Dövlət Taxıl Fondundakı ehtiyat buğda ilə qiymətləri ən azı 2 il qoruyub saxlamaq olardı
Vahid Məhərrəmov: «Sahibkarlara barmaq silkələmək, onları «natəmiz insanlar» adlandırmaq əvəzinə, onlara dəstək olmaq lazımdır»
Manatın ikinci devalvasiyası ölkədə ərzaq məhsullarının sürətli artımına səbəb oldu. Ən vacib gündəlik təlabat məhsullarının da qiymətinin artması sosial baxımdan həsas kəsimin durumunu bir qədər də ağırlaşdırdı. Halbuki devalvasiya qərarı ilə vətəndaşın onsuz da cibinə girən hökumət bir sıra məhsulların qiymətini saxlamaqla böhranın daha sarsıdıcı olmasının qarşısını ala bilərdi. Axı, 700 min tonluq taxıl ehtiyatı məhz bu cür situasiya üçün nəzərdə tutulmuşdu. Niyə böhranın ilk günlərindən biz çörəyin qiymətinin bahalaşmasını, çörəyin çəkisinin azalmasını müşahidə etdik.
Və ya bu sıraya kənd təsərrüfatı məhsullarını da aid etmək olar.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, son günlər bütün ərzaq mallarının və kənd təsərrüfatı məhsullarının qiymətlərində çox ciddi artımlar baş verib. V.Məhərrəmov hesab edir ki, hökumət bir çox məhsulların qiymət artımının qarşısını vaxtında almalı idi: “Belə ki, bazara çıxarılan ərzaq buğdasının, unun, çörəyin, un məmulatlarının qiymət artımının qarşısının alınması üçün hökumət bu istiqamətdə dövlət büdcəsi hesabına Dövlət Taxıl Fondunun (DTF) buğda ehtiyatını 750 min tona çatdırıb. Xatırladım ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş ”Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 4-cü maddəsinə görə, “Fonddan taxılın istifadəsi fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir”. Onu da qeyd etməliyəm ki, dünyada adambaşına 90 kiloqram ərzaq buğdası istehsal olunsa da bunun 20 faizi ehtiyat kimi saxlanılır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda adambaşına 330 kiloqram buğda düşür. Əgər Dövlət Taxıl Fondunda ehtiyat buğda 750 min tondursa, hökumət bu qədər buğda ilə əvvəlki qiymətləri ən azı 2 il qoruyub saxlaya bilərdi. Görünür hökumət məmurları strateji əhəmiyyət kəsb edən buğda ehtiyatından da gəlir əldə etmək məqsədi güdürlər”.
V.Məhərrəmovun fikrincə, yerli mal, məhsul istehsal edən sahibkarları və əhalinin az təminatlı hissəsini qorumaq məqsədilə hökumət xüsusi anti-böhran proqramı hazırlayıb qəbul etməli idi. “Həmin proqram çərçivəsində fermerlərin, kəndlilərin istehsal etdikləri məhsulun bir hissəsini satın almaqla, nisbətən ucuz qiymətə bazara çıxarılmasını təşkil edə bilərdi. Misal üçün süd, ət, yumurta, kartof, soğan və sair məhsulların bazarda qiymətlərinin nisbətən stabil saxlanmasına nail ola bilərdi. Hökumət yerli məhsul istehsalı və satışı ilə məşğul olan sahibkarlara barmaq silkələmək, onları ”natəmiz insanlar” adlandırmaq əvəzinə, dəstək olsa daha yaxşı olar”, deyə V.Məhərrəmov vurğuladı.
Xəyal