Nabatəli Qulamoğlu: «Qərar müəyyən xərclərin azaldılması üçün yuxarıdan verilib»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanları ilə bağlı gözlənilən yeniliklərdən danışarkən imtahanların heç olmasa, 5 fənn üzrə keçirilməsinin zəruri olduğunu deyib. TQDK sədri bildirib ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Fəqət, yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər.
Komissiya sədri deyir ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün bu imtahanlar heç olmasa, 5 fənn üzrə keçirilməlidir. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır:ÿ”Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.
TQDK sədrinin sözlərinə görə, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır:ÿ”Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa, 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik. Bu məsələ ilə bağlı ali məktəblərlə də iş aparılmalıdır.ÿ
Təbii ki, Təhsilin Inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi, ali məktəblərdə kontingentin formalaşdırılması ilə bağlı maddələrə aid işlər tədricən aparılacaq”.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu deyir ki, dünyanın bir sıra ölkələrində buraxılış imtahanlarıyla qəbul imtahanları birləşdirilmiş formada həyata keçirilir. Estoniyada da bu cür qəbul formasının tətbiq edildiyini deyən ekspert, orada nəticələrin eyni olduğunu da vurğulayır: “Buraxılış imtahanı ilə qəbul imtahanının nəticələri eynidir. Sadəcə, buraxılış imtahanı ilə qəbulu ona görə aparırlar ki, orta məktəblərdə təhsilin səviyyəsini yoxlasınlar. Eyni zamanda, qəbul imtahanını ali məktəbə seçim etmək üçün aparırlar. Bizdə isə bu iki imtahanın birləşdirilməsi müəyyən xərcləri azaltmaq məqsədilədir. Onun təhsil sahəsi üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Hər halda, bunu mənfi addım kimi də qiymətləndirmək olmaz. Belə bir forma gec-tez olmalıydı. Lakin bunun mexanizmlərini hazırlamayıblar. Mexanizmi hazırlayandan sonra bu formanı reallaşdırmaq olardı. Qərar müəyyən xərclərin azaldılması üçün yuxarıdan verilib. Burda başqa bir məqsəd yoxdur”.
Nigar