Jurnalistin döyülərək öldürülməsilə bağlı məhkəmədə Oqtay Şirəliyevin yazdığı məktuba aydınlıq gətirməsi tələb olundu
Əsabəli Mustafayev: «Məhkəmənin gedişi göstərir ki, ədalətli araşdırma istəyimizə nail olmuruq, həkimlər məsuliyyətdən kənarda qalır»
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Artıq həm təqsirləndirilən beş nəfər, həm də zərərçəkmiş tərəfin ifadələri dinlənilib, şahid qismində tanınan 7 nəfərin hamısı dindirilib. Məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsidir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda cinayət işinin materialları arasında olan sənədlər, o cümlədən ekspert rəyləri tədqiq olunub.
Amma məhkəmə iclasının əvvəlində hakim Eldar Ismayılov ötən prosesdəki gərginlik barədə danışıb. Bildirib ki, məhkəmə obyektiv və ədalətli qərar qəbul edəcək: “Heç nəyi süni şəkildə şişirtməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, fevralın 2-də keçirilən ötən məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi Fariz Namazlı Rasim Əliyev döyüldükdən sonra onu xəstəxanada müayinə və müalicə etmiş həkimlərin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmış, təqsirləndirilən şəxslər və onların vəkilləri də onu dəstəkləmişdi. Lakin məhkəmə vəsatəti təmin etməmiş və bu da müttəhimlər və onların yaxınlarının etirazına səbəb olmuşdu. Yaranmış narazılığı yatırmaq üçün məhkəmə zalına qaz buraxılmışdı.
Dünənki məhkəmə iclasında zərərçəkmiş tərəfin digər nümayəndəsi Əsabəli Mustafayev səhiyyə naziri Oqtay Şirəliyevin məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, cinayət işinin materialları arasında nazirin Rasim Əliyevin ölümünə görə məsuliyyət daşıyan həkimləri müdafiə edən məktubu var. Oqtay Şirəliyev gəlib məhkəmədə məktubda yazdıqlarını əsaslandırmalıdır.
“Oqtay Şirəliyevin məktubunda göstərilənlərlə Rasim Əliyevi müayinə etmiş həkimin istintaqa ilkin ifadəsi arasında ziddiyyət var. Oqtay Şirəliyev birbaşa özü gəlib burada bu ziddiyyətə aydınlıq gətirməlidir”, – deyə Əsabəli Mustafayev bildirib.
Lakin məhkəmə vəsatəti təmin etməyib.
Təqsirləndirilən şəxslərdən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev isə bir daha Rasim Əliyevi müayinə və müalicə etmiş həkimlərin, həmçinin mərhum jurnalisti sonuncu dəfə xəstəxanada görmüş şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
Bu vəsatət də təmin olunmayıb.
Bundan sonra Şəmsəddin Quliyev bu iş üzrə rəy vermiş ekspertlərin dindirilməsi barədə vəsatət qaldırıb. Bu vəsatət qismən təmin olunub. Vəkil bütün ekspertlərin dindirilməsini istəsə də, məhkəmə yalnız ikisinin dindirilməsini məqsədəuyğun hesab edib.
Məhkəmə prosesi fevralın 16-da davam edəcək.
Zərərçəkmişin nümayəndəsi Əsabəli Mustafayev məhkəmədən sonra jurnalistlərə açıqlamasında prosesin gedişindən narazılığını ifadə edib: “Bizim mövqeyimiz, arzumuz o deyil ki, kimlərsə mütləq ağır cəza alsın. Biz sadəcə, ədalətli araşdırma istəyirik. Rasim Əliyevin ölümündə əli olan hər bir şəxsin əməlinə hüquqi qiymət verilməlidi. Amma bu məhkəmənin gedişatı göstərir ki, biz o istəyimizə nail ola bilməyəcəyik. Təəssüf. Dediklərim xüsusən həkimlərin məsuliyyətinə aiddi. Həkimlər məsuliyyətdən kənarda qalır”.
Xatırladaq ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb, 9-da səhərə yaxın 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Bu iş üzrə ümumilikdə 6 nəfər həbs olunub ki, onlardan biri də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovdur. Lakin onun işi istintaqın sonunda ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinə işinə baxılan 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda), Cavid Hüseynov isə CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə təqsirləndirilir.
Aytən