqləri
Hazırlıq iclasında vəkillər bir xeyli vəsatətlər qaldırıblar. Tahir Xanəliyev işin içindəki bir sıra sübutların qanunsuz yolla əldə olunduğunu əsas gətirərək, onların sübutlar siyahısından xaric edilməsi barədə vəsatət qaldırıb. Vəkil müvəkkilindən ifadənin də təzyiq altında alındığını vurğulayıb və həmin ifadələrin də yolverilməz sübut olduğunu bildirib. Müdafiəçi Rövşən Zahidovun məruz qaldığı təzyiqlərdən də danışıb:
“Rövşən Zahidov iyulun 20-də Şamaxıda avtobusdan düşəndə saxlanılıb. Ondan Qənimət Zahidovun qohumu olub-olmadığını soruşublar. Qohumu olduğunu biləndən sonra şöbəyə, oradan da məhkəməyə aparıb, polisə müqavimət ittihamı ilə 25 sutka inzibati həbs cəzası veriblər. Şamaxı rayon Polis Şöbəsində təkadamlıq kamerada saxlanılıb, ailəsilə telefonla danışmasına, görüşməsinə imkan verilməyib. Inzibati həbsdə saxlanılan adama niyə ailəsilə görüşməyə icazə verilməyib? Məqsəd nədir? 23 iyulda Rövşən Zahidovdan izahat alınıb, deyiblər ki, Rüfət Zahidov tutulanda üstündən narkotik çıxıb, sənin onunla nə əlaqən var? O da bildirib ki, Rüfətlə əlaqəsi yoxdur, üstəlik, onun narkotiklə məşğul olduğuna inanmır. Bundan 2-3 saat sonra Rövşəni Şamaxının polis rəisi Habil Əmiraslanovun yanına aparıblar, orada təzyiqlərə məruz qalıb, ondan müstəntiqin dediyi kimi izahat yazmaq tələb olunub. Beləcə, təzyiq altında izahat alınıb.
Rövşənin başqaları ilə ünsiyyətinin qarşısını almaq üçün onun inzibati həbsindən verdiyim apellyasiya şikayətini avqustun 16-da Sumqayıt Apellyasiya Məhkəməsinə göndəriblər. Halbuki, bu cür şikayətlər 2-3 gün ərzində göndərilməlidir. Avqustun 15-də onu Bakıya gətirib, təqsirləndirilən şəxs qismində cəlb etməklə barəsində həbs-qətimkan tədbiri seçilib”.
“Yuxarı”dan tapşırıq
Tahir Xanəliyev Rövşən Zahidovun Qənimət Zahidin qohumu olduğuna görə həbs edildiyini vurğulayıb. Onun sözlərinə görə, istər Şamaxı polisində, istərsə də Səbail Rayon Polis Idarəsində bunu gizlətməyiblər: “Müstəntiq açıq şəkildə dedi ki, ”burada bizlik heç nə yoxdur, “yuxarı”dan göstəriş var”. Əvvəlcə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik saxlama) maddəsilə ittiham verildi, sonra 234.4.1 və 234.4.3-ə tövsif olundu. Məqsəd Qənimət Zahidə qarşı təzyiqləri bir qədər də artırmaq, qohumlar arasında nifaq salmaqdır”.
Vəkil Rövşən Zahidovun izahatı ilə yanaşı, evində axtarış aparılmasına dair protokolun da qanunsuz olduğunu bildirib və sübutlar siyahısından çıxarılmasını istəyib.
Vəkil həmçinin Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanovun, Səbail Rayon Polis Idarəsinin müstəntiqi Ilqar Həmidovun, Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Daha bir vəsatət isə Şamaxı rayon Polis Şöbəsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və Səbail Rayon Məhkəməsinə sorğular göndərilməsi haqda olub.
