Göz. Azərbaycan dilinin açıqlama sözlüyündə göz anlayışı ilə bağlı 12 səhifəlik açıqlama verilir. Başla bağlı 9, ürəklə bağlı 6 açıqlama. Görəsən, bu nədəndi belə? Nə üçün gözlə bağlı açıqlama belə geniş yer tutur. Sözsüz, bu, dilçilərdən, dilçi yaradıcılığından gəlmə bir iş-görsəniş deyil; xalq yaradıcılığından, xalqın gözə gözgörəsi, belə desək, daha sıcaq yanaşmasından, ola bilsin, daha böyük yaradıcılıqla yanaşmasından doğan görsənişdir. O daha böyük yaradıcılıqla yanaşma görsənişinin özünün də arxasında başqa bir faktor yatır: gözə ayrıca sevgi, ayrıca sayğı faktoru. Göz üstə; gözünə dönüm; gözüm üstə yerin var; canım-gözüm: bunlar yüksək sayğıyla, sevgiylə yanaşılan kimsəyə yönəlik göz gözəlləmələridir.
“Göz gördüyündən qorxar”,- deyirlər. Bəlkə, varlığımıza gərəklilik baxımından gözün funksiyaları eləcə görmə orqanı olmaqdan daha genişdir?! Bilmirəm, bildiyim yuxarıda gözlə bağlı göstərdiyim geniş, başımız, ürəyimizlə bağlı açıqlama göstəricilərindən çox geniş göstəricilərdir. Ilk baxışda gözlə bağlılığı olmayan “gözəl” sözünün özünün də kökündə-özülündə “göz” anlayışı durur. Hələ min illərdən bəri gözləri öyən sözlər-oxumalar! Alman filosofu A.Şopenhauer deyir: “Talant başqalarının vura bilmədiyi hədəfi vura bilir, dahi başqalarının görə bilmədiyi hədəfi vurur”. Düzdür, burada göz ayrıca deyil, başla-düşüncəylə birlikdə götürülür, ancaq hər necə olsa yenə göz gözlüyündə qalır. Üstəlik, dahinin dahilik bacarığı başqalarının görə bilmdiyini görə bilmək üstünlüyü ilə üstlənir, xarakterizə edilir. Gözünüzə sağlıq!
Açıqbaşa aparan yol
Göz görməzliyi – onu görənlər bilər. Gözlərim son çağlar çox pis görürdü. Çox-çox illər öncə, AzTV-də görəv yiyəsi olduğum çağlarda, yuxarılardakı bir sıra kimsələrin indi çoxlarına aydın olan kor siyasətləri üzündən işdə gözümün biri tutuldu. Moskvada, Fyodrov klinikasında “sinir sarsıntısından tutulma” diaqnozu ilə gözümü operasiya etdilər. Gərəkən sonuc alınmadı. Onda mənə yazıb-oxumaq, televizora baxmaq yasağı qoyuldu. Sonuncunu, bəlkə də, edə bilərdim, ancaq yazıb-oxumaq mənim yeniyetməlik çağlarından gələn alışqanlığım idi. Elə bu yasaqtanımaz alışqanlıq üzündən də getdikcə gözümlə yoldaşlığım yolagetməz olmuşdu.
Bəlli siyasi nədənlər üzündən bizim üçün çoxdan keçmiş olmuş AzTV-dəki keçmiş iş yoldaşlarımızdan biri gözlərini Türkiyədə operasiya etdirmiş, gözlüklə biryolluq üzülüşmüşdü. Hər görüşümüzdə o məni tezliklə pul tapıb Türkiyəyə getməyə, gözlüklə üzülüşməyə tələsdirirdi: “Pulun yoxdur, get kredit götür,- deyirdi,- operasiyadan sonra indi mənim yaşadığım sevinci yaşayacaqsan”. Onun dediyinə görə, Türkiyədə gözlərimi operasiya etdirmək üçün mənə 3 min dollaradək pul gərək idi. Türkiyədə, 3 min dollar. Nə üçün Türkiyədə, nə üçün üç min dollar? Bəs lap bu yaxınlaradək milyardlarla neft pullarının gəlib-getdiyi “mənim ölkəmin” sağlamlıq sistemi, “mənim dövlətimin” mənə qayğısı-sayğısı? Regionun lider dövləti! Ancelina Coli, Ledi Qaqa kimilərini gətirib bir oxumaya 2-3 milyon dollar verən dövlət! 20 milyon dollar verib hansısa Avropa futbol komandasının maykasına bir neçə oyunluq “Azərbaycan” adı yazdıran dövlət! 10 milyarddan keçməklə indiyədək ən varlı dövlətlərin belə yaxın qoymadığı Avropa oyunlarına ev yiyəliyi edən dövlət! Bir qrup ANTIMILLI, ANTIDEMOKRATIK xarakter-düşüncə yiyəsinin ələ keçirdiyi, milyonları göyə sovurduğu, milyardlara dədə malı kimi yiyələndiyi dövləti indi mən ayrıca olaraq görmək istəyirdim!
