Nemət Əliyev: «Azərbaycanın bütün bank sistemi pis durumdadır»
Bir-birinin ardınca ölkədəki kommersiya bankları bağlanır. Mərkəzi Bank yürütdüyü bu siyasəti ilə bankların birləşmə prosesini bir növ başlatmış olur. Amma sual olunan odur ki, bu sərt siyasətə nə ehtiyac var idi. Çünki ötən müddət ərzində bu addım atılmayıb. Hazırkı vəziyyətdə isə bu təşəbbüs iş yerlərinin sayının kəskin azalmasına səbəb olacaq. Bu da işsizlərin sayının daha da artması deməkdir. Bankların bağlanması hakimiyyətə nə verir?
MB-nin qəbul etdiyi qərarlarla 6 bankın lisenziyasının ləğv edildiyini deyən iqtisadçı Nemət Əliyev bildirdi ki, MB-nin açıqlamasına görə, bu banklar kreditorlar qarşısında vəzifələrini yerinə yetirə bilmirdi. N.Əliyevin sözlərinə görə, əgər doğrudanda belədirsə, həmin bankların fəaliyyət göstərməyindənsə, göstərməməsi məsləhətdir: “Banklar bir qayda olaraq əhalidən depozitləri cəlb edib, özlərinin də kapitalını əlavə etməklə ölkə iqtisadiyyatının kreditləşdirilməsini həyata keçirir. Banklar bu fəaliyyətdən əldə olunan faizlər hesabına gəlirlər əldə edir. Əgər banklar yalnız əhalidən və təşkilatlardan əmanət, depozit cəlb edib öhdəlikləri yerinə yetirmək gücündə deyilsə, bu, sabah böyük problemlər yaradacaq. Əgər əhalidən alınan pulun yerləşdirilmə müddəti var. Həmin müddət başa çatdıqdan sonra faizlər verilməlidir, əmanətlər qaytarılmalıdır. Eyni zamanda Mərkəzi Bank bu qərarı verərkən Əmanətlərin Sığortalanması Fondunun qoyduğu tələblərə uyğun gəlməyən əmanətlərin geri qaytarılması ilə bağlı izahat vermir. Düşünürəm ki, o istiqamətdə xeyli problem yaranacaq. Bəlkə də artıq yaranıb. Bunu necə qaytaracaqlar. Bu xeyli sual yaradıb”.
Altı bankın ləğv olunmasının işsizlik problemini artırdığını deyən N.Əliyev bildirdi ki, amma bu bank onsuz da formal şəkildə qalırsa və işçi bankda oturmaqla maaş ala bilmirsə, o zaman bu fəaliyyətə nə ehtiyac var. “Azərbaycanın bütün bank sistemi pis vəziyyətdədir. Mərkəzi Bankın bankların maliyyə vəziyyətini əks etdirən hesabatı açıqlamaması təsadüfi deyil. Çünki əhali real vəziyyəti dərhal anlayacaq. Hər bir halda Mərkəzi Bankın bu günə qədər keçirdiyi tədbirlərin hələ ki, nəticəsi olmayıb. Bu bir daha göstərir ki, Mərkəzi Bankın hökumətlə birgə həyata keçirdiyi bu tədbirlər manata, banklara olan inamı geriyə qaytarmayıb”, deyə N.Əliyev bildirdi.
Xəyal