ARDNŞ-in vitse-prezidenti neft pullarının necə mənimsənildiyini bilmir?
Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Yeni Müsavat”a müsahibə verib. ARDNŞ rəsmisi müsahibədə neft pullarının taleyi ilə bağlı da danışıb. Müsahibədə iki məqam xüsusilə diqqətimizi çəkdi.
Bunlardan biri odur ki, Xoşbəxt Yusifzadə neft pullarının Neft Fondunda saxlanılmasının əleyhinədir: “Mənim fikrim budur ki, pulu orda saxlamağın mənası yoxdur. Görürsən gündə bir dənə hoqqa çıxır. Indi də avronun üstünə düşüblər. Pulu təsərrüfata, sənaye müəssisələrinə qoymaq lazımdır. Gərək pul orda qalmasın”. Başqa bir məqam isə neft gəlirlərindən əhaliyə pay verilib-verilməməsi ilə bağlıdır. Akademik bu barədə deyib: “Neftdən pay istəmək uşaq söhbətidir: ”Indi elə bir vaxtdır ki, gərək biz neftdən istifadə edib qeyri-neft sektorunu genişləndirək. Məsələn, kəndlərdən, rayonlardan şəhərə axın olmasın, hər kəs öz yerində yaşasın. Gərək sənaye inkişaf eləsin. Indi elə vaxtdır ki, nefti camaata paylamaq yox, neftdən gələn gəlirləri elə sahələrə yönəltmək lazımdır ki, hər kəs işləsin”.
Xoşbəxt Yusifzadənin diqqətinə çatdıraq ki, Neft Fondunun nizamnaməsində pulların gələcək nəsillər üçün qorunub saxlanılması xüsusi vurğulanıb. Vitse-prezident nizamnamə hazırlanan bu məqama nədən etiraz etməyib, bəlli deyil. Lakin o bəllidir ki, Xoşbəxt Yusifzadə neft gəlirlərinin dağıdılmasını istəyir. Akademik iddia edə bilər ki, yanlış düşünürük. Amma fakt ondan ibarətdir ki, indiki hakimiyyətin dövründə neft gəlirləri havaya sovrulur. Ona görə də həmin pulları oradan çıxarmağın xalqa heç bir faydası olmayacaq.
Neftdən pay istəməyə gəlincə, Xoşbəxt Yusifzadə burada özü uşaq söhbəti edib. Akademik bizdən də yaxşı bilir ki, onun söylədiklərinin heç biri həyata keçməyib və Azərbaycan iqtisadiyyatının 90 faizi neftdən asılıdır. Digər tərəfdən dövlət büdcəsinin əhəmiyyətli hissəsini də neft pulları tutur. Hökumət neft pullarını əhaliyə birbaşa verməsə də, maaş, pensiya şəklində verir: Qəpik-quruş. Ona görə də Xoşbəxt Yusifzadə uşaq söhbəti etməkdənsə, xalqın sərvətini bu korrupsioner hökumətin əlindən almağın yolları barədə danışsaydı, daha yaxşı olardı.
Azad