Bir çoxları kimi sonradan yox, Sovet dönəmindən bu ölkəmin, dövlətimin bağımsızlığı yolunda dönməz ardıcıllıqla, barışmaz prinsipiallıqla çarpışma aparmışam – umacaqsız çarpışma! Indi istər-istəməz umacaqlı olmuşdum. Kimdən? Bağımsızlığı uğrunda illərlə çarpışma apardığım dövlətimdən! Görün bu dövlətin başında duran kimsə nə deyir: “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur”. Mən Azərbaycan vətəndaşı olaraq, özü də Koroğlu kimi LAYIQLI vətəndaş olaraq (I.Əliyev: “Koroğlu layiqli vətəndaş olub”) bu dövləti sosial yönümdən görüb-tanımaq istəyirdim. Xudu Məmmədov deyirdi: “Uşaqlara Vətəni sevməyi öyrətmək gərək deyil, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər”. Yalnız uşaqlara deyil, böyüklərə də Vətəni tanıtmaq gərəkdir. Tanıtmaq gərəkdir – yalanla, yalançı sosial dövlətlə deyil, gerçək sosial dövlətlə. Belədə onlar Koroğlu kimi, yeri gəlsə, Koroğludan da artıq LAYIQLI vətəndaş olacaqlar.
Kimlərsə bu ölkədə yaşamırmış kimi televiziya ekranlarından balacalı-böyüklü izləyicilərə ölkəni, dövləti sevmək çağırışlarında bulunurlar. Keçməz! Sevgi çağırışla olmur. Ortada sevgi doğuracaq görsənişlər – faktorlar olmalıdır. Bir daha demək gərəkir: burada başlıca faktor sosial dövlət – güvənli dövlət faktorudur! Ortada gərəkirkən yurddaşa-vətəndaşa dayaq duran, güvən yaradan dövlət yoxdursa, belə bir dövlət yerinə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında yurddaşa-vətəndaşa qan udduran dövlət varsa, onda, uzaqbaşı, bəlli komunist şairin “səni sevəcəyəm, sən sevməsən də” yalançı-platonik sevgisindən özgə sevgi gözləməyə dəyməz. Vətəndaş-dövlət sevgisi yalnız qarşılıqlı olmaqla baş tuta, effektli ola bilər. “Mənim dövlətim” anlayışını, bu anlayışın arxasındakı sevgini, sayğını hərbi-polis rejimi doğurmur, doğura bilməz. “Mənim dövlətim” demək yurddaş-vətəndaş sevgisini, yurddaş-vətəndaş güvənini doğuran-doğrulayan dövlət deməkdir. O dövləti göstərin, ayağına baş qoyaq!
Azərbaycanda ilkin yaranış çağlarından Əflatun Amaşova tapşırılmış Mətbuat Şurası başda olmaqla çoxlu jurnalist qurumu var. Yaranış ilkəsinə görə bu qurumlar jurnalistikaya, gərəkirkən jurnalistlərə yardım etmək üçündür. Bundan ötrü onlar hakimiyətdən də, Avropa demokratiyasından da çoxlu qrant-yardımlar alırlar. Ancaq… bütünlüklə rejim kurasiyasında olduqlarından onlar rejim prinsiplərinə uyğun olaraq demokratik jurnalistikaya, demokratik jurnalistlərə yağıcasına yanaşırlar. Bu baxımdan mənim onlardan indiyədək umacağım olmayıb, ola bilməz.
