Yaxud, «böhran koması»na düşən sadə vətəndaş
Hökuməti uzun illər “dünya bizə paxıllıq edir”, “sürətli inkişaf modelimiz dünya üçün nümunədir”, “regionun lider dövlətiyik” kimi şüarlarla vətəndaşı yalanların təsirində saxlayıb. Neftdən gələn milyardlarla müəyyən parıltılar yaradılıb və əmiyyətə göstərilib ki, inkişaf belə olur. Insanlar da birtərəfli təbliğatın əhatəsində bu qənaətə gəliblər ki, pis yaşamaqlarının səbəbi fərasətsiz olmaqları, iş bacarmamaqlarıdır.
Amma artıq “sürətli inkişaf” təbliğatı iflasa uğrayıb və hamı sürətli böhranın şahididir. Sözün həqiqi mənasında əhalinin əksər hissəsi zəruri ehtiyaclarını ödəyə bilmir, adamlar çıxış yolunu intiharda görür və hökumət vəziyyətin normallaşması üçün heç bir addım atmır. Bütün bunlar azmış kimi “böhran bizə təsir etməyib” təbliğatı aparırlar. Deməli, vətəndaşı yüksək qiymətlərlə, borc faizləriylə, aşağı əmək haqqıyla, işsizliklə üz-üzə qoyublar və bütün bunlardan sonra böhranın təsirsizliyindən danışırlar. 200 manat əmək haqqı alan müəllim, devalvasiyadan sonra da eyni maaşa işləyir. Amma dünənə qədər 5 manata aldığı yağı, bu gün 7.5 manata alır. Guya, çörəyin qiymətini sabit saxlamaqla, böyük islahat həyata keçiriblər.
Bugünlərdə isə Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Quzanlı qəsəbəsində Ağdam, Laçın, Xocalı və Xocavənd rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əli Həsənov da bildirib ki, Azərbaycanda böhran hiss edilmədi. Ac vətəndaşın qarşısında bu ifadəni işlətmək, vətəndaşı təhqir etməkdir.
Bəli, böhran Əli Həsənova və onun komanda yoldaşlarına təsir etməyib. Əli Həsənov banka kredit ödəmir, ödəniş edə bilmədiyinə görə işığı, suyu, qazı kəsilmir, təhsil haqqı problemi yoxdur, soyuducusu doludur, 150-200 manatın ümidinə qalmayıb, müalicə olunmaq, dərman almaq çətinliyi yaşamır, kirayədə qalmır, işsizlikdən əziyyət çəkmir və s.
Ona görə də Əli Həsənov vətəndaşın yaşayışını öz arşını ilə ölçməsin. Bu ölkədə aylarla ət ala bilməyən, illərlə övladına üst geyimi ala bilməyən, borc içində batan yüzminlərlə ailə var.
Bəli, bahalı villalarda yaşayan, bahalı avtomobilərdə gəzən, dünyanın müxtəlif ölkələrində istirahət edən məmurlar üçün böhranın təsiri yoxdur. Əli Həsənov sabah nə tapıb yeyəcəyinin dərdini çəkməyib, övladına 2 manat yol pulu verə bilməməyin əzabını yaşamayıb, ona görə də gözlərinə böhran görünmür.
Amma bir həqiqət də var ki, Azərbaycan xalqı indiki böhrana görə ağır vəziyyətdə deyil. Yəni, xalqın böhranı devalvasiyadan, neftin qiymətinin ucuzlaşmasından sonra başlamayıb. Bu xalq milli valyuta dollardan baha olanda da, neft 130 dollar olanda da böhrandaydı. Yarıtmaz siyasət vətəndaşı elə vəziyyətə salıb ki, indiki böhran vətəndaş üçün qorxulu olmadı. Ölkə vətəndaşı illərdi böhranlara adaptasiya olunur. 5 manat tapıb evinə ət ala bilməyən adam üçün, ət qiymətinin 105 manat olması böhran deyil. Çünki, bu adam ət 5 manat olanda da ala bilmirdi.
Bəli, hökumət pulun çox olan vaxtı vətəndaşı elə böhrana saldı ki, pulun olmadığı vaxtda vətəndaş ciddi sarsıntı keçirmədi. Siz hansısa vətəndaşın neftin qiymətdən düşməsinə görə kədərləndiyini görmüsünüz? Görə bilməzsiniz, çünki sərvətlərin vətəndaşa heç bir aidiyyatı yoxdur.
Indi hökumət ölkədəki ağır vəziyyəti dünyadakı böhranla əlaqələndirmək istəyir. Reallıq isə budur ki, dünyada heç bir böhran yoxdur və dünya bu mərhələni adlayıb. Hansı Avropa ölkəsində milli valyuta 130 faiz devalvasiyaya uğrayıb, hansı dünya ölkəsində əhalinin az qala yarısı borc içindədir, o hansı ölkədir ki, bütün məhsulların qiyməti 30-40 faiz qalxıb? Çox uzağa getməyək, qonşu Gürcüstan və Ermənistanda vəziyyət sabit qalıb. Yəni, bu gün Azərbaycanla müqayisə etmək üçün heç bir ölkə yoxdur. Neft pullarının 95 milyardını ölkədən çıxardıb, bütün sahələri bir neçə məmurun monopoliyasına verib, korrupsiyanı dövlət siyasətinə çevirib, sonra da bu yarıtmazlığı dünya böhranıyla sığortalamaq istəyirlər.
Bir sözlə, ölkə vətəndaşı “böhran koması”na düşdüyü üçün ətrafda baş verənlər ona təsir etmir. Zərbələrdən bayılmış vətəndaşa, növbəti zərbələr həqiqətən də təsir etməz.
Ilham