Bankların konsodilasiyası işsiz bankirlər ordusunun yaranmasına səbəb olub
Ölkənin bank sektorunu ixtisarlar dalğası bürüyüb. Bu, virtualaz.org-un araşdırmaları nəticəsində üzə çıxıb. Sayt yazır ki, ilin əvvəlindən bəri bank sektorunda minlərlə iş yeri ya bağlanıb, ya ixtisara düşüb. Bağlanan banklardan “Atrabank” ASC-nin Insan Resursları Departamentinin direktoru Cəmilə Məmmədovanın virtualaz.org saytına verdiyi məlumata görə, bankın cəmi 200 işçisi olub. Yəni “Atrabank”ın bağlanması 200 nəfəri işsiz qoyub.
“Gəncəbank”, “Bank of Azerbaijan”, “Qafqaz Inkişaf Bankı”ndan suallara cavab almaq mümkün olmayıb. “United Credit Bank”ın saytında işçilərin sayı barədə 2008-ci ilə olan məlumat yer alır, göstərilir ki, bankın 88 işçisi olub. “Texnikabank”da isə görünür hamı Mərkəzi Bankın dünən açıqladığı qərarın təsiri altında idi və bankdan işçilərin sayını dəqiqləşdirmək mümkün olmadı. Ancaq sektordakı mənbələr bu bankda filiallarla birlikdə yüzlərlə işçinin işlədiyini deyir.
Fəaliyyəti dayandırılan banklarda işləyənlərin hamısının işsiz qalması bir yana, birləşən banklarda da ixtisarlar qaçılmazdır. Mərkəzi Bank hələlik “AGBank” və “Dəmirbank”ın konsolidasiyası barədə qərar qəbul edib. Xəbərlərə görə daha 6 bank arasında birləşmə barədə danışıqlar gedir və onların birləşməsi əsasında iki yeni bank yaranacaq. Bu da o deməkdir ki, həmin banklarda işçilərin kəskin ixtisarı olacaq.
“Dəmirbank”ın adının açıqlanmasını istəməyən əməkdaşının verdiyi məlumata görə, bankın 4 filialı bağlanıb və təxminən 450 işçi ixtisara düşüb: “Əsasən yeni işə götürülənlər işdən çıxarılır. Aldığımız məlumata görə, ixtisarlar hələ davam edəcək”.
Bankın dünən mətbuatda yaydığı rəsmi məlumatda isə yalnız 35 işçinin ixtisara düşdüyü qeyd olunur: “Biznes proseslərin avtomatlaşdırılması həm də resurslara qənaət edilməsinə gətirib çıxarır. Bunun sayəsində işçi sayının da optimallaşdırılması mümkün olmuşdur. Sentyabr ayında Bankda çalışanların sayını ilin başlanğıcıyla müqayisə etsək, 3% (35 nəfər) azalma olduğunu görərik”.
“Dəmir bankın” birləşəcəyi “AGBank”dan isə bildirilib ki, hələlik konsolidasiyaya görə ixtisar yoxdur. Bankın biznesin inkişafı departamentinin direktoru Nicat Məmmədli virtualaz.org-a açıqlamasında ixtisarların olduğunu, amma bunun konsolidasiya qərarı ilə bağlı olmadığını deyib.
Bağlanan və konsolidasiya qərarı çıxarılan banklarla yanaşı digər banklarda da vəziyyət ürəkaçan deyil. Belə ki, “Unibank”ın artıq 4 – “Həzi Aslanov”, Hövsan, “Həsən Əliyev” və “Sumqayıt” filialının bağlandığı və 700-ə yaxın işçinin işdən çıxarıldığı bildirilir. Bu barədə bankın ixtisara düşən əməkdaşları məlumat verib. Əməkdaşın sözlərinə görə, işdən çıxarılanlara konpensasiya olaraq iki aylıq maaşları ödənilir.
Bir neçə gün əvvəl isə “Əmrahbank”da ixtisarlar başlayıb. Bankın ixtisara düşən əməkdaşının virtualaz.org-a verdiyi məlumata görə, hər filialdan minimum 3 nəfər işdən çıxarılır: ?Bankın 22 filialı var, hərəsindən minimum 3 işçi hesablasaq cəmi 60-dan çox əməkdaşın işsiz qaldığını demək olar. Eşitdiyimə görə bu hələ son deyil, ixtisar davam edəcək”.