Anna Adams: «Həmid Həmidovun kimliyi ilə bağlı dəqiq məlumat yoxdur»
«Niyə kimsə bu qədər pulu azərbaycanlının iştirak etmədiyi Amerika turnirinə yatırmaq istəsin?»
Azərbaycanın adının hallandırıldığı məşhur boks qalmaqalı səngimək bilmir. Qalmaqalla bağlı ən son xəbər odur ki, qarşı tərəf – yəni Beynəlxalq Boks Federasiyası (AIBA) BBC-nin ittihamlarını təkzib edərək bildirib ki, məlum 10 milyon dolları qurumun hesabına Azərbaycandan Həmid Həmidov adlı iş adamı köçürüb. BBC AIBA-nın açıqlaması ilə qənaətlənməyərək öz iddialarının gerçək olduğunu israrla bəyan edir.
Öz növbəsində Beynəlxalq Boks Federasiyasının təyin etdiyi komitə də bu iddiaları – 10 milyon dollarlıq sərmayə əvəzində Azərbaycana gələn il Londonda keçiriləcək Olimpiya oyunlarında iki qızıl medal vəd edilməsini rədd edir. AIBA-nın Xüsusi Təhqiqat Komitəsi sentyabrın 23-də yayımlanmış BBC Newsnight proqramında səslənən məlumatları “əsassız və ağlabatan dəlillərlə sübut olunmayan” kimi dəyərləndirib. Proqrama müraciət edən iki anonim şəxs Azərbaycanın AIBA-ya artıq 9 milyon dollar ödədiyini və əvəzində iki boksçuya Olimpiya medalı vəd olunduğunu bildirmişdi. Azərbaycan da bu ittihamları rədd etmiş və sərmayə razılaşmasının hakimiyyətə dəxli olmadığını bildirmişdi. Proqramın aparıcısı Anna Adams BBC Azərbaycan-a müsahibəsində AIBA-nın apardığı araşdırmaya şübhə etdiyini və Beynəlxalq Olimpiya Komitəsinin apardığı təhqiqatın nəticələrini gözlədiyini deyib: “Müstəqil adlandırdıqları bu araşdırmanı bizim təhqiqatımızda adları hallanan adamlar aparıb. Bu araşdırmanın aparılması üçün komissiya üzvlərini AIBA prezidenti Çin Ku Vu təyin edib. Onun özü sərmayə razılaşmasını imzalayan adamdır. Başqa sözlə, onun təyin etdiyi adamlar onun özünü araşdırmalı idi. Belə bir araşdırma necə müstəqil və tərəfsiz ola bilər?”.
Anna Adams bildirib ki, onlarda hələ də H.Həmidov barəsində dəqiq məlumat yoxdur: “Biz onlarla əlaqə saxladıq. Dedik ki, Həmid Həmidov haqqında məlumat versinlər. Onlar onun özəl sərmayəçi olmasından başqa bir söz demədilər. Niyə kimsə bu qədər pulu azərbaycanlının iştirak etmədiyi Amerika turnirinə yatırmaq istəsin? Ona sərmayəsinin əvəzində mənfəət də vəd edilməyib. Bütün bunlar çoxlu suallar doğurur. Çəkdiyimiz videodakı bütün materialları olduğu kimi onlara verdik və verilişin mətnini təqdim etdik. Bundan başqa AIBA-ya müsahibə apardığımız iki adamla danışmaq imkanı yaratdıq. Amma AIBA həmin adamlarla əlaqə saxlamadı. Iki nəfər anonim şəxsə gəlincə, onların kontaktlarını AIBA-ya vermədik. O da yalnız ona görə ki, onlar AIBA-yla görüşsəydilər, özləri üçün təhlükə olacağından qorxdular. Beynəlxalq Olimpiya Komitəsinin istintaqı yeganə araşdırmadır ki, biz onun nəticələrini görməkdə çox maraqlıyıq. Bu müstəqil təhqiqat olacaq. Biz onlarla bu həftə danışmışıq. Bizə deyiblər ki, hələ araşdırmaları davam edir. Ümid edirlər ki, nəticələrlə bağlı bizimlə yeni ildə əlaqə saxlayacaqlar”.
Maraqlısı odur ki, 10 milyonun sahibi kimi təqdim olunun şəxsin – Həmid Həmidovun kimliyi bugünə qədər qeyri-müəyyən qalır. Bir yarışmaya bu qədər vəsait sərf edən insan sözsüz ki, geniş varidata və imkanlara sahib birisidir. Amma nədənsə bu zəngin azərbaycanlı iş adamını ictimaiyyət arasında heç kim tanımır. Halbuki Azərbaycan kimi yerdə bu cür adamların kimliyi ilə bağlı suallar olmur.