Bəlkə də, mən Mətbuat Şurasına üz tutsaydım, Ə.Amaşov yoldaş mənə az-çox gizli yardımda bulunardı, ancaq mən böyük humanizm örnəyi göstərərək bunu da etmədim. Nə üçün? Ilkin çağlarıdanca “Mən prerzident seçilsəm, bütün xalqın, hamının prezidenti olacam” deyən Ilham Əliyev son 13 il boyunca 3 yol prezident “seçilsə” də, indiyədək bütün xalqın – hamının prezidenti olmayıb, ola bilməyib. I.Əliyev Bakıdan tutmuş Qırmızı Körpü gömrüyünədək yalnız bəlli bir kateqoriyadan olanların prezidenti olub, olmaqdadır. Mən o kateqoriyadan çox uzaq olduğumdan, özümün ulusalçı-milli ideologiyama uyuğun olaraq o kateqoriya ilə barışmaz konfliktdə olduğumdan Ə.Amaşovun mənim kimi bir jurnalistə yardım etdiyini bilən I.Əliyev bu yaxınlarda pay verdiyi deputat mandatı başda olmaqla indiyədək verdiklərinin hamısını əlindən almaqla onu Gürcüstanadək qovardı. Bax, bir də bu baxımdan mən böyük çətinliklə üzləşsəm də, böyük humanizm sərgiləyərək yoldaş Amaşaovun Mətbuat Şurasından yardım istəyində bulunmadım.
Bizim bu siyasi-ideoloji, sosial-ekonomik sorunlarla dopdolu ölkəmizdə bahadırlıq üçün gündəlik geniş meydan olsa da (ən azı, Feysbukda), demokratik baxışların “dövlətə xəyanət”, “dövlətin imicinə zərbə” olaraq dəyərləndirilməklə repressiya ilə sonuclandığı rejimdə hamıdan, hər kimsədən bahadırlıq gözləməyə dəyməz. Eləcə də rejimə qulluq yoluyla deputatlığa gəlib çıxmış Ə.Amaşaov yoldaşdan…
Iş dostlara qalırdı… Sonra Gürcüstana getmək məsələsi çözülməliydi. Bundan beləsi bütünlüklə Şahvələd bəyin boynuna düşürdü. O, dostu, Gürcüstandakı “Lanset” klinikasının başçısı Fərman Ceyranlı ilə danışmalı idi. Beləcə, Gürcüstanla danışıqlar başladı. Çox keçmədən Fərman doktordan soraq gəldi: “Gəlsin”. Elə o günü Fimar xanımla qatara bilet alıb yola düşdük. Azərbaycandan Gürcüstana böyük axın olduğunu bildiyimdən qatara bilet almaq çətinliyi ilə üzləşəcəyimizi düşünürdüm. Ancaq, sən demə, Gürcüstana gedən qatar “Həştərxana gedən gəmi…” deyilmiş: boş gedib, boş gəlirmiş (Bununla bağlı az sonra).
Gözümüz aydın
Gözümüz aydın!- bu da “Lanset” klinikası. 7 aylıq çalışmadan, gözləntidən sonra gələcəyimiz bir yerə gəlib çıxdıq. Klinika Tiflisin qurtaracağında, Batum yolunun üstündədir. Demək, belə: “Tiflis Mol”a az qalmış sola dönürsən (bunu klinikaya getmək istəyənlər üçün yazıram). Klinikanın qapısından içəri girənləri ilkin olaraq böyük bayraqlar qarşılayır – yanaşı qoyulmuş Azərbaycan bayrağı ilə Gürcüstan bayrağı. Sonradan görəcəyimiz kimi, klinikanın giriş qapısından tutmuş otaqlara, yeməkxanayadək hər yerə iki bayraq yanaşı qoyulub. Bu isə doktor Fərman Ceyranlının Azərbaycan sevgisinin görsənişlərindən biridir.