Digər təqsirləndirilən Rüfət Zahidovun vəkili Bəhruz Bayramov da müvəkkilinə qarşı ittihamın qanunsuz və saxta sübutlara əsaslandığını deyib: “Ittihamda yazılıb ki, guya Rüfət Zahidov Rövşən Zahidovla görüşüb və saxlaması üçün narkotiki ona verib. Halbuki, Rüfət Zahidov Rövşən Zahidovla 2 ildən çoxdur ki, görüşməyib”.
Vəkil həmçinin Rüfət Zahidovun atası Fərasət Zahidov və həyat yoldaşının əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb: “Onlar Şamaxıya Rüfətlə birlikdə gediblər, şahiddilər ki, o, heç kimlə görüşməyib, heç nə verməyib”.
Vəkillər eyni zamanda, Zahidovların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatət qaldırıblar.
Məhkəmə kollegiyası 6 dəqiqəlik müşavirədən qayıdaraq, qərarı elan edib. Vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, sübutların yolverilməz hesab edilməsi, əlavə şahidlərin dindirilməsilə bağlı vəsatətlərə yalnız məhkəmə istintaqında sübutların tədqiqi zamanı baxıla bilər. Ona görə də həmin vəsatətlər baxılmamış saxlanılıb.
“Qənimət Zahid məsələsi mənim subyektiv fikrim deyil”
Məhkəmədən sonra vəkil Tahir Xanəliyev “Azadlıq”a açıqlamasında bildirib ki, saxta ittihamı təsdiqləmək üçün qanunsuz yolla əldə olunmuş sübutlar xaric edilməlidir. Eyni zamanda, müdafiə tərəfin də sübutları araşdırılıb qiymət verilməlidir: “Amma təəssüf ki, məhkəmə elə hazırlıq iclasından yalnız ittiham tərəfin sübutlarını qəbul edib, tədqiq etmək mövqeyini tutdu. Bununla da ədalət mühakiməsinin əsas prinsipləri olan obyektiv araşdırma, tərəflərin bərabərliyi, çəkişmə prinsipləri pozuldu”.
Vəkil qeyd edib ki, müvəkkilinin Qənimət Zahidə görə həbs olunması onun subyektiv fikri deyil: “Həm Şamaxıda polis şöbəsində, həm də Səbail Rayon Polis Idarəsində bu barədə açıq bildirilib. Üstəlik, iş materiallarının təhlili də bunu deməyə əsas verir”.
“Bu bəlaları ona görə çəkirik…”
Rüfət Zahidovun atası Fərasət Zahidov oğlunun qardaşı Qənimət Zahidin hökuməti tənqid edən jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib: “Məhkəmənin gedişi barədə hələ ki, bir söz deyə bilmərəm. Çünki heç orada danışılanları eşidə də bilmirdim.
Həm də şahidlər gəlsinlər, görək nə deyirlər, məhkəmə necə keçirilir, bundan sonra qəti fikir söyləmək olar. Amma aydın məsələdir ki, bu iş yalnız Qənimət Zahidə, onun apardığı verilişə – “Azərbaycan saatı”na görədi. Bütün bəlaları, əziyyətləri də biz buna görə çəkirik. Əgər belədirsə, buyurub gəlsinlər, bütün qohum-əqrəba buradadır, tutub salsınlar içəri”.
“Qardaşım nəinki narkotik, heç siqaret çəkməyib”
Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidov da qardaşının günahsız olduğunu, şərləndiyini bildirib: “Mənim qardaşım nəinki narkotik, heç siqaret də çəkməyib. Bizim evimizə iyulun 20-dən sonra polislər gəlib-gediblər. Məntiq deyir ki, əgər evdə narkotik olsaydı, bu müddətdə ən azı, götürüb tullayardılar. Əminik ki, narkotiki pencəyin cibinə özləri qoyub, özləri də götürüblər. Yoldaşının gözünün qarşısında olub”.
Məhkəmə fevralın 26-na təyin olunub.