Məhəmməd Talıblı
“Cənubi Afrikanın problemlərininin həlli xüsusi proqramlarda deyil, bu konstruktiv hərəkətdədir. Bu sədəqə və rifah deyil.”
Professor Uolter Vilyams, “Kapitalizmə qarşı Cənubi Afrika müharibəsi” (1986) kitabı
Ölkədə bu qədər nazirlik və komitələrin tərkibində çoxlu sayda elmi-tədqiqat insitutları, islahatlar mərkəzləri və iqtisadi yönlü araşdırma qurumları mövcuddur. Dövlət büdcəsindən böyük vəsaitlər hesabına maliyyələşən belə tədqiqat insitutlarının böhranla bağlı hansı tövhələrini gördünüz? Yaxud dövlət büdcəsindən maliyyələşən QHT-ə Dəstək Şurasının dəstəklədiyi təşkilatın hansısa məhsulları ilə tanış oldunuz?QHT Şurası özünün dost-çevrəsində olan QHT-ə milyonlarla manat həcmində qrantlar paylayıb. Həmin layihələrin adını oxuyanda insanı gülmək tutur. İndi agent dalğası vurduqları “hambal” QHT-lər KONQO-ın əvəzindən proqramlar hazırlamalıdırlar?
Antiböhranla bağlı proqramın səmərəli olacağına az inamımın kökündə duran amillərə qayıdaq:
Sektorlararası zəif bağlantı və sinergetik təsirsizlik
Antöhran tədbirləri yalnız maliyyə sahəsində islahatları əhatə etməməlidir. Onun əhatə etdiyi dairənin bütün sektorlarla birbaşa və ya dolayı bağlantıları mövcuddur.Antiböhran istiqaməti üzrə aparılan siyasət nəticəsində bir sahədəki təsiri digər sektor qəbul etməyi və tamamlamağı bacarmalıdır. Məsələn, deyək ki, aqrar bölgələrdə məşğul əhalinin işlə təminatını həll etmək,onların Bakıya gəlişini əngəlləmək və sosial gərginliyi azaldılması tədbirlərə start veririk. Aqrar sahə ilə bağlı aparılan idxal-ixrac əməliyyatlarının hədəfini gömrük orqanları başa düşməlidir. Amma geçmiş ənənələrin mövcud olduğu və korrupsiya “vergisinin” əsas vintə çevrildiyi bir sistemdə belə islahatlar fayda verə bilməz. Sektorların qarşılıqlı təsiri və iqtisadi strukturların “dueti” o zaman nəticə verə bilər ki, vahid strategiya üçün birgə hərəkət hiss olunsun. Yəni bir nazirliyin addımları ilə digər dövlət qurumunun koordinasiyası zəif təşkil olunmasın.İndiki halda hər bir nazirlik və ya komitənin sahəvi maraqları yox, korporativ maraqlar müdafiə etdikləri halda nəinki həmin proqramın özü,hətta imitasiya maketi ortada olacaq.
Siyasi iradənin gücü
Fikrimcə, proqramın effektivliyi təkcə onun konseptual və institsional aspektlərinin təkmilliyi ilə ölçülə bilməz. Proqramın effektivliyi hakim siyasi iradənin olmasından çox asılıdır. Əgər ortada siyasi iradə güclü islahatların ruhu ilə bağlı olmasa, islahat zəngiri hansısa həlqədə qırılacaq. Buna hakim siyasi iradə nə qədər riayyət edərsə, bu bir o qədər nəticə verə bilər. Demək, hakim siyasi iradə islahatlarda israrlı gerçəkləşdirməli və onu yarıda saxlamaq kimi natamam fikri olmamalıdır. Bu məsələdə hökumət davamlı və təkidli olmalıdır. Yəni islahatları sonacan dəstəkləməlidir ki, proqram effektiv olsun.Vəziyyət bir az düzələn kimi yenidən populist layihələrə start verməməli və “fil” layihələrinə meyl göstərməməlidir.
İslahatların vizionu və əsas resursları
İslahatlar deyəndə təkcə sosial-iqtisadi inkişafa maneə olan kələ-kötür daşları bir kənara atmaqbaş düşülməməlidir. Bu bütün sahələr üçün kompleks açılımları özündə ehtiva etməlidir. İqtisadi nəticələr 3 və ya 5 ilə aradan qaldırılacaqsa, bu zaman sabit siyasi sistemin və dinamik proseslərin də olması vacibdir. Bu isə siyasi və hüquqi islahatlarsız mümkün olmayacaq.İslahatların aparılmasında bir neçə vacib komponent lazımdır: işlək və təkmil proqram, çevik və hazırlıqlı komanda, səlahiyyət bölgüsü, maliyyə resursları! İndiki hakimiyyət komandası ilə ortaya qoyulacaq proqramı belə icra etmək qeyri-realdır. Çünki, dövlət qurumlarının səlahiyyət bölgüsü onların hədəf və funsionallığına adekvatlıqdan daha çox, hansı nazirə münasibətin çəkisi(nüfuzu) ilə ölçülür. Dövlət qurumlarının həyata keçirməli olduğu islahatların əhatə dairəsi və ona müvafiq səlahiyyət çərçivələri dəqiqləşməlidir. İslahatların aparılmasında maliyyə resursunun hansı mənbələr hesabına təmin edilməsi də asan məsələ deyil. Xüsusuilə indiki həssas məqamda bu çox düşündürücüdür. Hansı şərtlərlə alınacaq və ona nəzarət mexanizminin necə təşkil ediləcəyi də dəqiqləşməlidir.
