2011-ci ildəki demokratik canlanma 2012-ci ildə də davam edəcək
Zəfər Quliyev: “Bu, qloballaşan dünyanın ortaya qoyduğu yeni oyun qaydalarıdır və inqilabi proses avtoritar rejimlər üçün qaçılmazdır”
Karnegi Fondunun 2011-ci ilin sonunda açıqladığı mövqeyi bir çox ekspert maraqla qarşılayıb. Fonda görə, 2011-ci ildə Yaxın Şərqdə baş verən proses 2012-ci ildə də davam edəcək. Karnegi Fondunun prezidenti Cessika Takman Metyuz ehtimal edir ki, oyanma prosesi davam edəcək və bunu gözlənilməz saymaq olmaz. Baş verən prosesləri “ərəb baharı” adlandırmağı düzgün saymayan T.Metyuz hesab edir ki, bu, mövsümi, hətta illik dövr deyil. Çox güman ki, 2011-ci il ərəb dünyasında dərin islahatların onillik dövrünün başlanğıcı idi.
Ərəb dünyasında baş verən demokratik inqilabların yalnız daxili səbəblərdən qidalanmadığını deyən siyasi ekspert Zəfər Quliyevin fikrincə, artıq bütün dünya üzrə insanlar diktatura rejimlərində yaşamaq istəmədiklərini açıq bəyan edirlər. Bunu dünyadakı ciddi siyasi dəyişikliklərin baş verməsinin anonsu sayan Z.Quliyev vurğuladı ki, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar öz siyasətlərinə yenidən baxır, qloballaşan dünyada bu cür diktatura rejimləri ilə çiyin-çiyinə fəaliyyət göstərmək mümkün deyil: “Məhz buna görə ərəb dünyasında baş qaldıran demokratikləşmə prosesini Qərb ciddi dəstəklədi. Cərəyan edən prosesləri qısamüddətli siyasi mübarizə saymaq olmaz. Bu, artıq bütün dünyanı əhatə edən siyasi prioritetə çevrilib. Bu, qlobollaşan dünyanın ortaya qoyduğu yeni oyun qaydalarıdır. Bir çox diktatura rejimlərinə dəfələrlə xəbərdarlıq edilib ki, ciddi islahatlara başlanılmalıdır. Əks təqdirdə mübarizəyə qalxan xalqa dəstək veriləcəyi açıq şəkildə bəyan olunur”.
2011-ci ildə baş qaldıran demokratikləşmə prosesinin 2012-ci ildə də davam edəcəyini deyən Z.Quliyev bildirdi ki, postsovet məkanında gedən proseslər də bunu təsdiqləyir. Rusiyada baş verən hadisələrin hazırda diqqət mərkəzində olduğunu söyləyən Z.Quliyev qeyd etdi ki, rus xalqı Putin rejiminin qayıtmasını istəmir: “Mitinqlərdə hazırda əsas şüar ”Putin, rədd ol”dur. Bu onu göstərir ki, Qərbin avtoritar rejimlərə qarşı mübarizə xətti 2012-ci ildə də davam edəcək. Bu tendensiya həm ərəb ölkələrində, həm də postsovet məkanında müşahidə ediləcək. Bu, uzunmüddətli siyasi xəttdir. Ola bilsin ki, bəzi avtoritar rejimlər yürüdülən bu siyasətdən müəyyən nəticə çıxaracaq. Əks halda inqilabi proses avtoritar rejimlər üçün qaçılmaz olacaq. Yəni müəyyən mərhələdə bu inqilablar mütləq baş verəcək. Azərbaycan da bu baxımdan istisna deyil”.
Xəyal