Doktor bizi böyük sayğıyla qarşılayır. Sonra gözümü operasiya edəcək həkimi çağırır. Leyla Nemsadze ilə qarşılıqlı tanışlıq yaradır. Leyla xanıma (bu, gürcülərdə geniş yayılmış adlardandır) məni Azərbaycanın ən dəyərli jurnalistlərindən biri olaraq tanıdır. Düzü, utanıram. Özü də çox utanıram: Azərbaycan kimi doğal resurslarla dolu, bu üzdən dedikcə varlı bir ölkənin “ən dəyərli jurnalisti” doğal resurslar baxımından olduqca yoxsul Gürcüstana sağlamlıq dalınca yollanırsa, bu fakt özünə, ölkəsinə sayğısı, sevgisi olan kimsədə yalnız utanc duyğusu doğura bilər. Fərman doktor mənimlə bağlı aşırı öygüsüylə Leyla xanımın qarşısında mənə utanc yaşatdı.
Bizim ölkəmizin bugünkü durumu belədir: hakimiyət varlı-milyarder, xalq yoxsul. Saakaşvilidən bu yana DEMOKRATIYA yoluna çıxmış Gürcüstanda bu gün DEMOKRATIK rejim prinsiplərinə uyğun olaraq xalqın çoxlu üstünlükləri var. ANTIMILLI, ANTIDEMOKRATIK rejim üzündən bu gün boylu (ərəbcə, hamilə) qadınların belə, qul bazarına yollandığı Azərbaycanda xalqa qazandırılan başlıca üstünlük batdığı borc üzündən Koroğlu körpüsünə qalxıb, özünü ömrü boyu bircə yol qalxdığı, qalxa bildiyi ucalıqdan-hündürlükdən ölümün qucağına atmaq üstünlüyüdür…
Noyabrın 19-da Leyla xanım sağ gözümü operasiya etdi. Bir gün sonra saat 11-də o, yoxlama otağında gözümün sarğısını açacaqdı. Onadək mən sarğıya əl vurmamalı idim. O gün yeni nəsə gözləyən bir uşaq tələskənliyi ilə tezdəndən durmuşdum. Necə gördüyümü bilmək istəyindən özümü saxlaya bilmədim; sarğını azacıq aralamaqla gözümün ucuyla pəncərədən çölə baxdım: hər yan ağ idi! Qar yağmamışdı, ancaq dünyanı indiyədək gördüyümdən çox-çox işıqlı, ağ görürdüm.
Leyla xanım gözümün sarığını açdı: otaq, otaqdakı tibb bacıları, həkimlər, pəncərədən gördüyüm dünya – hamısı ağappaq idi. Hər yan gənclik çağlarımda gördüyüm kimiydi! Sevinirdim. Mənə elə gəlir, Leyla xanım, operasiya çağı onunla birgə çalışanlar məndən çox sevinirdilər: uğurlu işlərinə görə!
Bir neçə gün klinikada qaldım. Hər gün tezdəndən durub pəncərədən çölə, az aralıdakı dağa, dağdakı ağaclığa baxır, göz gədirirdim. O dağı da, dağdakı ağaclığı da opresiyadan sonra aydın, olduğu kimi görməyə başlamışdım. Dağın o üzündən 7 ağac başı görünürdü – 7 şam ağacı. Hər gün tezdən durcağın o ağacları sayırdım: 1, 2, 3, 4, 5, 6, 7. Görür, sayır, sevinirdim. Gözün aydın, gözüm, görürsən, demək; görürsən dünyanı olduğu kimi!
Gözümün sarığı açılan gün Tiflisdə Günəşli bir gün idi. Tezcə Tiflisin qaynar yerlərinə gedib gəzmək, adamlara baxmaq istəyirdim. Bir də, həkimin tapşırığına uyğun olaraq, gözün qorunması üçün qara gözlük almaq gərək idi. Getdik. Keçdiyimiz yollar, küçələr, binalar, ağaclar, adamlar hamısı ağappaq idi! Sevinir, çox sevinirdim. Çox istərdim bu sevinci mənə illərlə bağımsızlığı, qalxınması, yüksəlişi yolunda çalışdığım dövlətim qazandıraydı. “Dövlətim” deyirəm, mənim dövlətim varmı? Olsaydı…
ardı var