Qısavədəli addımlar və strateji hədəf uyğunsuzluğu
Belə bir proqram sadəcə olaraq vəziyyətdən çıxmaq üçün deyil. Qısamüddətli stabilləşdirmə həm də onun uzunmüddətli inkişafı stimullaşdırmalıdır. İndi atılacaq addımlar hesabına vəziyyət düzələcək, sonra yenə hər şeyi unudub köhnə yola qayıdılacaq. Belə vəziyyət antiböhran tədbirlərinin sistemi xarakter almasını zədələyən ən çox ehtimal olunan variantdır. Ona görə biz bilməsək ki, barmaqla sayılacaq məhsullar üzrə dünyada dar ixtisaslaşmanı təmin edib beynəlxalq əmək bölgüsü prosesində rolumuzu müəyyənləşdirməyəcəyik, onda qeyri-neft ixracatımız qeyri-müəyyən formada inkişa edəcək.Buna görə böhrandan çıxmaq üçün xaricə ixrac olunası məhsullarımızı və onun istehsalçı şirkətlərimizin azad mühitdə uğur qazanmaq imkanlarına nail olmaq lazımdır.
İqtisadi inteqrasiya və birliklərdə təmsilçiliyin zəruriliyi
Böhrandan çıxış yollarından biri də ölkənin beynəlxalq iqtisadi birliklərlə əlaqələrin intensivləşməsi və birgə layihələrdə iştirakın vacibliyidir.Həmin təşkilatla qarşılıqlı əlaqəli formada birgə yardım proqramlarının həyata keçirilməsi qaçılmazdır. Bunun üçün bir neçə beynəlxalq təşkilatlarda fəaliyyəti təmin etməliyik. Amma indiki hökumət iqtisadi islahatların aparılması və liberailzim yaranmasını özünə böyük təhlükə kimi görür. Ona görə kiçik və orta sahibkarlığın yaradılmasını və onun nəticəsində orta təbəqənin yaranmasını özünə ən böyük təhlükə mənbəyi kimi baxır. Ona görə, beynəlxalq birliklərdə təmsil olunmaqla islahatlara gedilməsi ən əsas istiqamət olmalıdır. Xüsusuilə Ümümdünya Ticarət Təşkilatına üzvlük və Avropa İttifaqı ilə proqramlar(ŞTP) üzrə fəaliyyətin genişlənməsi çox vacibdir. 18 ildir ki, ÜTT-ə üzv ola bilməyənvə Aİ-da real məzmunlu islahatları həyata keçirməyən hökumətin qısa bir zaman kəsiyində belə birliklərdə bərabərhüquqlu subyekt kimi təmsil olunacağına inanmaq çətindir. Bu isə xarici impulslar hesabına islahatları dəstəkləmək istiqamətində kənar dəstəyin olmasından məhrum olmaq deməkdir.
Nəticələrin ölçülə bilməməsi
Proqramların faydası prosesin özündən daha çox, onun nəticələri ilə bağlı olmalıdır. Proqramın konkretliyi onun nəticələrininnecə olmasından asılıdır. Nəticələrin isə öncədən ölçülə bilən olmasını şərtləndirən göstəricilər olmalıdır ki, onların əsasında biz proqramın keyfiyyətini ölçə bilək. Əgər həmin proqram üçün elə bir indikatorlar mövcud olmayacaqsa, o zaman ümumi fəaliyyəti qiymətləndirmək də çətin olacaq. Qeyd etdiyimiz indikatorların hazırlanmaması vəproqramın doğru olmayan diaqnozu eyni zamanda başda maliyyə olmaqla digər resursların itkisi deməkdir. Bu zaman həmin antiböhran proqramının da effektivliyi olmayacaq.
Nəhayət, antiböhran proqramının nəticə verə biləcəyinə ona görə pessimist yanaşıram ki, bu fərqli müstəvidə tamam fərqli komanda ilə həmin işin görülməsinə cəhd edilir. Bu uğursuz təşəbbüsdür və nəticə verməyəcək.Bu yerdə böyük demokrat Elçibəyin dəyərli bir fikrini xatırlamaq yerinə düşür: “Cəngəllikdə səhrə qanunları ilə yaşamaq olmaz.” Yəni, başqa müstəvidə tamam fərqli oyun qaydaları ilə hərəkət etmək qələbəyə gətirib çıxarmayacaq. Necə ki, fərqli orqanizmdə oxşar metodlarla müalicə eyni nəticəyə gətirib çıxarmır.