Hökumət uzaqgörən deyilmiş və oğurlanan milyardlar «minimum itki» imiş
Ölkə başçısı Ilham Əliyevin Almaniya səfəri xeyli “məhsuldar” oldu. Yəni, Ilham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirakı və səsləndirdiyi fikirlər geniş müzakirə mövzusuna çevrildi.
Ölkə başçısı əvvəlcə bəyan etdi ki, biz indiki vəziyyətə hazır deyildik, post-neft dövrünü 20 il sonraya proqnozlaşdırırdıq və bu bizim üçün sürpriz oldu. Bəli, ölkə başçısı etiraf edib ki, real islahatlar aparmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, neftdən gələn milyardları səmərəli istifadə etmək haqqında 2030-cu ildən sonra qərar veriləcəkmiş. Deməli, bugünə qədər olan talançılıq, yarıtmazlıq, bir qrup şəxsin milyarderə çevrilməsi, bütün sahələrin monopoliya edilməsi şüurlu siyasət imiş və 20 ildən sonra hökumət səhvlərini düzəldəcəkmiş. Yəqin ki, dünya tarixi belə “möhtəşəm” idarəetmə görməyib.
Ölkə başçısının bu fikirlərində həm də özünüifşa var. Çünki, uzun illər hakimiyyət “uzaqgörən daxili və xarici siyasət” təbliğatı aparıb. Hər addımda qeyd olunub ki, Ilham Əliyevin uzaqgörən siyasəti ölkəni cənnətə çevirir və dünya bizə paxıllıq edir. Neftin qiyməti hər dəfə qalxanda və ölkəyə daha çox pul axanda, bunu “uzaqgörən siyasətin təntənəsi” kimi təqdim ediblər. Amma ölkə başçısının Münhendəki çıxışından aydın olur ki, hökumət 1 il qabağı da görə bilməyib. O, qədər “uzaqgörən” olublar ki, 1 il sonranın reallığını, 20 il sonra görüblər. Hansıki, uzun illərdi bu siyasətin ölkəni uçuruma apardığını, neft amilinə köklənməyin təhlükəli olduğunu müxalifət deyirdi, mətbuat yazırdı, ekspertlər həyəcan təbili çalırdı. Amma hakimiyyət həqiqəti deyənlərə “vətən xaini”, “inkişafa paxıllıq edən ünsür”, “qaraguruh” damğası vurdu, tənqidçilərini həbsə atdı, alternativləri sıradan çıxarmağa çalışdı. Indi etiraf edirlər ki, bunların uzaqgörən siyasəti “daha çox qazana bilmək”də ifadə olunub. Yəni, dövlətin və millətin maraqlarını heç vaxt görməyiblər.
Amma ölkə başçısının “şedevr” fikirləri bununla da yekunlaşmayıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan bu ağır mərhələdən minimum itkilərlə çıxdı. Hökumət komandası bu mərhələdən həqiqətən də itkisiz çıxdı. Yəni, oğurlanmış pullar ölkəyə qaytarılmadı, inhisarçı məmurlar geri addım atmadı, banklar güzəştə getmədi, korrupsionerlər cəzalanmadı və s.
Məsələ burasındadır ki, ölkə başçısı “böhrandan minimum itkilərlə çıxmışıq” dedikdə hamının adından danışıb. Ilham Əliyev hesab edir ki, Mərkəzi Bankın rezervlərinin 10 milyard azalması, bir ildə milli valyutanın 130 faiz dəyərdən düşməsi, devalvasiya nəticəsində vətəndaşların 5-6 milyard itirməsi, qiymətlərin 30-40 faiz qalxması, intiharların artması, kütləvi ixtisarlar və s. “minimum itki”dir. Büdcəsi 14 milyard olan dövlətin, 10 milyarda yaxın xarici borcu var və ölkə başçısı “minimum itkiylə çıxmışıq” söyləyir.
Ortada statistik rəqəmlər var, bütün göstəricilər kəskin sürətdə aşağı düşüb, ölkənin real vəziyyəti heç kimə sirr deyil və belə bir vəziyyətdə ölkə başçısının əsassız optimizmi qeyri-ciddi təəssürat yaradır. Görəsən, ölkə başçısının nəzərində “maksimum itki” nədən ibarətdir? Zəngin bir ölkənin vətəndaşı dolana bilmədiyi üçün özünü yandırır, bundan böyük itki varmı? 2.5 milyon insan məmur banklarına pul ödəyir, bundan böyük iqtisadi tənəzzül göstəricisi varmı? Mövcud büdcə 14 miyard, ölkədən çıxarılan 95 milyarddır. Oğurlanan pul büdcədən 6 dəfə çoxdursa, bundan böyük itki varmı?
Beləliklə, ölkə başçısı Münhen Konfransında həm “uzaqgörən siyasət” təbliğatını ifşa etdi, həm talançılığın şüurlu sürətdə baş verdiyini təsdiqlədi, həm də etiraf etdi ki, vətəndaşın məhv olan taleyi hakimyyət üçün minimum itkidir.
Akif