Salman Əliyev: «Ciddi araşdırma aparılmadan olayın intihar kimi qiymətləndirilməsi yanlış addımdır»
DIN-in 2 saylı poliklinikasının keçmiş rəisi Namiq Ələkbərovun ölümü ilə bəzi müəmmalı məqamlar var. Bu sözləri “Azadlıq”a DIN-in sabiq əməliyyatçısı Salman Əliyev deyib.
Salman Əliyev diqqəti xüsusilə mərhumun ail üzvlərinin verdiyi ifadələrə diqqət çəkib: “Mən mətbuatdan oxudum ki, onun ail üzvləri ifadələrində bildiriblər ki, Namiq Ələkbərov dekabrın 14-ü saat 01.30 radələrində evdə kompyuterdə işləyirmiş. Bir qədər sonra o, ailə üzvlərinə də heç bir söz demədən evdən çıxıb. Onun xanımı ondan hara getdiyini soruşub. Namiq Ələkbərov isə narahatlığa əsas olmadığını, bir azdan qayıdacağını deyib və təxminən iki saat sonra – saat 03.30 da onun meyiti tapılıb. Hesab edirəm ki, ailə üzvlərinin söylədikləri ciddi araşdırılmalıdır. Ola bilər ki, Namiq Ələkbərov kompyuterdə kiminləsə danışırmış. Bu cinayətin açılması üçün ip ucu ola bilər. Bu məqama xüsusi diqqət yetirilməlidir”.
Salman Əliyev Namiq Ələkbərovun qətlə yetirildiyini istisna etmir: “Bütün versiyalar ciddi yoxlanılmalıdır. Bir məqamı da qeyd edim ki, hüquq-mühafizə orqanlarının ciddi araşdırma aparmadan dərhal bunu intihar hadisəsi kimi qiymətləndirmələri yanlış addımdır”.
Xatırladaq ki, Namiq Ələkbərovun meyiti dekabrın 14-ü
Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında tapılıb. Onun başından aldığı güllə yarasından öldüyü müəyyənləşib. Mərhumun meyitinin yanında “Makarov” tipli tapança da aşkarlanıb.
Namiq Ələkbərovun öz ünvanı isə Bakının Nəsimi rayonunda olub.