Xaricdən borc almaq yox, daxildəki resursları işə salmaq lazımdır
Hakimiyyət ölkə əhalisini ağlamalı günə salsa da, ölkəni bütün dünyada gülünc vəziyyətə qoyub. Bəli, valyuta ehtiyatlarımız azalıb, kütləvi işsizlik hökm sürür, ölkə əhalisinin 1/3-i borc içindədir və yeganə gəlir mənbəyimiz olan neft hər gün “kliniki ölüm” keçirir. Amma ən dəhşətlisi budur ki, ölkədən son 10 ildə 95 milyard pul çıxarılıb və bu pulun 1 faizi ölkəyə qaytarılsa, xeyli problem həllini tapar.
Bəs, dünya bizə niyə gülür, niyə Azərbaycanla bağlı ironik vəziyyət yaranıb? Çünki, Azərbyacanın özündə xeyli maliyyə mənbəyi olmasına baxmayaraq, hökumətimiz dünyaya əl açıb pul istəyir. Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib. Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar-4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək. “Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”,- deyə o bildirib.
Həqiqətən də tragikomik mənzərədir. Deməli, hakimiyyət gələcək nəsilərin çiyninə milyardlara borcu yükləməyə, ölkəni xaricdən asılı vəziyyətə salmağa hazırdı, amma illərlə yığdıqlarını ölkəyə qaytarmağa qətiyyən razı deyillər.
Niyə Ilham Əliyev komandasına səslənmir? Ilk növbədə özü, ardınca da komandasının “pul çuvalları” ortaya “məhsul” qoysunlar. Təbii ki, bunu rəsmi şəkildə edə bilməzlər və bu, hakimiyyətin oğurluğunun nümayişkaranə etirafı olar. Heç olmasa qeyri-rəsmi belə bir addım atmaq olar. Bu ölkədə istənilən icra başçısının, komitə sədrinin, prokurorun, nazirin varidatı ilə 1000-lərlə insanın işləyə biləcəyi müəssisələr açmaq olar. Xarici investorları ölkəyə cəlb etməkdənsə, daxildəki mənbəni işə salmaq lazımdır. Onsuz da heç bir ağlı başında olan investor indiki reallıqda bu ölkəyə yatırım etməz.
Bir daha qeyd edirik ki, Azərbyacanın xarici banklardan 4 milyard kredit götürməsi, bunun “ənənə” halına çevrilməsi təhlükəlidir və buna ehtiyac yoxdur.
Sadəcə olaraq Ilham Əliyev özündə iradə tapıb, komandanı silkələməlidi. Ölkənin özündə kifayət qədər maliyyə mənbələri olduğu halda dünyadan borc dilənmək, cinayətə bərabər addımdır. Eyni zamanda bütün dünyanın gülüş hədəfinə çevrilmək, qeyri-ciddi reputasiya deməkdir. Onsuz da beynəlxalq hesabatlar bütün dünyaya məlumdur və hamı bilir ki, bu ölkədə qeyri-rəsmi kifayət qədər milyarder var. Dünya həm də şokdadır ki, bir hökumət öz xalqına necə bu qədər qənim kəsilə bilər?
Biz demirik ki, Ilham Əliyev komandasını asıb-kəssin. O bunu edə də bilməz. Çünki, öz bioqrafiyası komandadan fərqli deyil. Sadəcə olaraq öz nümunəsini ortaya qoyub, başqalarına da çağırış edə bilər. Ən böyük maliyyə mənbəyi, ən asan anti-böhran layihəsi ölkənin içindədir. Dağa-daşa düşməyə ehtiyac yoxdur.
Akif