Azərbaycan dövlət büdcəsinə yenidən baxılması hakimiyyət daxilində ziddiyyətləri daha da dərinləşdirib. Məlumat üçün deyək ki, maliyyə naziri Samir Şərifov büdcənin 2 milyard manat artırılacağını deyib. Həmçinin bəlli olub ki, neftin bir barelinin qiyməti 25 dollardan götürüləcək. Qeyd edək ki, bundan əvvəl neftin qiyməti 50 dollardan götürülmüşdü.
Bu halda neft pullarından büdcəyə 6 milyard vəsait daxil olacaqdı. 25 dollardan götürləcəyi təqdirdə isə təbii ki, vəsait əhəmiyyətli dərəcədə azaldılacaq. Bəs o zaman 2 milyard manat hansı mənbələrin hesabına büdcəyə əlavə ediləcək? Böyük ehtimalla bu halda əsas güc Vergilər Nazirliyinin, Dövlət Gömürk Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək. Lakin nəzərə alsaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faiz aşağı düşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür. Zidiyyatlər də məhz bu səbəbdən baş qaldırıb. Yəni, istər bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirlərilə razı deyil. Çünki bu proses onların “vurulması” ilə nəticələnə bilər.