Qadir İbrahimli: «Neftin qiyməti daha kəskin şəkildə ucuzlaşsa, hökumət növbəti devalvasiyaya gedəcək»
Azərbaycanda nəğd xarici valyuta ilə mübadilə əməliyyatlarının həcmi 2015-ci ilin dekabr ayında kəskin artıb. Mərkəzi Bankın məlumatına görə, artım əsasən nəğd dollarla mübadilə əməliyyatlarında baş verib. Bu qəbildən olan əməliyyatlar dekabrda noyabrla müqayisədə iki dəfədən çox artaraq, 1 milyard 596 milyon 549 min 400 dollar təşkil edib.
Əhalinin dekabrda dollara tələbatı 2015-ci il ərzində fevral və apreldən sonra ən yüksək üçüncü hesabat ayı olub. Il ərzində dollara maksimal tələb isə fevralda müşahidə olunub. Beləliklə, dekabr ayında bankların xalis dollar satışı 1 milyard 208 milyon 237 min 800 dollar təşkil edib. Bu, aylıq müqayisədə 2,2 dəfə çoxdur.
Əhalinin xalis dollar tələbi 2015-ci ilin yekununda 8 milyard 839 milyon 190 min 500 dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 47,4 faiz çoxdur.
Adətən, belə kəskin artım manatın dollar qarşısında dəyərdən düşməsilə nəticələnir. Bu göstəricilər fonunda qarşıdakı aylarda növbəti devalvasiya təhlükəsi nə dərəcədə realdır?
Iqtisadçı-ekspert Qadir Ibrahimli dollarla bağlı artımı devalvasiyanın yaratdığı ajiotaj kimi xarakterizə edir. Ekspert deyir ki, devalvasiya risklərindən qorunmaq üçün həmin ərəfədə əhali əlində olan sərbəst pul vəsaitini təcili dollarlaşdırdı. Ona görə də istər-istəməz qısamüddətli dollar tələbatı artdı: “Artıq dollara tələbat aşağı düşüb. Həmin qrup əmanətini dollara çevirərək bazardan çəkilib, ikinci böyük qrup isə idxalçılar idi. Ölkəyə idxal yanvar ayında 65-70 faiz arası azalıb. Idxaldakı azalma da dollara olan tələbatın kəskin şəkildə azalması deməkdir. Çünki dollara tələbatı ən çox idxalçılar yaradırdı. Yaxın aylar ərzində devalvasiya təhlükəsini gözləmirəm. Indiki şərtlər daxilində manatın ilin sonuna qədər sabit qalması mümkündür. Amma bu, əlbəttə ki, ehtimaldır və neftin qiyməti daha kəskin şəkildə ucuzlaşsa, hökumət növbəti devalvasiyaya gedəcək”.
Nigar