AXCP bəyanat verdi: “Baş verənlər Azərbaycanı idarə edənlərin insanlıqdan nə qədər uzaq düşüdüyünü göstərir”
AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli ötən gün Lənkəran rayon məhkəməsinin qərarı ilə 10 sutkalıq həbslə cəzalandırılıb. Həbs üçün bəhanə 15 dekabrda Lənkəran ağır cinayətlərə dair məhkəmədə oğlu Vasifin işi ilə bağlı prosesdə yaradılan süni insident götürülüb. Həmin məhkəmədə Təzəxan Mirələmli özü və oğlu təhqir və təzyiqlərə məruz qalıb, zorakılıqla üzləşib.
Bu, T.Mirələmlinin oğulu ilə bağlı ikinci həbsidir. İyul ayında da o həbsdəki oğluna yemək vermək istəyərkən təxribata çəkilərək saxta ittihamla həbs edilmişdi.
AXCP T.Mirələmlinin həbsi ilə bağlı bəyanat verərək xatırladır ki, o, 2010-cu il parlament seçkisində “AXCP- Müsavat” blokunun namizədi olduğu gündən hakimiyyətin kəskin münasibəti ilə üzləşib. Yerli hakimiyyət nümayəndələri ona siyasi mövqeyindən əl çəkmək üçün müxtəlif şirnikləndirici, bunlar effekt verilməyən də isə hədələyici mesajlar verib.
Bəyanatda deyilir ki, T.Mirələmli İctimai Palatanın 2 aprel mitinqində iştirakı zamanı dəhşətli işgəncələrlə üzləşib, ağır fiziki xəsarət alaraq xəstəxanada bir müddət müalicə alıb. Həmin müddətdə onun ailəsi mənəvi terrora məruz qalıb, məktəbli oğlu aramsız və aşağılayıcı təhqirlərə təxribata çəkilərək həbs olunub.
Fiziki və mənəvi təzyiqlər qarşısında mövqeyindən əl çəkmədiyinə görə işlədiyi orta məktəbdə T.Mirələmliyə qarşı Cəlilabad rayon təhsil şöbəsinin göstərişi ilə provakasiya hazırlansa da, bu məkrli plan dərhal ifşa olub ictimailəşdi. Videogörüntüləri internetdə yayılan həmin plana görə T.Mirələmlinin guya məktəbdə dava etməsi barədə akt tərtib olunmalı və bu akta əsasən polis onu həbs etməli idi.
Bu ifşadan sonra T.Mirələmli heç bir əsas olmadan çalışdığı pedoqoji kollektivdən də uzaqlaşdırılıb. Onu yaşadığı kəndə buraxmamaq barədə də icra hakimiyyəti “zəhmətkeş” məktubları hazırladıb.
T.Mirələmliyə bu gün baş verən özbaşınalığı yuxarıda sadalanan təzyiq kampaniyasının davamı kimi qiymətləndirən AXCP bəyan edir ki, hakimiyyətin öz vətəndaşına qarşı çirkin yollarla qisasçılıq aparması qanunsuzluq və mənəviyyatsızlıqdır.
AXCP T.Mirələmli və onun ailəsinə qarşı baş verənləri qanunsuzluq, özbaşınalıqla yanaşı dövlət hakimiyyətinin cılızlığı kimi dəyərləndidir. Məğrur bir vətəndaşına qarşı dövlətin bütün gücü ilə repressiya siyasəti aparmasını partiya ikrahla qarşılayıraq bildirir ki, bu hadisələr Azərbaycanı idarə edənlərin insanlıqdan nə qədər uzaq düşüdüyünü göstərir.
AXCP hakimiyyətdən T.Mirələmliyə, onun ailəsinə qarşı hüquq və mənəvi dəyərlər çərçivəsinə sığmayan cılız addımları dayandırmağı, bu ailənin yaşayışı üçün yaradılıan dözülməz vəziyyətin dərhal dəyişdirilməsini tələb edir.
AXCP ölkədəki yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarını T.Mirələmliyə qarşı aparılan açıq və mənəviyyatsız repressiyaların dayandırılması üçün fəaliyyətə səsləyir.
