“Əgər özünü müxalif elan edən bəzi partiya liderləri səhv mövqelərindən çəkilməsələr, onları adbaad ictimaiyyətə təqdim edəcəm”
“Mən heç kimi ittiham etmirəm və belə bir niyyətim də yoxdur. Mən sadəcə keçirdiyim görüşlər və apardığım danışıqlar nəticəsində bu qənaətə gəlmişəm ki, Azərbaycanda bəzi özünü müxalif elan edən partiyalar hakimiyyət tərəfindən idarə olunur”. Bu sözləri “Azadlıq”a Vətəndaş Hərəkatı Forumunun rəhbəri Qurbanov Məmmədov deyib.
O, bildirib ki, əsl müxalif partiyaların İctimai Palatada təmsil olunması barədə fikrində qalır: “İctimai Palatada əsl müxalifət partiyaları təmsil olunurlar. Bu mənim qənaətimdir. İctimai Palata yeni yarananda ora kənar qüvvələr gəlmirdilər. Çünki bəzi məhdudiyyətlər var idi. Bu baxımdan belə rəy formalaşmışdı ki, müxalifətin geniş tərkibdə birləşməyini istəməyən qüvvə İctimai Palatadır. Lakin sonradan İsa Qəmbər kənar qüvvələrin İctimai Palatada təmsil olunmasına heç bir məhduiyyət olmadığını bəyan etdi. Əli Kərimli isə daha dərinə gedərək müxalif qüvvələrin daha geniş şəkildə İctimai Palatada birləşməsinə çağırış etdi. Bu zaman kənarda qalan 6 partiyada qəribə mövqelər ortaya çıxdı. Və indi kənardan görünür ki, müxalifətin daha geniş tərkibdə birləşməsini istəməyənlər bunların arasındadır. Mənim də qənaətim belədir. Mən danışıqlarda bunu görmüşəm. Onlardan bəzisi müstəqil deyil, hökumət tərəfindən idarə olunur, ən yaxşı halda siyasi cəhətdən yetişməyiblər”.
Qurban Məmmədov hələlik ad çəkmək istəmədiyini bildirib: “Onların səhvlərini etiraf edərək, mövqelərini müsbətə doğru dəyişəcəklərinə, tövbə edəcəklərinə ümidim var. Tövbə qapısı həmişə açıqdır. Lakin tövbə etməyəcəklərsə, o zaman şəxsən mən Qurban Məmmədov bu məsələ ilə bağlı “Azadlıq” qəzetinə yazılar yazıb onları adbaad ictimaiyyətə təqdim edəcəm”.
Azad