3 ölkə üzrə 1,6 milyard dollaradək fərq
Bu fərq 2015-ci ildə Rusiya,Türkiyə və Gürcüstanla idxal göstəricilərinin müqayisəsi əsasında aşkarlanıb.
Güzgü statistikası metodologiyası üzrə Azərbaycanın 15 tərəfdaş ölkəsi ilə 2008-ci ildən başladığımız araşdırma bu il də davam edir. Ötən ilin başa çatmasından az vaxt geçdiyinə görə, tədqiqata cəlb olunan bütün ölkələr üzrə məlumatlat tam hazır deyildir. Hələ ki, comtrade.un.org/data/,trademap.org beynəlxalq ticarət statistik bazasının məlumatları əsasında Rusiya və Gürgüstanın, TÜİK-in Dış Ticaret İstatistiklerinin en çok ihracat yapılan 20 ülke üzrə hesabatı bazasında isə Türkiyənin Azərbaycana ixracat məlumatlarını toplamaq mümkün oldu. Adı çəkilən mənbələrdə hər 3 ölkənin Azərbaycana ixracat göstəriciləri ilə Azərbayan Dövlət Gömrük Komitəsinin (DGK) həmin ölkələrdən idxal əməliyyatları ilə bağlı göstəricilərini müqayisə edəndə bəlli oldu ki, ötən illərin tendensiyası azalma ilə olsa da böhran ilində də davam edib. Belə ki, güzgü metodologiyası ilə xarici ticarət statisikasının müqayisəsi göstərdi ki, 2015-ci ildə:
1) Rusiya Azərbaycana 2 milyard 243 milyon 135 min dollarlıq mal göndərib, Azərbaycan DGK-nın rəsmi bülletenində göstərilir ki, ölkəmizə Rusiyadan 1 milyard 437 milyon 901 min dollarlıq mal daxil olub. Biri-birinə yaxın olmalı bu 2 eyni göstərici arasında fərq 805 milyon 234 min dollardır. Bu onu göstərir ki, ötən il Rusiya ilə idxal əməliyyatının 64,1 faizi qeydə alınıb, yəni bu ölkə ilə idxal əməliyyatları üzrə 3 dollarlıq malın 2 dolları rəsmiləşdirilib.
2) Türkiyə Azərbaycana 1 milyard 899 milyon 508 min dollarlıq mal göndərib, Azərbaycan DGK-nin rəsmi bülletenində göstərilir ki, ölkəmizə Türkiyədən 1 milyard 171 milyon 385 min dollarlıq mal daxil olub. Biri-birinə yaxın olmalı bu 2 eyni göstərici arasında fərq 728 milyon 123 min dollardır. Bu onu göstərir ki, ötən il Türkiyə ilə idxal əməliyyatının 61,7 faizi qeydə alınıb, yəni bu ölkə ilə idxal əməliyyatları üzrə hər 3 dollarlıq malın 2 dolları rəsmiləşdirilib.
3) Gürcüstan Azərbaycana 124 milyon 160 min dollarlıq mal göndərib, Azərbaycan DGK-nin rəsmi bülletenində göstərilir ki, ölkəmizə Gürcüstandan 67 milyon 992 min dollarlıq mal daxil olub. Biri-birinə yaxın olmalı bu 2 eyni göstərici arasında fərq 56 milyon 268 min dollardır. Bu onu göstərir ki, ötən il Gürcüstan ilə idxal əməliyyatının 61,7 faizi qeydə alınıb, yəni bu ölkə ilə idxal əməliyyatları üzrə hər 2 dollarlıq malın 1 dolları rəsmiləşdirilib.
Beləliklə də, Azərbaycanın idxal əməliyatlarının 3 ölkə üzrə güzgü metodologiyası üzrə gömrük statistikasının təhlili göstərdi ki, 2015-ci ildə bu ölkələr üzrə bütövlükdə 1 milyard 589 milyon 625 min dollardır.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.