Məhəmməd Talıblı: «Devalvasiyaya adekvat olaraq alınmış xarici borcun dollarla konvertasiyası borcun qaytarılmasını çətinləşdirib»
Azərbaycanın xarici borcunun təhlükəli həddə çatdığı ilə bağlı bir neçə məqalə dərc etmişik. 2016-cı il yanvarın 1-nə olan tarixə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 894.3 milyon dollar (10 milyard 751.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8 faiz təşkil edil. Maliyyə Nazirliyinin məlumatına görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Borc vəsaitlərinin 58.6 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 8.5 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olmuşdur:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 8.8 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 66.3 faiz, avro – 20.4 faiz, yapon yeni – 2.5 faiz, BƏƏ dirhəmi – 0.8 faiz, Islam dinarı – 0.6 faiz, Səudiyyə rialı – 0.4 faiz, Küveyt dinarı – 0.2 faiz. Əsasən Dünya Bankı, Asiya Inkişaf Bankı, Islam Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.
Amma ona da diqqət çəkmək yerinə düşər ki, alınan kreditlərin əksəriyyəti iri vergi ödəyicilərinə xərclənib. Bunlar əsasən “Azərişıq”, “Azərsu” və digər təbii inhisarçılardır. Onların isə borcu qaytarmaq imkanları məhduddur. Çünki onlar əhalidən yığımları manatla aparırlar. Ödəyəcəkləri borc isə dolların kursu ilə tənzimlənir.
Iqtisadçı Məhəmməd Talıblı bir neçə ay bundan qabaq elə bizim qəzetə açıqlamasında Azərbaycan hökumətinin xarici borca meylli olması ilə bağlı ciddi narahatçılıqlarını dilə gətirmişdi. Hətta bununla bağlı keçmiş maliyyə naziri S.Məmmədovla qiyabi poliemaka da olmuşdu: “Açığı o vaxtdan hiss etmişdim ki, daxildə yaranacaq problemləri xarici faktorlar hesabına həll etmək cəhdləri və planları var. Bunun birinci praktik addımı dövlət büdcəsinin qəbulu zamanı atıldı. Xarici borclanmanın yuxarı həddinə dəyişiklik edildi. Sonradan isə Ərəb ölkələrinə kredit üçün səfərlər edildi, hazırda kreditor tapılacağı təqdirdə Azərbaycan hökumətinin böyük miqdarda xarici borc alacağını düşünürəm. Çünki, indiki böhranlı situasiyadan çıxmaq üçün əsas mənbələrdən biri də xarici dəstək hesabına hansısa addımlar atmaqla daxildə iqtisadi situasiyanı dəyişməyə nail olmaqdır”. M.Talıblının sözlərinə görə, bu borclarla bağlı bir neçə narahatedici amil var. M.Talıblının sözlərinə görə, birincisi, xarici borcun əvvəlki illərlə müqayisədə artım dinamikası nəzərə çarpır. Əgər 1997-ci ildə bizim xarici borcumuz ÜDM-in 14 faiz səviyyəsində idisə, 98-ci ildən başlayaraq sonradan bu rəqəm 20 faizdən aşağı enmədi: “Sadəcə 2005-ci ildən sonra böyük neft pullarının daxil olması hesabına ÜDM-in ki, həcmi böyüdü, sonradan alınmış xarici borcun artmasına baxmayaraq onun ÜDM-də xüsusi çəkisi birrəqəmli həddə düşdü. Amma məbləğ etibarı ilə borclarımızda artmışdı. Indi isə tamam başqa vəziyyət yaranıb. Həm ÜDM-in həcmi azalıb, həm də xarici borcun həcmi artıb”.
M.Talıblı vurğuladı ki, ikincisi, devalvasiyaya adekvat olaraq alınmış xarici borcun dollarla konvertasiyası borcun qaytarılmasını çətinləşdirib. “Əvvəla, biz alınmış kreditlərin 66 faizini dollarla almışıq və dollarla da qaytarmalıyıq. Iri dövlət şirkətləri aldıqları krediti dollarla alıblar, amma əhaliyə satdıqları və xidmət göstərdikləri əmtəənin pulunu isə manatla yığmalıdırlar. Bu zaman onlar yenə də ziyana düşməli və nəzərdə tutulduğundan daha çox borc qaytarmalıdırlar”, deyə M.Talıblı vurğuladı.
M.Talıblı hesab edir ki, ümumiyyətlə, xarici borclanma ilə bağlı əsas makroiqtisadi konteksdə nəzərə alınası bir neçə məqam var. Onlardan daha iki vacibi bunlardır: “Makroiqtisadi göstəricilərdə onun sabit və aşağı səviyyədə saxlanılması və onun təhlükəsizlik həssindən aşağı olması. Ikincisi, onun uzunmüddətli olması. Bizdə isə kreditlərin təxminən 60 faizini 10 ilə qədər müddətdə ödəmək tələb olunur. Nəzəri baxımdan qəbul edək ki, iki aydan sonra üçüncü devalvasiya oldu və manatla əməliyyat həyata keçirən iri dövlət şirkətləri borclarını dollarla həyata keçirəcəyi təqdirdə nə qədər vəsait ödəyəcəklər, burası çox çətin olacaq. Demək, biz xəyali neft gəlirlərinə arxayın olub xarici borclamaya girməli deyilik. Əksinə, postneft dövrünün daha az gəlirli mərhələsində bu borcları necə çətinliklə qaytarmaq haqqında düşünməliyik. Axı, nəzərə almaq lazımdır ki, bizdə təkcə dövlətin özünün borcları deyil axı, iri dövlət şirkətləri – ”Azərsu”, SOCAR, Metroploten və digərləri, dövlət zəmanəti ilə kommersiya banklarının da borclarını bura əlavə edəndə söhbət 20 milyard dollardan artıq böyük bir vəsaitdən söhbət gedir”.
M.Talıblının sözlərinə görə, ən əsası odur ki, bütün borclar üzərində şəffaf nəzarət həyata keçirilməlidir ki, sonradan onun başqa istiqamətə xərclənməsi baş verməsin. “Həmin kreditləri səmərəli layihələrə xərclənməklə yüksək hesabatlılığı təmin etmək lazımdır”, deyə M.Talıblı vurğuladı.
Xəyal