Hökumət Azərbaycanın adını «ən pis»lərin sırasına salıb
Hökumət böhrandan çıxmaq üçün xaricidən borc almaq, ölkəyə investorlar cəlb etmək istəyir. Təbii ki, ölkəni böhrandan çıxarmaq üçün bu addımları atmamaq da olar. Yəni milyarder məmurlar ölkədən oğurladıqlarının 1-2 fazini büdcəyə yönəltsələr, problemi həll etmək olar. Amma biz hökumətimizə bələdik və bilirik ki, dövlətin maraqları naminə qəpiklərindən də keçməzlər.
Məsələ burasındadır ki, xaricdən borc götürmək, ölkəyə investorlar cəlb etmək üçün də münbit mənzərə yoxdur. Yəni bütün beynəlxalq hesabatlarda Azərbyacanın adı “ən pis”lərin cərgəsindədir.
Məsələn, “Human Rights Watch” təşkilatının insan haqları ilə bağlı illik hesabatının Azərbaycanla bağlı hissəsində belə deyilir. “Hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası onları pərən-pərən salıb. Aparıcı hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlər siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. Insan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib…
Yaxud “Freedom House” təşkilatının 2016-cı il üçün hesabatı “Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” (Anxious Dictators, Wavering Democracies: Global Freedom under Pressure) adlanır.
“Freedom House” təşkilatının illik hesabatında dünyanın 195 ölkəsi azad, qismən azad və azad olmayan adlı üç qrupa bölünüb. 86 ölkə azad, 59 ölkə qismən azad, 50 ölkə isə azad olmayan kateqoriyasına daxil edilib. Azərbaycan bu siyahıda “azad olmayan”lar sırasındadır.
Son olaraq isə Transparency International təşkilatı ənənəvi illik “Korrupsiyanı Qavrama Indeksi 2015″ (Corruption Perceptions Index 2015) hesabatını açıqlayıb. Bu reytinqdə dünya ölkələrində qavranılan korrupsiyanın dərəcəsi 0 balla 100 bal arasında qiymətləndirilib. 0 bal ən korrupsiyalı, 100 bal isə ”ən təmiz” ölkənin göstəricisidir. Bu hesabatda Azərbaycanın adı xüsusi olaraq çəkilir. Azərbaycan sənədin Avropa və Mərkəzi Asiya bölümündə “yaxşı” və “pis” fəsillərindən “ən pis”ə düşüb. Yəni ölkəmiz yenə də “korrupsiya çempionu” olub.
Bütün bunlardan sonra hansı ölkə Azərbaycana borc verər, hansı investor ölkəyə sərmayə yatırar? Ölkədə müstəqil məhkəmə sistemi yoxdursa, monopoliyalar meydan sulayırsa, azad sahibkarlıq dəfn edilibsə, bank sektoru iflasa uğrayıbsa, milli valyuta 130 faiz dəyərdən düşübsə, həmin ölkə cazibədar ola bilərmi? Üstəlik, bu ölkə “korrupsiya çempionu”dur.
Demək istəyirik ki, mövcud hakimiyyət təkcə dövlətin sərvətlərini oğurlamayıb, təkcə təhsili, səhiyyəni. Məhkəmə sitemini dağıtmayıb, həm də dövlətin imicini məhv edib. Nəticə isə bundan ibarətdir ki, bütün parametrlər üzrə Azərbaycandan dəfələrlə az potensialı olan Gürcüstan dünya üçün daha cazibədar ölkəyə çevrilib.
Heç kim qonşusundakı tərbiyəsiz oğlana qız vermək istəməz. Hökumət Azərbaycanı həmin “tərbiyəsiz uşaq”ın vəziyyətinə salıb. Heç kim bizimlə “oynamaq” istəmir.
Bütün bunlardan sonra ölkə başçısının ölkəyə investor cəlb etmək niyyəti, külli miqdarda borc almaq istəyi real görünmür. Onsuz da xarici borclar kifayət qədər çoxdur.
Bir sözlə, ölkə elə bir bataqlığa salınıb ki, oradan çıxmaq üçün real addımlar atmaq lazımdır. Əvvəl dövlətin imicini bərpa etmək, demokratik idarəetməyə keçmək lazımdır ki, sonra dünyaya əl aça biləsən.