***
AXCP fəalının həbsinə hazırlıq görülür
Hüquq-mühafizə orqanları Təzəxan Mirələmliyə qarşı səfərbər oldular
Lənkəranda məhkəmə şousu başlandı
AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli ötən gün növbəti təxribata tuş gəlib. AXCP fəalı Lənkərandakı Ağır Cinayətlər Məhkəməsində təhqirlə üzləşib, ardınca da həbs olunaraq polisə aparılıb. Hadisə Təzəxan Mirələmlinin oğlu Vasifin məhkəməsində baş verib.
Yada salaq ki, bu il Ictimai Palatanın 2 aprel aksiyasında fəal iştirak edib, polis zorakılığı nəticəsində xəsarət alan Təzəxan Mirələmlinin müxalifətçi mövqeyilə əlaqədar onun iki övladı – Cəlilabad şəhər 7 saylı məktəbin 8-ci sinif şagirdi olan Vasif və 7-ci sinif şagirdi olan Vahid aprelin 4-də məktəbin 10-cu sinif şagirdlərindən bir qrupunun fiziki və mənəvi təzyiqlərinə məruz qalıb. Bu hadisə aprelin 5-də də təkrar olunub və Vasif Mirələmovla insident yaradan Cavanşir Həsənli bıçaq yarası alaraq vəfat edib.
Bu cinayət işi üzrə keçirilən dünənki məhkəmə iclasında Təzəxan Mirələmli 15 yaşlı oğluna qarşı təzyiqlər başladığını diqqətə çatdırıb. Zərərçəkən tərəfin adamları zala daxil olarkən həm Vasifi, həm də atası Təzəxan Mirələmlini təhqirlərə məruz qoyublar. Hakim isə buna qarşı heç bir tədbir görməyib.
Bundan başqa, Vasif Mirələmli ittiham tərəfin istədiyi kimi ifadə verməsi üçün yeniyetmə prokurorun və məhkəmə icraçılarının təzyiqləri, hədə-qorxuları ilə üzləşib. Təzəxan Mirələmli isə məhkəmədə baş verən bu özbaşınalıqlara son qoyulmasını tələb edəndə onun özünü məhkəmə zalından çıxarıblar. Məhkəmə zalındakı gərginliyin, həmçinin ona yönələn təzyiqlərin nəticəsi olaraq, Vasif Mirələmovun səhhəti pisləşib. Bunu eşidən Təzəxan Mirələmov oğlu ilə görüşmək istəyib, lakin ona imkan verilməyib.
Hakim isə məhkəmə iclasını tələsik yekunlaşdırıb.
“Turan”ın məlumatına görə, təzyiqlər bununla bitməyib. Məhkəmə icraçısı olan Nəzifə adlı qadın, eləcə də mülki geyimli Vüsal adlı şəxs Təzəxan Mirələmliyə qarşı təzyiqləri məhkəmə zalından kənarda da davam etdiriblər. Nəzifə adlı qadın Vasif Mirələmova qarşı tədbir görülməsini tələb edib. Yenə də həmin qadın Təzəxan Mirələmlinin onları, dövlət rəhbərlərini təhqir etməsi haqda akt hazırlayaraq polisə təqdim edib. Bunun nəticəsində Təzəxan Mirələmlini Liman qəsəbə polisinə aparıblar. Orada Təzəxan Mirələmliyə bu saxlanmanın polislə bağlı olmadığını, “yuxarı”nın tapşırığının nəticəsi olduğunu desələr də, konkret ad çəkməyiblər.
Axşam saatlarında Təzəxan Mirələmli bölmədən buraxılıb. O bildirib ki, polis bölməsində ondan, şahid qismində polis bölməsinin bağbanından və digər iki polis əməkdaşından izahat alınıb: “Həmin polis işçiləri izahatlarında yazdılar ki, guya mən onlardan birinin paqonunu sökmüşəm”.
Mirələmlinin sözlərinə görə, izahatı alınandan sonra ona dekabrın 16-da səhər saatlarında yenidən polis bölməsinə gəlmək tapşırılıb və o, bölmədən buraxılıb.
Natiq