Hakimiyyət rəsmiləri bir mövqeyə gələ bilmirlər
Hakimiyyət rəsmiləri Ziyalılar Forumunun fəaliyyətinə qara yaxmaq üçün yarışa giriblər. Elə son üç gündə hakim partiyanın üç təmsilçisi – Əli Həsənov, Əli Əhmədov, Siyavuş Novruzov ard-arda Forumu və oradakı ziyalıları ittiham edən silsilə açıqlamalar verib. Gözlənilən o idi ki, hakimiyyətin sözçüləri ziyalıları qaralamaq üçün yumruğu necə deyərlər, bir nöqtəyə vursunlar. Amma nədənsə belə olmadı.
Eyni mövzu ilə bağlı Siyavuş Novruzovun dedikləri ilə Əli Əhmədovun dedikləri arasında kifayət qədər fərq var idi. Məsələn, Siyavuş Novruzov deyir ki, ziyalı olmaq ancaq elm adamı olmaq deyil. Bunun üçün həmin şəxsin millət qarşısında müəyyən xidmətləri də olmalıdır. “Onların hansı deyə bilər ki, Milli Azadlıq Hərəkatının önündə olub?” deməklə S.Novruzov bu arqumentini möhkəmləndirməyə çalışmışdı.
Əli Əhmədov isə deyir ki, ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, bu, onun tükəndiyini göstərir: “Çox yaxşı olar ki, bütün peşə sahibləri kimi, ziyalı da öz işi ilə məşğul olsun. Ziyalılar Forumu ölkəmizdə elmin, ədəbiyyatın, incəsənətin inkişaf problemlərini müzakirə etsəydi, düşünürəm ki, bu, daha faydalı olardı. Ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, demək o, artıq tükənib. Demək o, ziyalı adını və statusunu istismar etmək yolu seçib”. Indi bu iki YAP funksionerindən hansının sözünə inanaq? Ziyalı Ə.Əhmədovun dediyi kimi yalnız işi ilə məşğul olmalıdır, yoxsa S.Novruzovun dediyi kimi həm də ictimai faəliyyətlə? YAP rəsmilərin məntiqdən kənar danışdığını sübüt edən başqa bir misal isə Ə.Əhmədovun “Ziyalı öz peşəsini buraxıb siyasətə baş vurursa, demək o, artıq tükənib” ifadəsidir. Ziyalı təkcə elm adamıdırsa, demək, Ə.Əhmədov özü də siyasətdən imtina edib kafedra müdirliyi ilə məşğul olmalıdır. Yox, ziyalı S.Novruzovun dediyi kriteriyaya cavab verməlidirsə, onda problem nədədir? Elə Forumda toplaşan ziyalılarımız da bu işlə məşğul deyillərmi? Konkret Milli Azadlıq Hərəkatının önündə getməyə gəlincə, bundan heç danışmağa dəyməz. Çünki bu ölkədə istər milli azadlıq, istərsə də digər azadlıqlar uğrunda savaşanların bugünkü aqibətinin necə olduğunu hamı bilir.
Ə.Əhmədovun Ziyalılar Forumunu “Narazı Ziyalılar Klubu” adlandırmasına gəlincə, forumda təmsil olunanlar buna lazımi cavabı veriblər. Üstəlik, Azərbaycan kimi ölkələrdə şəxsi maraqlarını təmin etmək üçün Forum yaratmağa ehtiyac yoxdur. Bunun ən rahat yolu elə Ə.Əhmədovun dediyi kimi, “öz işi ilə məşğul olmaqdır”.