Qadir İbrahimli: «Büdcə dəyişiklikləri valyuta bazarında ciddi dəyişiklik yaratmayacaq»
2015-ci ilin fevralından Azərbaycanın milli valyutası iki dəfədən artıq dəyərdən düşüb. Mərkəzi Bankın reallaşdırdığı iki devalvasiya qərarı manatın dəyərsizləşməsinə gətirib çıxardı. Manat keçən ilin fevralında 34, dekabrında isə üzən məzənnəyə buraxılmaqla 48 faiz devalvasiyaya uğradı. Manatın məzənnəsinin kəskin düşməməsi üçün Mərkəzi Bank bir sıra qərarlar da qəbul edib.
Onlar sırasında manatın dövriyyədəki həcminin azalmasını göstərmək olar. Keçən ilin fevralına qədər əgər dövriyyədə 11.5 milyard vəsait var idisə, hazırda manatın dövriyyədəki həcmi 5 milyardın altındadır. Mərkəzi Bank milli valyutanın dövriyyəsini azaltmaqla inflyasiya və dəyər itirilməsinə qarşı mübarizə aparır.
Lakin hökumət maliyyə böhranı üzündən büdcədə bir sıra dəyişiklik etməyə məcbur oldu. Keçən ilin sonunda qəbul olunan büdcə bu il dəyişikliyə məruz qalacaq. Milli Məclisə təqdim olunan büdcə layihəsi ümumilikdə iki milyard artırılıb. Eyni zamanda gömrük və vergi daxilolmaları ilə bağlı rəqəmlərə də dəyişiklik edilib. Bu rəqəmlər də müvafiq olaraq artırılıb. Bəs yeni büdcə manatın kursuna nə vəd edir?
Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, iri büdcə sifarişlərinin kəsilməsi ilə bağlı dövriyyədə manat kütləsi xeyli azalıb. Ona görə büdcənin 2 milyard artırılmasının dövriyyədə ciddi artıma səbəb olmayacağını düşünən Q.Ibrahimli vurğuladı ki, eyni zamanda ölkənin digər iri fondlarından da xərcləmələr dayandırılıb. Ona görə büdcə dəyişiklikləri valyuta bazarında ciddi dəyişiklik yaratmayacaq: “Büdcədə vergi və gömrükdən gələcək ödəmələrin artırılmasının qiymət artımı hesabına gerçəkləşdirilməsi nəzərədə tutulur. Bu da dövriyyənin artırılması deməkdir. Həmin bu qiymət artımı hesabına büdcəyə iki milyardın cəlbi nəzərdə tutulub”.
Manatın məzənnəsinin daha çox xarici ticarət dövriyyəsi ilə tənzimləndiyini deyən Q.Ibrahimli vurğuladı ki, yanvar ayından ixrac 50 faiz azalıb. Amma idxalın daha çox azaldığını diqqətə çatdıran Q.Ibrahimli dedi ki, məhz bunun hesabına xarici ticarət dövriyyəsində müsbət saldo yaradılır. Belə bir vəziyyətdə isə manatın kursu hələ bir müddət sabitliyini qoruya bilər. Amma idxalın həcmi artarsa, manat yenidən dəyərini itirə bilər.
Xəyal