Ədalətli insanlar
10 saylı həbsxanadan Azərbaycan adlı böyük həbsxanada rejim quldurları ilə barışmayan və bu qaydaları pozan bütün demokratik qüvvələrə salamlar.
Bu ölkədə heç bir halda fərqli əqidə sahibi olmaq, fərqli fikir söyləmək olmaz. Hansısa bir əqidə, düşüncə, söz daşıyıcısı varsa, rejim onu ya həbsə atır, ya satın alır, ya da həyatına son qoyur.
Rejim anlamır ki, sözü həbs etməklə insanın düşüncəsini dəyişmək, sözünü buxovlamaq mümkün deyil. Söz sevgidir. Heç bir sədd, dəmir barmaqlıq, qandal – maddi dünyanın təcavüz vasitələrini tanımır.
Bizi həbs etməklə sındıracaqlarını zənn edirlər. Ancaq anlamırlar ki, bizi məhv edərlər, amma sındıra bilməzlər. Sınan insan dirçələ bilməz. Məhv olacaq insanın dirçəlişi də, xilası da həyatın və Allahın qanunları ilə şərtlənib.
Azərbaycan iqtidarı dünyanın bir çox avtoritar rejimlərində baş verən son olaylardan hələ də ibrət dərsi almayıb ki, insanın özü kimi avtoritar rejimlər də zaman üçün çəkisizdir. Zaman onu avtoritar idarəçiliyinə görə vurub yıxandan sonra da heç nə olmamış kimi öz axarı ilə gedir, bir sözlə, hər şeyi zaman həll edir.
Liviya diktatorunun son anları bir daha göstərdi ki, kölələr hər zaman öz sahiblərinin qəbirləri üzərində rəqs etməyi arzulayırlar.
Toplumun idealı, qayəsi olmalıdır ki, fərd də bu ideallardan güc tapsın. Cəmiyyətdə ideallar xaosu yarananda fərdlər yeni ideallar axtarışına çıxır. Bu da yeni dəyişikliklərin başlanğıcıdır. Bu xaosun içindən sıyrılmaq istəyən xalqın inqilab, dəyişikliklər arzusu bəzən fərdin idealına çevrilməsə də, bu və ya başqa səbəbdən özünü onun mərkəzində tapmış olur. Normalda fərd və toplum idealsız yaşaya bilməz. Əks halda ruhunu itirib bir kütləyə, idarə olunan küt topluya çevrilər. Ancaq bu ilin əvvəllərində Azərbaycanda baş verən və indi də davam edən siyasi prosseslər onu göstərdi ki, artıq ideallar üçün yola çıxılıb.
Bizlər öz həbsimizlə Azərbaycanda yeni dönəmin şərəfli başlanğıc tarixini yazdıq. Tarix yazmaq tarixi yaratmaq qədər çətindir və şərəflidir. Biz bunu çiyinlərimizə aldıq.
Nə çoxdur şöhrətin, sərvətin dustağı,
Mində birdir haqqın, ədalətin dustağı,
Siz sevinin ay dostlar, şad olun! Şad!
Min-min dustaq içində təkcə bizik “AZAD”.
Ədalətsiz ölkədə ədalətli insanların yeri ya həbsxanadır, ya da məzar. Bu yolda şəhid olmaq da bizim üçün böyük şərəfdir. Hər açılan səhəri səbirsizliklə gözləyirəm, ümid edirəm ki, açılan səhərin günəşi Azərbaycanı büsbütün dəyişəcək.
Bu məhbəs divarları arxasından dünyada və Azərbaycanda insan hüquqlarının keşiyində duran, bu dəyərlər uğrunda çalışan bütün insanlara sayğılarımı da ifadə etməyə ayrıca gərək hiss edirəm.
Həbs olunduğumuz gündən bu günə kimi məni və digər 17 vicdan məhbusunu müdafiə edən hüquq müdafəçilərinə, QHT-lərə, AXCP başda olmaqla bütün siyasi partiyalara, “Amnesty International”ın timsalında bütün beynəlxaq təşkilatlara, xarici səfirliklərə, “Azadlıq” qəzeti başda olmaqla bütün KIV-lərə öz təşəkkürümü bildirirəm.
Sentyabrın 4-dən bu günə kimi “Amnesty International” təşkilatının təşkilatçılığı ilə dünyanın bir çox ölkələrindən; ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Italiya, Hollandiya, Isveç, Avstriya, Çin, Avstraliya və s. ölkələrdən mənə 500-ə yaxın dəstək məktubları gəlib. Bu məktubların mənəvi cəhətdən mənə çox böyük təsiri oldu.
“Amnesty International” təşkilatının daima Azərbaycanda insan hüquqlarının vəziyyəti, siyasi məhbuslar haqqında verdiyi vicdanlı bəyanatlar bizim mübarizə əzmimizi artırdı. Təşkilatın bu bəyanatları bir daha onu göstərir ki, “Amnesty International” dünyada insan hüquqlarının simvoluna çevrilən bir təşkilatdır.
Cabbar Savalanlı